Ümummilli lider Heydər Əliyev öz xalqına, millətinə misilsiz xidmətləri ilə yaddaşlara əbədi həkk
olunmuşdur. Dahi rəhbərin milli maraqlara yönələn siyasəti, sosial, iqtisadi, mədəni intellektual cəhətdən
ölkəsini dirçəltmək, qədim xalqını öz torpaqlarının, tarixi irsinin və taleyinin həqiqi sahibinə çevirmək
uğrunda mübarizəsi onun bitib-tükənməz ideyalarının inandırıcı potensialını daha da artırmışdır. Məhz
xalqda olan bu inam böyük Azərbaycanlının ikinci dəfə hakimiyyətə gəlişinin istinadına çevrilmişdir.
Böyük qayıdışdan sonra Azərbaycan cəmiyyətində müstəqil dövlətçilik ideyaları fundamental mahiyyət
kəsb etməyə başlamış, mütərəqqi ənənələr əsasında yeni dövlətçilik konsepsiyası işlənib hazırlanmışdır.
Ulu öndər Heydər Əliyevə yaxşı bəlli idi ki, xarici dövlətlərdən hərtərəfli yardım alan Ermənistanın
təcavüzünə qarşı aparılan qeyri-bərabər döyüşlər davam etdikcə respublika daha ağır vəziyyətə düşə bilər,
transmilli neft şirkətlərini ölkəmizə dəvət etmək, onlarla müqavilələr bağlamaq və beləliklə, Azərbaycan neftini
sərbəst təhlükəsiz marşrutla Qərbə ixrac etmək mümkün olmayacaq. Ona görə də ilk növbədə 1994-cü il mayın
14-də atəşkəsə nail olundu, həmin ilin sentyabr ayının 20-də isə "Əsrin müqaviləsi" imzalandı. Məhz ulu
öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində öz geostrateji mövqeyini
möhkəmləndirə bildi. 1994-1995-ci illərin hadisələrində Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini
faciələrdən və iflasdan xilas etdi. O, ictimai-siyasi sabitliyi təmin etməklə demokratik dövlət modeli
konsepsiyasını həyata keçirməyə başladı. Böyük rəhbərin dövlətçilik uğrunda apardığı fəal mübarizə, çoxşaxəli
fəaliyyət ölkəmizin bütün sahələrində olduğu kimi, bu konsepsiyanın tərkib hissələrindən olan Azərbaycan
səhiyyəsi, o cümlədən tibb elmi və tibb təhsili strukturlarının dinamik inkişafı və gələcək yüksəlişində də öz
parlaq əksini tapdı. Müəyyən müddətdə cəmiyyətdə müşahidə edilən anarxizmi neytrallaşdırmaq da ümummilli
liderin dahiyanə siyasətçi olmasının məntiqi yekunu kimi dəyərləndirilir.
XX əsrin ortalarında - 1969-cu ilin 14 iyulunda ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi
hakimiyyətə gəlişinin ən qabarıq siyasi təzahürü imperiyanın sərt ideoloji qəlibləri şəraitində azərbaycançılıq
məfkurəsinin, milli ruhun hədsiz yüksəlişinin, xalqın tarixi kökünə qayıdışı kimi fundamental prinsiplər
əsasında milli dövlətçilik arzularının və hislərinin güclənməsi, real siyasi amilə çevrilməsi ilə bağlı olmuşdur.
Böyük öndər respublikamızın üzləşdiyi problemləri ilk gündən düzgün müəyyənləşdirməklə, onların həlli üçün
lazımi iradə, qətiyyət və prinsipiallıq göstərmiş, o dövrün çatışmazlıqlarını açıq deməkdən çəkinməmişdir. Bu
baxımdan Heydər Əliyevin Azərbaycan KP MK-nın 5 avqust 1969-cu il tarixli plenumundakı dərin məzmunlu,
eyni zamanda tənqidi ruhlu çıxışı Sovet Azərbaycanını problemlər məngənəsindən dinamik inkişaf yoluna
çıxaran pozitiv prosesin başlanğıcı kimi ehtiramla xatırlanır. Plenumda çıxış edən Heydər Əliyev mövcud
problemləri konkret şəkildə önə çəkmiş, dövlət idarəçiliyi sistemində formalaşmış regionçuluq, bürokratiya və
korrupsiya kimi neqativ tendensiyaların yolverilməz olduğunu demişdir. Ulu öndər eyni zamanda çoxsaylı
problemlərin həllində bir sıra rəhbər şəxslərin məsuliyyət daşıdığını da aşkar şəkildə bəyan etmişdir.
