Ümummilli liderimizin bu yöndə yeritdiyi siyasət layiqincə davam etdirilir
Hər bir dövlətin müstəqilliyinin, suverenliyinin əsas atributlarından biri də onun silahlı qüvvələridir.
Azərbaycan ordusunun 1918-ci ildən başlayan kəşməkəşli və şərəfli inkişaf yolu hərb tariximizin möhtəşəm
salnaməsidir. Bu tarixi başlanğıcın əsası torpaqlarımızın bütövlüyü naminə canlarını fəda edən babalarımızın
müqəddəs qanı ilə qoyulmuşdur. Sevindirici haldır ki, zamanın sınağından alnıaçıq, üzüağ çıxan Silahlı
Qüvvələrimiz bu gün Azərbaycanı istənilən təcavüzdən qorumağa qadir bir qüvvə kimi günümüzün danılmaz
reallığına çevrilmişdir. Bu uğuru ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında azadlıq və müstəqillik
ideyalarının tam təmin olunması naminə hazırlanan ordu quruculuğu konsepsiyasının təntənəsi kimi
dəyərləndirmək olar.
Ulu öndər Heydər Əliyevin xalqımız üçün qoyduğu zəngin və əvəzsiz irs ölkəmizin gələcək inkişaf
perspektivlərini müəyyənləşdirən fundamental bir fəaliyyət proqramıdır. Bu çoxcəhətli, zəngin fəaliyyət
proqramının ən mühüm qollarından birini, heç şübhəsiz, ordu quruculuğu təşkil edir. Bu istiqamətdə Heydər
Əliyev fəaliyyətinin qlobal miqyası Azərbaycanın bugünkü reallıqları ilə yanaşı, həm də keçmişinin və
gələcəyinin prizmasından əzəmətli görünür. Belə ki, hələ sovet hakimiyyəti illərində respublikamıza rəhbərlik
edən ulu öndərimizin ordu quruculuğu, xüsusilə də hərbi təhsil sisteminin təməlini qoymaq istiqamətində həyata
keçirdiyi tədbirlər bu gün öz tarixi təsdiqini tapmaqdadır. O vaxtlar Heydər Əliyevin təşəbbüsü və təkidi ilə
Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış məktəbin yaradılması, ölkənin ali hərbi məktəblərinə göndərilən
azərbaycanlı gənclərin sayının artırılması, onların qəbulunda konkret güzəştlərin tətbiqi respublikamızın
gələcəyinə hesablanmış uzaqgörən siyasətin nəticəsi idi. Ən azı ona görə ki, ulu öndər əsası 1918-ci ildə
qoyulan ənənələri yeni tarixi şəraitdə davam etdirirdi. Təkcə onu demək kifayətdir ki, ilk tədris ilində iki onuncu
sinif komplektləşdirilmiş və məktəbə birinci qəbul 400 nəfərdən çox olmuşdur. 1970-80-ci illərdə Azərbaycan
hökuməti məktəbin tədris-maddi bazasının və təlim-tərbiyə işinin yaxşılaşdırılması istiqamətində ardıcıl
tədbirlər həyata keçirmiş və bunun nəticəsində lisey keçmiş sovetlər birliyində analoqu olmayan təhsil ocağına
çevrilmişdir. Bütün bunlar, heç şübhəsiz, Heydər Əliyev kimi əsl sərkərdənin gündəlik diqqət və qayğısı
sayəsində mümkün olmuşdur. Ötən müddət ərzində məktəbi 10 minə yaxın gənc bitirmiş və ali hərbi məktəblərə
daxil olaraq böyük ordu həyatına vəsiqə almış, Azərbaycanın hərb salnaməsinə yaddaqalan səhifələr yazmışdır.
Təkcə onu demək kifayətdir ki, Qarabağ müharibəsində adıçəkilən təhsil ocağının 1500 nəfərdən çox məzunu
erməni işğalçılarına qarşı vuruşlarda əsl qəhrəmanlıq nümunələri göstərmişdir. Ulu öndərin həmişə qürurla öz
doğma övladı adlandırdığı C. Naxçıvanski adına lisey bu gün də üzərinə düşən missiyanı uğurla yerinə yetirir.
