Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində bu ölkədə fəaliyyət göstərən azərbaycanlı icması ilə görüş keçirilib.
Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov açıb. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Komitə əməkdaşlarının mütəmadi olaraq xarici ölkələrdə yaşayan azərbaycanlılarla görüşlər keçirdiyini vurğulayan sədr soydaşlarımızı 18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə olunan parlaq və şanlı Zəfərin birinci ildönümü münasibətilə də təbriklərini çatdırıb və həmin dönəmdə Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq naminə nümayiş etdirdikləri birlik, həmrəylik və fədakar fəaliyyətə görə diaspor nümayəndələrinə minnətdarlığını bildirib.
Son illər bu ölkədəki Azərbaycan diaspor nümayəndələrinin təşkilatlanmasında, yaşadıqları cəmiyyətə inteqrasiyasında, təhsil və sosial vəziyyətlərində irəliləyiş müşahidə olunduğu vurğulanıb.
Daha sonra BƏƏ-dəki Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb və müxtəlif təkliflər səsləndirilib.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə və elektron resurslarına həsr edilmiş videoçarxlar nümayiş olunub.
Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının BƏƏ üzrə əlaqələndiricilərinin seçilməsi ilə yekunlaşan görüş bayram tədbiri ilə davam edib.