Böyük Britaniyanın Koventri Universitetində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşan "Bakı prosesi”nin həyata keçirilməsi üzrə İşçi qrupunun iclası keçirilib, eyni zamanda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu barədə təqdimat olub. Mədəniyyət və Turizm Nazirliyindənverilən xəbərə görə, görüşdə 2017-ci ildə Bakı şəhərində keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı müzakirə edilib.
Qeyd edək ki, Koventri Universiteti mədəniyyətlərarası dialoq üzrə Bakı prosesi çərçivəsində həyata keçirilmiş layihə və qlobal forumların əhəmiyyətini yüksək qiymətləndirərək, bu sahədəki fəaliyyətinə görə Azərbaycan tərəfini xüsusi diploma layiq görüb. 2013-cü ildən Koventri Universitetinin Sülh, Etimad və Sosial Münasibətlər İnstitutu "Bakı prosesi”nin beynəlxalq səviyyədə həyata keçirilməsi üzrə məsləhətçi funksiyasını yerinə yetirir.
Koventri Universitetinin Sülh, Etimad və Sosial Münasibətlər İnstitutunun direktoru Mayk Hardi tələbələr qarşısında çıxışı zamanı "Bakı prosesi”nin Azərbaycan Prezidenti tərəfindən irəli sürülən bir təşəbbüs olduğunu və qlobal mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığı nəzərdə tutduğunu diqqətə çatdırıb.
Səfər çərçivəsində Ə.Qarayev Koventri Universitetinin Sülh, Etimad və Sosial Münasibətlər İnstitutunda mədəniyyətlərarası dialoqun tədrisi ilə tanış olub və fikir mübadiləsi aparıb.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı il aprelin 25-dən 27-dək Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsi tərəfindən 7-ci Qlobal Forumun hazırlıq işləri ilə əlaqədar beynəlxalq qurumlarda və xarici ölkələrdə müvafiq təbliğat və təşviqat tədbirləri həyata keçirilir.