Azərbaycanın "Eurovision” təmsilçisi Diana Hacıyeva ötən gün Kiyev səhnəsində ilk məşqini edib.
Sabahinfo.az xəbər verir ki, "Skeletons” mahnısı üçün hazırlanan səhnə şousu avropalıların sevgisini qazanıb. Ekspertlər bildirib ki, birinci yarımfinalda ən uğurlu çıxış Portuqaliya (Salvador Sobral) və Azərbaycan (Dihaj) təmsilçilərinindir.Diananın final gecəsi münsiflərdən xalı çox olmasa da, tamaşaçı səsverməsində ön pillələrdə yer alacağı deyilir.
Bəs görəsən, Dihajın şousunda hansı mesajlar verilir?
İlk öncə qeyd edək ki, şounun xoreoqrafı Əməkdar artistNailə Məmmədzadədir. Səhnədə ümumilikdə 6 nəfər yer alıb. Diana və at başlıgənc əsas, digər 4 nəfər isə köməkçi obrazlardır.
Səhnədə sinif otağı qurulub və yazı taxtasında şüarlar qeyd edilib. "Təxəyyül”, "hissiyyat”, "hazırcavab”, "pis oğlan” kimi sözlər yazılıb. Dihajın sağında pilləkən yerləşdirilib və üzərində başında at təsviri olan rəqqas yer alıb.Belə təsəvvür olunub ki, oğlan özünü yüksəkdən tutur və Diananın fikirlərinə önəm vermir.
Dihaj isə ona sinif otağında sevgini fəlsəfi baxımdan başa salmağa çalışır və onu öz səviyyəsinə endirməyə cəhd edir. Hətta rəqs zamanı Diana emosional şəkildə "maskalı pis oğlan”a etirazını bildirir. Lakinat başlı gənc dikbaşlığını qoruyur, pencəyini düzəldir və onun fikirlərini önəmsəmir.
Şoudan görünür ki, oğlan yavaş-yavaş pilləkənlərdən aşağı düşür. Hacıyevanın fəlsəfi hissləri onu aşağı düşməyə məcbur edir. Lakin artıq sinif otağı dağılır, Dihaj otağı sökənlərə etiraz edir. Səhnəcikdən başa düşülür ki, Diana rəqqası öz səviyyəsinə endirə bilir, amma gec olduğunu anladır.
Bundan əlavə, təmsilçimiz səhnədə sadə bir geyimdən istifadə edib.O, səhnəciyin sonunda üst geyimini yerə atır və şou başa çatır.