Çox keçmədi ki, dünya siyasətçiləri sırasında öncül mövqeyə çıxan dahi Heydər Əliyev fenomeni ona
bəslənən ümidləri doğruldaraq əsl xariqələr yaratmağa başladı. Xalqın öz liderinə, onun möhtəşəm ideyalarına
olan inamının geniş vüsət alması ulu öndər tərəfindən reallaşdırılan əməli tədbirlərə, onun gərgin fəaliyyətinin
əyani nəticələrinə əsaslanırdı.
Ümummilli lider hələ keçmiş SSRİ dövründə Azərbaycanda xalq təsərrüfatının bütün sahələrinin inkişafına
xüsusi diqqət yetirir, yeniliyə, tərəqqiyə sədd yaradan, keçmişdən miras qalan maneələri, lüzumsuz stereotipləri
qətiyyətlə aradan qaldırırdı. Onun düşünən beyni sanki istirahət bilmədən daim fəaliyyət göstərərək
Azərbaycanın gələcəyi naminə yeni layihələrin eskizlərini hazırlayır və dərhal da onların həyata keçirilməsi
üçün şərait yaradırdı. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan qısa müddətdə mütərəqqi
islahatların tətbiqi meydanına çevrildi.
O vaxtlar Azərbaycanın SSRİ-nin tərkibində olmasına baxmayaraq, ulu öndər çəkinmədən, heç nədən və heç
kimdən ehtiyat etmədən müstəqil addımlar ataraq, özünəməxsus bacarıqla respublikada demokratik ruhlu
dəyişikliklərə daha çox yer verirdi. O, bunları xüsusi diplomatik məharətlə həyata keçirərək Moskvanın ona
nəyi isə irad tuta biləcəyinə də heç bir əlyeri qoymurdu. Əksinə, Moskva da onun ideyalarının məhsulu olan
yenilikləri, islahatları, Azərbaycanın inkişaf ritmini alqışlamaq məcburiyyətində qalırdı. O dövrdə Moskva
qəzetlərində çap olunmuş "Qoy ədalət zəfər çalsın" məqaləsi nəinki keçmiş Sovetlər İttifaqı miqyasında, eləcə
də bütün dünyada böyük rezonans doğurmuşdu. Paytaxtın tibb təhsili müəssisələrində mühazirə oxuyan
822
professor Metelitsa kimi filosof-pedaqoqlar, alim-professorlar öz çıxışlarında Heydər Əliyevdən sitatlar gətirir,
onun təcrübəsinin geniş yayılmasını tövsiyə edirdilər.
Ulu öndər Heydər Əliyev kosmopolit ideyaların zehinlərinə zorla yerləşdirildiyi bir dövrdə milli məfkurənin
qorunub saxlanılması, habelə azərbaycançılığın ən mühüm komponenti olan ana dilinin inkişaf etdirilməsi
sahəsində də mühüm tədbirlər həyata keçirmişdir. Heydər Əliyev üçün ana dili azərbaycançılığın başlanğıc
məqamı, təməl prinsipi olmuşdur. Müdrik rəhbər yaxşı başa düşürdü ki, xalqa milli-mənəvi dəyərlərini aşılamaq
üçün ona ilk növbədə öz dilini sevdirmək lazımdır. Rus dilinin dövlət dili olmasına rəğmən, ulu öndər həmin
dövrdə rəsmi nitqlərini Azərbaycan dilində edir, bunu bütün rəhbər vəzifəlilərdən də qətiyyətlə istəyirdi.
