Mayın 27-də Fəxri xiyabanda görkəmli kamança ifaçısı, xalq artisti Habil Əliyevin qəbirüstü abidəsinin açılış mərasimi keçirilib.
sabahinfo.az Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən məlumat verir ki, mərasimdə mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, sənətkarın ailə üzvləri iştirak ediblər.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov çıxış edərək Habil Əliyevlə bağlı xatirələrini bölüşüb.
Qeyd olunub ki, Habil Əliyevin sənətə gəldiyi dövrdə kamança sənətimiz məkrli qüvvələrin əsarəti altında idi: "Nankor ermənilər insanların şüurunda sanki bir inhisar yaratmışdılar ki, kamançaya azərbaycanlılar yaxın düşməsinlər. Habil Əliyev təkbaşına illərdən bəri görülməyən işi gördü və bir örnək yaratdı. O, kamançamızı xilas edərək Azərbaycanın olduğunu isbat etdi. Habil Əliyev həm də o xilaskarlığı ilə istiqlalımıza böyük xidmət göstərdi. Habil Əliyev adının qarşısında "kaman" sözü deyilən yeganə sənətkardır. Onun özü və ifaları xalqın ruhunda, düşüncəsində həmişə yaşayacaq".
Millət vəkili diqqətə çatdırdı ki, ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı, həm də gözəl mahnıların müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur.
Sonra sənətkarın oğlu Rəvan Habiloğlu və nəticəsi Habil tərəfindən abidənin üzərindəki örtük götürülüb. Qəbirüstü abidənin müəllifi tanınmış heykəltəraş Natiq Əliyevdir.
Xalq şairi Nəriman Həsənzadə bu abidədə kamançanın da yer almasını yüksək qiymətləndirib. Qeyd edib ki, Habili kamançasız, kamançanı da Habilsiz təsəvvür etmək çətindir. Xalq şairi onun ifasından təsirlənərək yazdığı şeirlərdən bir neçəsini oxudu.
Kamança ustadının ailəsi adından çıxış edən nəvəsi Əli Əmirəliyev Habil Əliyevin yoxluğunun xalq, sənət, musiqi dünyası üçün böyük itki olduğunu söyləyib. Sənətkarın şəxsiyyətinə və sənətinə diqqət və qayğısını əsirgəməyən Prezident İlham Əliyevə, abidənin layihəsinin hazırlandığı ilk günlərdən bütün prosesi öz nəzarətində saxladığına görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Xatırladaq ki, korifey sənətkar 2015-ci il sentyabrın 8-də, 89 yaşında vəfat edib.