Belarus xalqı Azərbaycanı Cənubi Qafqazda sülhün qarantı hesab edir

Bu gün Azərbaycan suverenliyini tam bərpa etmiş dövlət olaraq ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünə hörmət nümayiş etdirən bütün dost dövlətlərlə, tərəfdaşlarla eyni bərabər və qarşılıqlı etimada əsaslanmış siyasətə öz sadiqliyini ifadər edir. Belarus Respublikası o dost dövlətlərdəndir ki, bu günə qədər Azərbaycanın ərazi bütövlüyünü tanımış, hər zaman ölkəmizin haqlı və ədalətli işinə siyasi müstəvidə dəstək vermişdir.

Ümumiyyətlə Azərbaycan və Belarus təkcə dost deyil, həm də mühüm strateji tərəfdaşdırlar. Bu münasibətlərin formalaşmasında və inkişafında dövlət başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır.

Bu günlərdə keçirilən görüşlər Azərbaycanla Belarusiyanın bir-birinə daha yaxın olması və xalqlarımızın daha da sıx dostluq etməsinə nəinki şərait yaradır, eyni zamanda gələcək böyük uğurların təməlini qoyur. 16-17 may 2024-cü il tarixlərində Belarusiyanın Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasının növbəti təzahürü idi.

Səfər çərçivəsində Belarus Prezidentinin Azərbaycan Prezidenti ilə ikitərəfli, eləcə də hökumət nümayəndələrinin iştirakı ilə geniş tərkibdə görüşlər keçirməsi artıq hər iki müstəqil dövlətin münasibətlərində yeni bir dövrün başladığını ortaya qoyur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Aparılan danışıqlar - təkbətək və geniş tərkibdə görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir.”

Bu dövr hər iki dövlət başçısı vurğuladığı kimi, bu günə qədər formalaşmış qarşlıqlı etibar, hörmət və strateji dostluq münasibətlərini daha da inkişaf etdirmək, Cənubi Qafqaz regionunda söz sahibinə çevrilmiş, lokomotiv qüvvə hesab olunan Azərbaycanla daha dərindən iqtisadi-ticari münasibətləri inkişaf etdirməyi hədəfləyir.

Bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə doqquz dövlət əhəmiyyətli sənəd imzalanmışdır. Gömrük fəaliyyətində xüsusi istiqamətləri əhatə edən hökumətlərarası sənədlərin imzalanması, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Belarus Respublikasının İdman və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üzrə Tədbirlər Planı” və “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Belarus Respublikasının İqtisadiyyat Nazirliyinin “İnvestisiya və Özəlləşdirmə Milli Agentliyi” Dövlət Müəssisəsi arasında Anlaşma Memorandumu” onu deməyə əsas verir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında bərpa, yenidənqurma işlərində Belarusiya öz potensialı ilə yaxından iştirak edəcək, eləcə də dost Belarus və Azərbaycan xalqları arasında hərtərəfli münasibətlərin dərinləşməsi üçün şərait yaranacaqdır.

Aleksandr Lukaşenkonun səfəri çərçivəsində işğaldan azad olunmuş ərazilərimizdə olması, xüsusilə Şuşa və Füzuli şəhərlərində Azərbaycanın təkbaşına həyata keçirdiyi quruculuq prosesinə şahidlik etməsi, habelə bu işlərdə səmimi olaraq öz yardımlarını ifadə etməsini iki ölkə arasında iqtisadi əməkdaşlıq çərçivəsində görüləcək gələcək işlərin təməli kimi qiymətləndirmək olar.

Beləliklə, müşahidə etdiyimiz dostluq münasibətləri, keçirilən görüşlər bu gün Cənubi Qafqazda sülh və davamlı inkişafın təmin olunmasına, habelə hər iki ölkə xalqlarının rifahı naminə böyük işlərin uğurla davam etdirilməsinə rəvac verir.

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası

Milli Məclisinin deputatı