Bakı Dövlət Universitetində (BDU) 600-dən çox bal toplayan I kurs tələbələri ilə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərin əziz xatirəsi anılıb.
Görüşdə BDU-nun rektoru Elçin Babayev qalib ölkənin vətəndaşları olmağın qürur doğurduğunu vurğulayıb. “Azərbaycanın şanlı Zəfəri dünya tərəfindən qəbul olunub. Mənfur Ermənistanın genişmiqyaslı təxribatlarının davam etdiyi və şanlı Ordumuz tərəfindən bu təxribatlara layiqli cavab verildiyi, şəhidlərimizin olduğu bir vaxtda daha çox birləşmək lazımdır. Bu birlik bütün sahələrdə öz əksini tapmalıdır”,- deyə rektor bildirib.
E.Babayev tələbələrin Azərbaycanın daha da qüdrətlənməsi, güclənməsi naminə səylərini birləşdirərək bütün sahələrdə elmli, təhsilli, vətənpərvər kadr kimi yetişməli olduqlarını söyləyib. Ümummilli lider Heydər Əliyevin “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdığı və xalqımızın maariflənməsində, milli təfəkkürünün, milli özünüdərkinin formalaşmasında müstəsna rol oynayan BDU-nun bu gün də flaqman rolunu uğurla davam etdirdiyini deyən rektor universitetin tarixi keçmişi, müasir inkişaf mərhələləri, beynəlxalq əlaqələri barədə məlumat verib. 284 tələbənin BDU-ya 600-dən çox bal toplayaraq qəbul olunduğunu vurğulayan E.Babayev onların hər birinə yaxşı mütəxəssis olmağı, Azərbaycanın Zəfər günlərini gələcək nəsillərə ötürməyi tövsiyə edib.
Rektor yüksək bal toplayan tələbələrin elmi-tədqiqat işlərinə cəlb edilməsi, elmi, yaradıcılıq və tədqiqatçılıq vərdişlərinin aşılanması, elmi tədqiqatlarda real iştirakının təmin olunması məqsədilə yeni yaradılan mərkəzlərin fəaliyyətinə diqqət çəkib.
BDU-nun Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, hüquq elmləri doktoru, Əməkdar hüquqşünas Məsumə Məlikova, universitetin İctimai Nəzarət Şurasının sədri, Milli Məclisin deputatı Arzu Nağıyev, BDU-nun professoru, AMEA-nın müxbir üzvü Təhsin Mütəllimov, Milli mətbuat tarixi kafedrasının müdiri professor Cahangir Məmmədli, Milli Məclisin deputatı Əminə Ağazadə, universitetin Geologiya fakültəsinin dekan müavini İlqar Quliyev çıxışlarında tələbələrə XXI əsrin çağırışlarına cavab olaraq elmli, təhsilli, güclənmiş dövlətimizə layiq vətəndaş kimi yetişməyi tövsiyə ediblər.
Sonra I kurs tələbələri adından 687 balla BDU-nun Hüquq fakültəsinə qəbul olunmuş Nəcməddin Orucov, 676 balla BDU-nun Mexanika-riyaziyyat fakültəsini seçmiş Alsu Mehdiyeva öz təəssüratlarını bölüşüb, yeni tədris ili ilə bağlı tədbir iştirakçılarını təbrik ediblər.