“7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar Prezident seçkiləri, indiyədək olan bütün seçkilərdən fərqlənir. Bu, ölkənin siyasi tarixində böyük hadisədir. “Bərəkət” İctimai Birliyinin üzvləri bu tarixi prosesin bir hissəsinə çevrilmək üçün və güclü Azərbaycan naminə səsvermə günü seçkilərdə İlham Əliyevi dəstək verəcəklərini ifadə edirlər!”.
"Sabahinfo.az" xəbər verir ki, bu fikirləri “Bərəkət” İctimai Birliyinin 7 fevral Prezident seçkilərinə dair bəyanatında əksini tapıb.
Sözügedən bəyanatı şərh edərkən ictimai birliyin sədri, iqtisad elmləri doktoru, professor Niyazi Həsənov deyib ki, postmüharibə dövrünə qədəm qoymuş ölkəmiz, interaktiv təhlil bacarıqlarına malik vətəndaş cəmiyyətinə ehtiyac duyur. Çünki dövlətin həyata keçirdiyi strategiya toplumun sosial-iqtisadi tələbatlarını təmin edir və növbəti mərhələlərin dayanıqlı və davamlı olması vətəndaş cəmiyyətlərinin öhdəliyidir:
“Dünyada çox nadir ölkələr tapmaq mümkündür ki, 30 illik müstəqillik tarixində müharibə şəraitində yaşayıb, işğala məruz qalsın və ədaləti bərpa edərək torpaqlarını işğaldan azad edərək dağıdılmış ərazilərdə bərpa və yenidən quruculuq işləri həyata keçirsin. Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən elan edilmiş qrant mövzuları vətəndaş cəmiyyətlərinin postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərdə, sosial-iqtisadi inkişafın və davamlı sülhün bərqərar olmasına xidmət edir. İcra edilən layihələrin səmərəliliyi ölkədə vətəndaş cəmiyyəti institutlarına inamı artırır və daha möhkəm olmasına xidmət edir”.
“Vətən müharibəsinin gedişində ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların və vətəndaş cəmiyyəti institutlarının, dövlətimizin mövcud siyasi konsepsiyası ilə həmrəy olması və hərbi əməliyyatların aparılması üçün verilən dəstək, həmçinin siyasi ideoloji yetkinlik Ali Baş komandana olan rəğbətin və sonsuz inamın sübutu idi”,-deyə bildirən Niyazi Həsənov qeyd edib ki, dünyada və ölkəmizdə sülhün daimi olması üçün çağırışlar edən siyasi liderin hər zaman dəstəklənməsi cəmiyyətin insanlıq vəzifəsidir:
“Hazırda, suverenliyimiz tam bərpa olunub. Müstəqil Azərbaycanın ərazi bütövlüyü təmin olunması istiqamətində müstəsna xidməti olan müzəffər Ali Baş komandanın ilk dəfə ölkənin bütün ərazilərində keçirilən seçkidə Birlik tərəfindən dəstəklənməsi parlaq yeni dövrə inamdan irəli gəlir”.
Qeyd edək ki, “Bərəkət” İctimai Birliyi ölkənin ictimai-siyasi və iqtisadi fəaliyyətinə dəstək olan vətəndaş cəmiyyətidir. Birlik üzvləri qlobal dünyada gedən prosesləri mütəmadi izləyərək beynəlxalq siyasi arenada baş verən dəyişikliklərin əsasında təhlil və araşdırmalar aparır. Ölkədə və regionda baş verən sosial və iqtisadi proseslər peşəkar alimlər tərəfindən beynəlxalq metodologiyalara əsaslanan metodlarla daim təhlil edilir və əldə edilən nəticələr əsasında Birliyin gələcək illik fəaliyyəti müəyyən edilir.