Ulu öndəri bu məktəbə, sözün həqiqi mənasında, çox böyük mənəvi və tarixi tellər bağlayırdı. Təsadüfi deyil ki,
Azərbaycan Respublikası Prezidentinin 13 mart 1998-ci il tarixli sərəncamı və müdafiə nazirinin müvafiq əmri
ilə Naxçıvan Muxtar Respublikasında C. Naxçıvanski adına hərbi liseyin filialı açılmış, Prezident İlham
Əliyevin 27 fevral 2004-cü il tarixli sərəncamı ilə bu filialın əsasında Heydər Əliyev adına Hərbi Lisey
yaradılmışdır. Bu təhsil ocaqlarının maddi-tədris bazası yüksək standartlara cavab verir və idman, mədəniməişət
komplekslərini əhatə edir. Kursantların istifadəsində müasir kompyuter kabinetləri, sürətli dil öyrətmə
kabinetləri və təbiət elmləri laboratoriyaları var. Böyük təəssüf hissi ilə qeyd olunmalıdır ki, 90-cı illərin
əvvəllərində milli dövlət və ordu quruculuğunun ilkin mərhələsində əsası Heydər Əliyev tərəfindən qoyulmuş
varislik ənənələri tamamilə unuduldu. Azərbaycan ordusu düşmən təcavüzünün qarşısını almaq əvəzinə, siyasi
məqsədlərə cəlb edildi və hakimiyyət uğrunda mübarizədə alətə çevrildi. Belə bir vaxtda peşəkar hərbçilərin
səyləri, döyüş meydanlarında göstərdikləri qəhrəmanlıqlar da sadəcə epizodik xarakter daşıyırdı.
Dağılmaq təhlükəsi qarşısında qalan Azərbaycan dövlətçiliyini məhz Heydər Əliyevin xalqın təkidi ilə
yenidən hakimiyyətə qayıdışı xilas etdi. Ulu öndər ordu quruculuğuna elmi prinsiplər əsasında yanaşaraq qısa
vaxt ərzində bu mühüm prosesi dövlət quruculuğunun tərkib hissəsinə çevirdi, hərbi hissələri siyasiləşmiş
qüvvələrdən təmizlədi. Ardıcıl həyata keçirilən tədbirlər sayəsində ordu ilə xalqın vəhdəti, orduda
mərkəzləşdirilmiş komandanlıq prinsipi tam təmin edildi.
Silahlı Qüvvələrin maddi-texniki təminatı möhkəmləndirildi, şəxsi heyətin döyüş və mənəvi hazırlığı
əhəmiyyətli dərəcədə artırıldı. Tam elmi-nəzəri prinsiplər üzərində qurulan Silahlı Qüvvələrimiz keyfiyyətcə
yeni bir mərhələyə qədəm qoydu. Məhz ulu öndər Silahlı Qüvvələrimizin daha da möhkəmlənməsi, xüsusilə də
ordumuz üçün hərbi kadrlar hazırlayan hərbi təhsil sisteminin modernləşməsi üçün strateji xarakterli tədbirlər
həyata keçirdi. Onun 1999-cu il fevralın 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaradılması, 20 avqust
256
2001-ci ildə respublikamızda fəaliyyət göstərən hərbi məktəblərin statusunun artırılması və nəhayət, 17 avqust
2002-ci ildə Silahlı Qüvvələrə Yardım Fondunun yaradılması haqqında imzaladığı fərmanlar, heç şübhəsiz, bu
istiqamətdə əsaslı dönüş yaratdı. Bütün bunların nəticəsidir ki, hazırda Azərbaycanda güclü maddi-tədris
bazasına, müasir texnologiyalara malik, yeni tədris metodları ilə fəaliyyət göstərən, uğurları ölkəmizin
sərhədlərindən də uzaqlara yayılan hərbi təhsil sistemi mövcuddur. Bu gün Azərbaycanın ali hərbi
məktəblərində bir sıra xarici ölkələrin nümayəndələri təhsil alırlar.
Ümummilli liderimizin 1993-cü il noyabr ayının 4-də Əfqanıstan müharibəsi iştirakçılarının könüllü
cəbhəyə yollanmaq istəyən bir qrupu ilə, noyabrın 7-də isə hərbi hissələrdən birinin təlim mərkəzində şəxsi
heyətlə görüşləri ordu-da mənəvi əhval-ruhiyyənin güclənməsinə, gənclərdə hərbi-vətənpərvərlik hisslərinin
formalaşmasına müsbət təsir göstərdi. Ordu quruculuğunda aparılan kompleks işlərin nəticəsində Azərbaycan
Respublikasının qanunvericilik orqanı olan Milli Məclisin 18 noyabr 1993-cü il tarixli iclasında müdafiə və
təhlükəsizlik məsələləri müzakirə edildi. Qısa müddət ərzində ordu quruculuğunun qanunvericilik bazası
yaradıldı, Milli Məclis tərəfindən "Silahlı Qüvvələr haqqında ", "Hərbi xidmət haqqında ", "Müdafiə haqqında”,
"Hərbi qulluqçuların statusu haqqında” və s . qanunlar qəbul edildi.
Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq əlaqələrinin qurulması və genişlənməsi də məhz
ümummilli liderimizin adı ilə bağlıdır. Bu əlaqələrin əsası 1994-cü ildə qoyulmuşdur. Belə ki, həmin il may
ayının 4-də Azərbaycan Respublikası NATO-nun "Sülh Naminə Tərəfdaşlıq” proqramına qoşulmuş, 1996-cı
ilin aprel ayında isə Azərbaycan Prezidenti NATO-nun Baş katibinə Azərbaycanın prezentasiya sənədlərini
təqdim etmişdir. Azərbaycan dövləti bu istiqamətdə keçirilən tədbirlərdə fəal iştirak edir. Belə ki, Silahlı
Qüvvələrimizin sülhməramlı taqımı Türkiyə Respublikası Silahlı Qüvvələrinin sülhməramlı taborunun
tərkibində 1999-cu ilin sentyabr ayından Kosovoda, 2002-ci ilin noyabr ayından Əfqanıstanda, 150 nəfərdən
ibarət sülhməramlı bölüyü isə 2003-cü ilin avqust ayından ABŞ Silahlı Qüvvələrinin kontingenti tərkibində
İraqda sülhməramlı missiyanı yerinə yetirməyə başlamışdır. Sülhməramlılarımızın nümunəvi xidməti haqqında
yerlərdəki qoşunların ali komandanlıqları tərəfindən Azərbaycan Respublikası müdafiə nazirinin ünvanına göndərilən
təşəkkür məktubları hərbçilərimizin peşəkarlığından və yüksək döyüş hazırlığından xəbər verir. Bundan
əlavə, Azərbaycan ilə NATO arasında hər il fərdi əlaqələndirmə proqramı hazırlanır və təsdiq edilir ki, bu da
Silahlı Qüvvələrimizin NATO standartlarına uyğunlaşdırılması, mərkəzləşdirilmiş maddi-texniki bazasının
yaradılması, hərbi təhsil sisteminin yeni prinsiplər əsasında qurulmasına əsaslı zəmin yaratmışdır. Bütün bunları
nəzərə alan ümum-milli liderimiz yüksək tribunalardan dəfələrlə demişdir: "On il ərzində ordumuz gücləndi,
inkişaf etdi və bu gün, demək olar ki, bizim ordumuz çox yüksək səviyyədədir. Qarşıda duran bütün vəzifələri
həll etməyə qadir ordudur”.
Azərbaycanda hərbi quruculuq bu gün də yüksələn xətlə inkişaf edir. Bunun ən başlıca səbəbi isə
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dövlət
başçısı postunda fəaliyyətə başladığı ilk gündən ümummilli liderimizin həyata keçirdiyi strateji əhəmiyyətli
tədbirləri və ənənələri uğurla davam etdirməsi, o cümlədən, ordu quruculuğu işini prioritet elan etməsi ilə
bağlıdır. Prezident İlham Əliyevin Naxçıvanda, Gəncədə, Tərtərdə, bir sözlə, cəbhə xəttində yerləşən hərbi
hissələrimizə daim baş çəkməsi, xidmətdə fərqlənən hərbi qulluqçuları şəxsən mükafatlandırması, yerlərdəki
vəziyyətlə maraqlanması ordu mənsublarında böyük ruh yüksəkliyi yaratmışdır. Heydər Əliyev kursunun layiqli
davamçısı Azərbaycan Prezidenti İlham Əliyev ordu problemlərini hər an diqqət mərkəzində saxlayır, Silahlı
Qüvvələrimizin döyüş hazırlığının artırılmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi dəyərləndirir.
Ali Baş Komandanın cəbhə xəttindəki hərbi hissələrə əsgəri qəhrəmanlıq, şücaət və mərdlik rəmzi olan Döyüş
bayraqlarını təqdim etməsi, bir tərəfdən orduya diqqət və qayğının bariz nümunəsidirsə, digər tərəfdən də ordu
mənsublarına göstərdiyi inam və etimaddır. Hər il orduya aid xərclərin artırılması, hərbi qulluqçuların maddi
rifah halının yaxşılaşdırılması yönündə dövlət rəhbərliyi tərəfindən atılan addımlar, həyata keçirilən tədbirlər
hərbi qulluqçuların üzərinə çox ciddi məsuliyyət qoyur. Son dövrlər dövlət başçısının Dağlıq Qarabağ
probleminin həlli ilə əlaqədar verdiyi bəyanatlar da əslində həm də orduya olan inamdan qaynaqlanır. Şübhə
yoxdur ki, Azərbaycan hərbçiləri əsl qurucusu ümummilli liderimiz Heydər Əliyev olan Silahlı Qüvvələrimizin
sıralarında bundan sonra da yüksək döyüş hazırlığına yiyələnərək ləyaqətlə xidmət edəcək, həm ölkə
rəhbərliyinin, həm də bütövlükdə xalqımızın inam və etimadını doğruldacaqlar.
Nəsir Hüseyinov
Azərbaycan Respublikası DİN DQ-ın kadrlar idarəsinin rəisi
Nəsir Hüseyinov
Azərbaycan Respublikası DİN DQ-ın kadrlar idarəsinin rəisi