Ümummilli lider Heydər Əliyev keçmiş ittifaqın iqtisadiyyatı üçün əlverişli xammal bazasına çevrilmiş
Azərbaycanın yeni inkişaf strategiyasını böyük uzaqgörənliklə işləyib həyata keçirmişdir. Bunun nəticəsi kimi
bir sıra əsas göstəricilər üzrə geridə qalmış Azərbaycan qısa müddətdə inkişafının yeni mərhələsinə qədəm
qoyaraq ittifaqın qabaqcıl respublikalarından birinə çevrilmiş, milli gəlir səviyyəsini əhəmiyyətli dərəcədə artıra
bilmişdir. Bugünkü müstəqil Azərbaycan dövlətinin iqtisadi-siyasi əsaslarının, milli kadr potensialının
formalaşması, ölkədə strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin açılması da məhz ötən əsrin 70-80-
ci illərinə təsadüf edir. Heydər Əliyevin qətiyyəti, iradəsi və təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin bir sıra strateji
əhəmiyyəli müəssisələri məhz Azərbaycanda inşa olunmuş, bununla da respublikamızın gələcək müstəqilliyinin
iqtisadi əsasları formalaşdırılmışdır.
Ulu öndər bütün sahələrdə olduğu kimi, Azərbaycan səhiyyəsini, tibb elmi və tibb təhsili sistemini də daim
diqqət mərkəzində saxlayırdı. O, ilk növbədə tibb üzrə xarici mütəxəssislərin diqqətini respublikaya cəlb
etməyə, onların yerli mütəxəssislərlə əməkdaşlıq əlaqələrini genişləndirməyə çalışırdı. Bununla da dahi rəhbər
respublika səhiyyəsində mövcud olan durğunluğun aradan qaldırılmasına səy göstərirdi və buna
müvəffəqiyyətlə nail olurdu. Keçən əsrin 60-cı illərinin sonu, 70-ci illərinin əvvəllərindən etibarən tibb üzrə
beynəlxalq qurultay, simpozium, konqres və konfransların Bakıda keçirilməsini təşkil edən Heydər Əliyev ölkə
səhiyyəsinin, o cümlədən tibb elmi və tibb təhsili sahələrinin beynəlxalq miqyasda tanınmasına, dayanıqlı və
sabit inkişafının təmininə əlverişli şərait yaradırdı.
XX əsrin 70-ci illərinin əvvəllərindən etibarən ulu öndərin təşəbbüsü ilə hər il yüzlərlə gənc keçmiş Sovetlər
İttifaqının ən mötəbər ali məktəblərində müxtəlif peşə və ixtisaslar üzrə təhsil almağa göndərilirdi. Bu,
gələcəyin kadr hazırlığının təmin olunmasına istiqamətlənmiş uzaqgörən siyasətin həyata keçirilməsi demək idi.
