Azərbaycan Vergilər Nazirliyi növbəti dəfə vergi borcunu ödəməyən şou-biznes nümayəndələrinin adlarını açıqlayıb. Lakin şou-biznes nümayəndələri nazirliyin yaydığı siyahı ilə razı deyil. Xalq artisti Gülyanaq Məmmədova və əməkdar artist Elza Seyidcahan ans press-ə deyib ki, borcları ödəməyi fikirləri yoxdur.
"Dövlət işində işlədiyim üçün hər ay maaşımdan vergi tutulur . Əlavə olaraq, hərdən toylara gedəndə vergi ödəyirəm. 2008-ci ildən 2011-ə qədər vergi ödəmişəm. Daha sonra sahibkar olmayandan dayandırmışdım. Yenidən belə qərar çıxandan sonra oktyabr ayından VÖEN açdırmışam və qanunu şəkildə vergi ödəyirəm. Birdən-birə mənə bildiriş gəlir ki,
sizin 5 min 200 AZN vergiyə borcunuz var".
İfaçı deyib ki, borcunu nə üçün yazdıqlarını izah etməyiblər. "Mən soruşanda ki bu borc hardan çıxdı mənə cavab verirlər ki, "hesablayıb elə yazmışıq". Mən onu necə ödəyim? Mən 3 körpəmim ehtiyaclarını ödəmək üçün toylara gedirəm, ərimin də şirkəti yoxdur, maaşa işləyən adamdır. Ehtiyacım olmasa, heç toylara getmərəm özümü ucuzlaşdırmaram. Heç olmasa, əlçatmaz olaram".
Xalq artisti deyir ki, əgər vergi borcu ödəməsə, onu həbs edə bilərlər və yaxud ölkədən çıxışı qadağan oluna bilər.
Əməkdar artist Elza Seyidcahan isə deyir ki, adı siyahıya ola bilsin səhvən düşüb. Çünki vergi borclarını vaxtında ödəyir. "Nazirlikdə elə bilirlər ki, biz hara gediriksə, orada da pul qazanırıq. Mən əgər pul qazanmıramsa, mən necə vergi ödəyə bilərəm. Getdiyim yerdən qanorar alım ki, vergi borcu ödəyim. Biz hətta toya gedəndə pul yazdırırıq. Hazırda araşdıracağıq əgər toya gedib qanorar almışamsa, o zaman vergi ödəyəcəm".
Vergilər Nazirliyinin saytında borclu olan 50 müğənnilərin cədvəli yerləşdirilib. Siyahıya Brilliant Dadaşova, Emil Bədəlov, Mətanət İsgəndərli, Elza Seyidcahan, Gülyanaq Məmmədova, Rəqsanə kimi tanınmışları adları da yer alıb. Lakin onların borcunun məbləği açıqlanmayıb.