Bərdədə mal-qara oğurlayan dəstə ələ keçib.
Sabahinfo.az xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qazaxlar, Mehdili, Mustafaağalı, Tumaslı kəndlərindən ayrı-ayrı vaxtlarda müxtəlif vətəndaşlara məxsus mal-qara oğurlayan 3 nəfər saxlanılıb.
Araşdırmalarla oğurluq əməllərini törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini Rövşən Oruczadə, onun tanışları, Neftçala rayon sakini Atakişi Əliyev və Bərdə rayon sakini Səbuhi Ələsgərovun əvvəlcədən əlbir olaraq bir qrup şəxs halında Bərdə, Tərtər və Neftçala rayonlarından müxtəlif vaxtlarda vətəndaşlara məxsus iribuynuzlu və xırdabuynuzlu heyvan oğurladıqları məlum olub.
Dindirmə zamanı onlar oğurladıqları mal-qaranı satıb əldə etdikləri pulu öz aralarında böldüklərini etiraf ediblər.
Oğurluq əməlini törətməkdə şübhəli bilinən hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda onların digər analoji cinayət əməllərinin olub-olmadığı araşdırılır.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.