Böyük rəhbər gənclərin təhsilinə, işlə təmin edilməsinə, hərtərəfli inkişafına, onların dünyagörüşünün
genişlənməsinə, beynəlxalq əlaqələrin artmasına, yeniliklərdən bəhrələnmələrinə, fiziki və əqli cəhətdən sağlam
böyümələrinə xüsusi diqqət yetirirdi. O, "Gənclər bizim gələcəyimizdir" dedikdə, Azərbaycanın gələcəyinin
ağıllı, savadlı, bacarıqlı gənclərin əlində olmasını arzulayırdı. Böyük rəhbər bilirdi ki, gənclər cəmiyyətin
indikatoru, lakmus göstəricisidir. Belə ki, hər bir ölkədə cəmiyyətin səviyyəsini müəyyənləşdirən əsas qüvvə
gənclərdir. Ümummilli lider Heydər Əliyev həmişə deyirdi ki, "dövlətimizin gələcəyi bizim gənclərimizə nəyi
və necə öyrətməyimizdən asılıdır". Hər bir ölkənin istər intellektual, istər mədəni, elmi, siyasi, istərsə də
idarəçilik, dövlətçilik səviyyəsi onun gənclərinin intellektual potensialı ilə ölçülür. Bütün bunları incəliklərinə
qədər bilən, hətta onların görünməyən tərəflərini belə görə bilən ulu öndər gənclərin təhsilinə, tərbiyəsinə,
ictimai- siyasi baxışlarının itiliyinə diqqət yetirərək, bu istiqamətdə inkişaflarına geniş şərait yaradırdı. Bununla
o, XXI əsrin yüksək səviyyəli insanlarını yetişdirir, milli-mənəvi dəyərlərimizin, vətənpərvərlik, azərbaycançılıq
duyğularımızın saflığına, ucalığına çalışırdı. Bu yanaşma tərzi ilə Heydər Əliyev Azərbaycanda yüksək
səviyyəli cəmiyyət qura bilən, onu müasir tələblərin bütün atributları ilə beynəlxalq miqyasda təmsil etməyə
qadir olan, vətəni, milləti göz bəbəyi kimi qorumağa, ictimai-milli mənafeyi öz şəxsi mənafeyindən üstün
tutmağa hazır olan gənclər ordusunun təməlini qoydu. İndi son dərəcə möhkəm və əzəmətli görünən bu təməl öz
gücünü gələcəkdə daha da artıracaq, Azərbaycana ləyaqətlə xidmət edəcəkdir.
Heydər Əliyev dühasının uzaqgörən siyasətinin süzgəcindən süzülən ideyalarının ən möhtəşəm uğurlarından
biri də ondan ibarət oldu ki, ulu öndər Azərbaycana İlham Əliyev kimi gənc Prezident bəxş etdi. Ulu öndərin
xalqımız tərəfindən bəyənilən və dəstəklənən iqtisadi-siyasi kursunu hazırda ölkə Prezidenti cənab İlham Əliyev
böyük uğurla davam etdirir.
Heydər Əliyevin xarici ölkələrdə oxutdurduğu gənclər indi - XXI əsrdə Azərbaycanda aparıcı mütəxəssislərə
çevriliblər. Onun qoyduğu təməllərin bəhrəsi Azərbaycan Tibb Universitetinin timsalında özünü daha qabarıq
şəkildə büruzə verir. Bu ali təhsil ocağı yarandığı gündən sonrakı mərhələlərin müəyyən dövründə milli kadr
qıtlığından daim əziyyət çəkib. Lakin indi tam əminliklə demək olar ki, ulu öndər Heydər Əliyevin və onun
əvəzsiz davamçısı Prezident İlham Əliyevin göstərdikləri diqqət və qayğı sayəsində Azərbaycanda tibb elmi və
tibb təhsili, eləcə də səhiyyənin bütün sahələri üzrə çox sanballı, yüksək səviyyəli milli kadrlar yetişib və onlar
da öz peşəkarlıq məktəblərini yarada biliblər. Tibb sahəsində beynəlxalq səviyyəli mütəxəssis məktəbləri
yaratmaq o qədər də asan məsələ deyildir. Belə məktəblər bir ilin, beş ilin ərzində yarana bilməz. Əgər
Azərbaycanda səhiyyə, tibb elmi, tibb təhsili sahələrində bu cür fundamental məktəblər yaranıbsa, demək,
823
Heydər Əliyev ideyalarının çiçəklənməsi barədə həm indi, həm də gələcəkdə böyük qürur və fəxrlə danışmağa
haqqımız var.
Bu gün Azərbaycanın milli tibb kadrları nəinki ölkəmizdə, hətta dünyanın bir sıra inkişaf etmiş xarici
ölkələrinin məşhur tibb müəssisələrində müvəffəqiyyətlə fəaliyyət göstərirlər. Həkim və alimlərimizin xaricə
göndərilməsi həm də müxtəlif ölkələrdə yaşayan və fəaliyyət göstərən dünya azərbaycanlılarının maddi və
mənəvi dayağının artmasına, Azərbaycan diasporunun möhkəmlənməsinə zəmin yaradır.
