Bənövşəyi xətdə isə  6 yeni stansiya inşa ediləcək

“Dərnəgül elektrik deposu həm də metro stansiyası kimi fəaliyyət göstərəcəkdir”.

Sabahinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin tikinti layihələrinin idarə olunması departamentinin rəis müavini Məmməd Rzayev bildirib. 

Onun sözlərinə görə, ərazidə sərnişin platforması, platformanın davamı olaraq, sərnişinlərin təhlükəsiz və rahat hərəkətini təmin etmək məqsədilə mövcud yerlatı piyada keçidinə qədər hissədə yeni yeraltı piyada keçidi inşa ediləcəkdir ki, sərnişinlər depo stansiyasında qatardan endikdən sonra yeraltı piyada keçidi vasitəsilə həm Abay Kunanbayev küçəsinə, həm də əks tərəfdən çıxa biləcəklər.

Bildirib ki, deponun ərazisində eyni zamanda, işçilər üçün istirahət zonaları, söhbətgahlar, idman meydançası, yaşıl parkların, avtomobil dayanacağının inşası nəzərdə tutulmuşdur.  

“Məlumat üçün bildirirəm ki, inşaat işlərinin davam etdirilməsinə başlanmışdır. Dərnəgül elektrik deposunun tikinti-quraşdırma işləri təsdiq edilmiş qrafik üzrə, gecikmədən, əsasən də keyfiyyət prinsiplərini qorumaq şərtilə icra ediləcəkdir”.

Nəzərə çatdırılıb ki, 10 stansiya rasında olan “Ağşəhər” və NZS qəsəbəsində tikiləcək  stansiyalar xətlərin ayrılmasını tamamlamaq və intervalı azaltmaq üçün çox vacibdir. 

“Bənövşəyi xətdə isə  6 yeni stansiya inşa ediləcək. Nəticədə bu xətdə də intervallar azaldılacaq. “Nizami” və “Sahil” stansiyalarında Yaşıl və Qırmızı xətlərlə keçidlər yaradılacaq. Dövlət proqramının yekununda isə sərnişindaşıma metronun gücü 88 milyon nəfər artırılacaq”.