Fransız-Azərbaycan Universitetinin açılış mərasimi keçirilib

Sentyabrın 15-də Fransız-Azərbaycan Universitetinin (UFAZ) açılış mərasimi keçirilib. Lent.azx-ın məlumatına görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, Fransanın Təhsil Nazirliyinin Avropa, beynəlxalq əlaqələr və əməkdaşlıq nümayəndəliyinin rəhbəri Marian Brunhof, Strasburq Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru  Fransis Kern, UFAZ-ın professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak edib.

 

UFAZ-ın açılışı münasibətilə müəllim və tələbələri təbrik edən təhsil naziri həyata keçirilən islahatların təhsilin bütün pillə və səviyyələrində keyfiyyət dəyişikliyinə səbəb olduğunu bildirib. Təhsil naziri qeyd edib ki, ali təhsil müəssisələrinə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən, I qrup üzrə 500-dən artıq bal toplamış 300-ə yaxın abituriyentin qatıldığı imtahanın nəticələrinə görə 143 nəfər UFAZ-da oxumaq hüququ qazanıb. Onlardan 120 nəfəri dövlət sifarişi, 23 nəfəri isə ödənişli əsaslarla təhsil alacaq.

 

Daha sonra mərasim iştirakçıları UFAZ-la yaxından tanış olublar. Qonaqlara ali məktəbin tədris şəraiti ilə bağlı ətraflı məlumat verilib.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Fransa Respublikasının Prezidenti Fransua Ollandın birgə təşəbbüsü ilə gerçəkləşdirilən UFAZ layihəsi iki ölkə arasında əlaqələrin hərtərəfli inkişafında yeni bir mərhələdir.

 

Qeyd edək ki, "Birgə Azərbaycan-Fransız Universiteti (UFAZ)” layihəsinin həyata keçirilməsi barədə ölkə prezidentinin sərəncamına əsasən, UFAZ layihəsi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyətə başlayıb. Əsas məqsədi Azərbaycanın sosial-iqtisadi, xüsusilə, elm və qabaqcıl texnologiyalar sahəsində inkişafına xidmət edən yüksək səviyyəli mütəxəssislər hazırlamaq olan UFAZ-a 2016-2017-ci tədris ili üçün 4 ixtisas üzrə tələbə qəbulu həyata keçirilib. Bunlar kimya mühəndisliyi (ADNSU və Strasburq Universiteti), kompüter elmləri (ADNSU və Strasburq Universiteti), geofizika mühəndisliyi (ADNSU və Strasburq Universiteti) və neft və qazın kəşfi və hasilatıdır (ADNSU və Rennes1 Universiteti). Tədris Fransa universitetlərindən cəlb edilmiş və yerli mütəxəssislər tərəfindən ingilis dilində aparılacaq və təhsilini uğurla başa vuran məzunlara iki diplom veriləcək.