Ölkə səhiyyəsi, tibb elmi və tibb təhsili sistemi XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində 35 ilə yaxın
bir dövrdə bilavasitə Heydər Əliyevin himayəsində olub, onun rəhbərliyi altında inkişaf edib, onun sayəsində
indiki yüksək səviyyəyə çatıb. Böyük rəhbər keçən əsrin 70-80-ci illərində Azərbaycanın tibb təhsili sistemində
ölçüyəgəlməz islahatlar aparmış və o zamankı Azərbaycan Dövlət Tibb İnstitutu keçmiş Sovetlər İttifaqında
yenidən tanınmağa, öz sözünü deməyə başlamışdır. XX əsrin 70-ci illərində tibbi fənlərin diplomdanəvvəlki və
diplomdansonrakı tədrisinin, tələbələrin və məzunların peşə hazırlığının, eləcə də abituriyentlərin instituta
qəbulunun keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə ADTİ-də internatura kursu, hazırlıq şöbəsi, istehsalat
təcrübəsi dekanlığı və digər köməkçi şöbələr yaradılmışdır. Ulu öndər hər sahədə olduğu kimi, Azərbaycanın
səhiyyə sisteminin, o cümlədən Tibb İnstitutunun da maddi-texniki bazasının möhkəmləndirilməsini diqqət
mərkəzində saxlamışdı. Bir-birinin ardınca yeni tədris binaları, xəstəxana və poliklinikalar tikilib istifadəyə
verilmişdi. Ötən əsrin 70-ci illərinin sonu və 80-ci illərinin əvvəllərində Azərbaycanın tibb alimlərinin
beynəlxalq əlaqələri xeyli genişlənməyə başlamışdı. 1980-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun
yaranmasının 50 illik yubileyi ulu öndərin iştirakı ilə keçirilmişdir və o, bu münasibətlə institutun
əməkdaşlarının bir qrupunu fəxri adlara layiq görmüşdür. Akademik Mustafa bəy Topçubaşovun keçmiş SSRİ-
nin ən yüksək təltiflərindən olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülməsi ulu öndərin səyi nəticəsində
mümkün olmuşdur. Belə alimlərin SSRİ miqyasında, sonra isə beynəlxalq aləmdə tanıdılması Azərbaycan
səhiyyəsinin, tibb elminin tanıdılması demək idi.
Ümummilli lider Heydər Əliyevin 1982-ci ildə Moskvada SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini
təyin edilməsi onun Azərbaycan səhiyyəsinə, tibb elminə və tibb təhsili sisteminə olan qayğı və diqqətini daha
da artırdı. Böyük rəhbər Moskvada çalışdığı illərdə SSRİ-nin səhiyyə sahəsinə də nəzarət edirdi və Sovetlər
İttifaqının yüksək rütbəli tibb alimləri, səhiyyə işçiləri ilə tez-tez görüşlər keçirir, qarşıya çıxan problemlərin
müzakirəsini aparır, həmin problemlərdən irəli gələn məsələlərin çıxış yollarını peşəkarcasına göstərirdi. Ulu
öndər eyni zamanda SSRİ-nin nüfuzlu tibb alimlərinin diqqətini Azərbaycana cəlb etməklə respublika
səhiyyəsinin tərəqqisinə zəmin yaradırdı.
O vaxtlar SSRİ-nin səhiyyə sisteminin və dünya tibb elminin görkəmli nümayəndələrindən olan akademik
N.N.Bloxin həm də mənim çalışdığım SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi
Mərkəzinin direktoru idi və o, hər dəfə Heydər Əliyevin SSRİ miqyasında səhiyyə idarələri başçılarının iştirakı
ilə keçirilən toplantılardakı çıxışlarından sonra rəhbərlik etdiyi mərkəzin işçilərinin müşavirəsini keçirərək,
onun tapşırıqlarını əməkdaşlara çatdırardı. Akademik N.N.Bloxin, adətən, ünsiyyətdə olduğu adamlar haqqında
xoş sözlər deməkdə bir qədər "xəsislik" edərdi. Lakin o, Heydər Əliyev haqqında danışanda ürəkdən gələn ən
səmimi sözləri söyləməkdən çəkinməzdi. Ulu öndərin çıxışları akademikdə, sözün həqiqi mənasında, böyük
təəssürat oyadırdı. Akademik N.N.Bloxin deyirdi ki, Heydər Əliyev səhiyyənin problemlərini ən titullu səhiyyə
mütəxəssislərindən də gözəl bilir.
