Bu günlərdə Fransanın Altkirş, Evian Montero şəhərlərində Azərbaycan mədəniyyətinin təbliği istiqamətində silsilə tədbirlər keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirlər Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Fransadakı səfirliyi, Paris Azərbaycan Evi və qeyd edilən şəhərlərin meriyalarının dəstəyi ilə baş tutub.
İki hissədən ibarət olan tədbirlərdə Azərbaycan Fotoqraflar Birliyi üzvlərinin fotoları, rəssam Mehri Quliyevanın əsərlərindən ibarət sərgi təşkil edilib və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında milli rəqslərimiz nümayiş etdirilib.
Tədbirlərin açılış mərasimində Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa Milli Assambleyasının deputatı Jan-Fransua Mansel Azərbaycan haqqında məlumat verib. Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan J. F. Mansel Ermənistanın son günlər cəbhə bölgəsində vəziyyəti gərginləşdirdiyini qeyd edərək, işğal olunmuş Azərbaycan torpaqlarının dərhal azad edilməsinin vacib olduğunu bildirib.
Azərbaycan mədəniyyətinin dost ölkə olan Fransada genişmiqyaslı təbliğinə və təşkil edilən silsilə mədəni tədbirlərə görə Azərbaycanın Dostları Assosiasiyasına və qeyd edilən şəhərlərin meriyalarına təşəkkürünü bildirən Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Azərbaycanın dini rəngarənglik, tolerantlıq nümunəsi olduğunu qeyd edib.
Altkirş şəhərinin meri, Fransa Milli Assambleyasının deputatı Jan-Luk Reitzer, Evian merinin müavini Jozian Lei və Montero şəhərinin meri, Fransa Milli Assambleyasının deputatı İv Yeqo Azərbaycan mədəniyyət günlərinin öz şəhərlərində keçirilməsindən, zəngin Azərbaycan mədəniyyətinin şəhər sakinlərinə tanıdılmasından məmnun olduqlarını bildiriblər.
Tədbirlərdə iştirakçılara Heydər Əliyev Fondunun Azərbaycana aid fransız dilində nəşr etdirdiyi çoxsaylı kitab və broşurlar paylanıb.