Hörmətli Sədr, əziz həmkarlar,
BMT Baş Assambleyasının 1948-ci il 423-saylı Qətnaməsi ilə 10 dekabr İnsan Hüquqları Günü kimi qeyd edilir. Universal xarakter daşıyan insan hüquqları ən ali dəyər olsa da, təəssüf ki, ötən 76 ildə bu istiqamətdə həmişə ikili standartlar hökm sürüb.
Sirr deyil ki, 1991-ci ilə qədər insan haqları və demokratiya Sovet sistemi ilə mübarizədə əsas rıçaq kimi çıxış edirdi. Baxmayaraq ki SSRİ-ni xalqların həbsxanası hesab edən Qərbin özündə hələ də irqi ayrı-seçkilik hökm sürməkdə və bütün qitələri əhatələyən böyük coğrafiyada xalqlar müstəmləkə zülmünə məruz qalmaqdadır. Sovetlərin yıxılması ilə isə Qərb insan haqlarını faktiki inhisarında olan təcavüz alətinə çevirib.
Bu gün dünyada harda qan tökülürsə, demokratiya və insan haqları adına edilir. Harda işğal və təcavüz varsa, bu adla pərdələnir. Amma gəl ki, saxtakar Qərb informasiya maşını və Azərbaycandakı tör-töküntüləri bu məsələni elə təqdim edirlər, sanki demokratiya cihadı edirlər.
Məsələn Kərimli adlı ünsür Sorosun maliyyələşdirdiyi muzdlu mediada hər gün Qərbin dəstəklədiyi Ukrayna hakimiyyəti və Gürcü müxalifətini öyən məzmunsuz yazılar paylaşır. Düzdü vay o qüvvənin halına kı, onun müdafiəçisi Kərimlidir ,amma istənilən halda sən insan haqqından danışırsansa, bir dəfə də Qlobal Bakı Prosesindən danış, Fransa müstəmləkələrindən yaz, bir dəfə ABŞ-nin Demokratlar iqtidarının törətdiyi faciələrdən danış.
Bu gün Rusiyanı tənqid etməyə nə var, cəsarətiniz çatır Qərbin ikili standartlarından, Ermənistana hərbi missiya göndərən Aİ-dən danış. Danışa bilmirsən, çünki danışmağa …. cəsarətləri çatmır.
İndi Suriyada rejimin devrilməsindən fərəhlənirlər, güya öz aləmlərində əmsal gətirməyə çalışırlar. Amma ay yazıqlar, Azərbaycan xalqı bu prosesdən hələ 1993-cü ildə keçib, hakimiyyəti zorla zəbt etmiş AXC-Müsavat iqtidarının rüsvayçı şəkildə tarixin zibilliyinə atılması elə xalq inqilabı idi, sadəcə Heydər Əliyev kimi bir müdrik Liderin mövcudluğu bizdə prosesləri qansız-qadasız ötüşdürdü və məhz onun humanistliyi nəticəsində sağ qaldız.
İndi yeni bir siyasi məhbus tandem atıblar gündəmə. Kimdir siyasi məhbus?
Jurnalist, yaxud siyasətçi olmaq niyə ayrıcalıq sayılmalıdır? "Meydan TV" kimi muzdlu bir şəbəkənin qanunsuz əməllərinə onlar jurnalistdir deyib göz yummalıyıqmı?
Yaxud kimsə Qərbin tezislərini facebook səhifəsində paylaşmağı siyasi fəaliyyət kimi təqdim edəcəksə, həmin şəxs barəsində bütün əsaslı şübhələri kənara qoyaq ki, kişi siyasətçidir?
Son vaxtlar bəzi Qərb səfirləri bu prosesdə aktivləşib, amma 30 il, milyon yarım azərbaycanlının haqqını görməzdən gələnlər hansısa vətəndaşın müdafiəsində nə qədər səmimi ola bilər?
Ona görə heç kim bizə nağıl danışmasın, bu gün, insan hüquqlarının ən səmimi müdafiəçisi 1 milyon məcburi köçkünün təməl haqlarını bərpa etmiş, 350 minlik Qərbi Azərbaycanlının haqlarının müdafiəsinə qalxan, dünyada vaksin millətçilyinin qarşısını alan, müstəmləkəçiliklə mübarizəyə liderlik edən Azərbaycan və onun prezidenti cənab İlham Əliyevdir.
Bəhruz Məhərrəmov
Milli Məclisin deputatı