Mahir Abbaszadə: “Ermənistanın terror siyasəti bütün region üçün təhlükəlidir”

“Beynəlxalq təşkilatlar və dünya birliyi Ermənistanın mina terroruna “dur” deməlidir”. Bunu Moderator.az-a açıqlamasında millət vəkili Mahir Abbasazadə bildirib. Millət vəkili qeyd edib ki, Ermənistanın uzun illərdir ki, davam edən mina terrorunu post-müharibə dönəmində də davam etdirməsi rəsmi İrəvanın terror siyasətindən imtina etmədiyini göstərir:

“Təəssüflər olsun ki, xalqımıza qarşı uzun illərdir ki, terror və təxirbat siaysəti həyata keçirən Ermənistan 44 günlük Vətən müharibəsindən sonra da mina terrorunu davam etdirməkdə, bununla da dinc insanların qətlinə səbəb olmaqdadır. Təsadüfi deyil ki, bugünə qədər 34 mülki şəxs Ermənistanın mina terrorunun qurbanı olub. Ermənistan müharibədən sonra torpaqlarımızda minlərlə mina basdırıb ki, onların arasında həm piyada, həm də tank əleyhinə minalar mövcuddur. Bu, Ermənistanın terror siyasətini davam etdirdiyini göstərməklə yanaşı, həm də bu terrorun miqyasını, kütləviliyini əks etdirir. Hansı ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi terror siyasəti ölkəmizlə yanaşı, regional sabitliyin qorunub saxlanılması, bölgədə gərginliyin azaldılması baxımından da ciddi təhlükə mənbəyidir. Bu səbəbdən də Ermənistanın terror siyasətinin qarşısının alınmasında, onun törətdiyi cinayətlərə görə cəzalandırılmasında digər region ölkələri, habelə dünyanın qabaqcıl dövlətləri, beynəlxalq təşkilatlar da maraqlı olmalı, Azərbaycanın sülh səylərinə əməli şəkildə və qətiyyətlə dəstək verməlidirlər”.