Heydər Əliyevin 1993-cü ilin iyun ayı
nın 15-də yenidən Azərbaycana rəhbərliyə qayıdışından sonra ölkə səhiyyəsinin, həmçinin tibb elmi və tibb
təhsili sisteminin inkişafının yeni mərhələsi başlandı. XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində
ermənilərin Azərbaycan torpaqlarının 20 faizini işğal etməsindən sonra bütün sahələrdə olduğu kimi, səhiyyə
sistemində, tibb elmi və tibb təhsili sahələrində də tənəzzül, xaos baş alıb gedirdi. İllərlə ulu öndər tərəfindən
çətinliklə yaradılan gözəl şərait, yüksək səviyyəli tibbi təchizat, avadanlıqlar baxımsızlıq üzündən dağıdılırdı.
Xoşbəxtlikdən bu, uzun sürmədi və ulu öndərin yenidən hakimiyyətə gəlişi pərakəndəliyin, dağıntıların qarşısını
aldı. Həmin dövr üçün Azərbaycan cəmiyyətindəki pozucu qüvvələrin zərərsizləşdirilməsindən sonra ulu öndər
siyasi, hüquqi, iqtisadi, sosial sahədə demokratik islahatlar proqramının həyata keçirilməsinə start verdi. Ulu
öndərin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətləri sırasında ölkənin Əsas Qanunu olan
konstitusiyanın qəbulu istiqamətində gördüyü işlər, atdığı real addımlar xüsusi qeyd olunmalıdır. 1995-ci ildə
qəbul edilmiş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun hüquqi əsaslarını yaratdı.
Ölkəmiz demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və
hakimiyyət bölgüsünü özünün gələcək inkişafı kimi seçdi. Ulu öndərin birbaşa təşəbbüsü ilə hazırlanmış və
ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu sənəd müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixə
yazıldı.
824
1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin
möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar verdi. Heydər Əliyev
böyük şəxsiyyət olaraq cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında
görür və buna xidmət edən bütün zəruri tədbirləri həyata keçirirdi. Onun gərgin səyləri nəticəsində hüquqi,
demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin
formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi məqsədi ilə ən yüksək
tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. Ulu öndər 1997-ci ildə xarici jurnalistlərlə görüşündə
müxbirin dövlətçilik ənənələrinin yaranması və hansı göstəricilərlə şərtlənməsi ilə bağlı sualını cavablandıraraq
demişdi: "...Bu, ilk növbədə, əhalinin xalqa, xalqın millətə, sakinlərin vətəndaşlara çevrilməsi istiqamətində
gedən prosesdir. Dövlətçilik insanlarda vətənpərvərlik duyğusunu, vətən anlamının milli mənə daxil edilməsini
nəzərdə tutur. Əgər hər hansı bir ölkədə hər kəs təkcə öz mənafeyini, ailəsinin mənafeyini düşünürsə, xalqın
taleyinə, ümummilli siyasi və iqtisadi mənafelərə biganədirsə, deməli, burada dövlətçilik ənənələri yoxdur.
Gərək hər bir vətəndaş ölkəsinin böyük siyasəti haqqında düşünsün".
Ümummilli liderin dövlətçilik siyasəti sayəsində Azərbaycanın özü ilə birlikdə onun səhiyyə sistemi də xilas
edildi. Heydər Əliyevin o vaxtlar ölkəmizdəki siyasi-iqtisadi vəziyyəti yaxşılaşdırmaq naminə gördüyü işlər,
yerinə yetirdiyi əvəzsiz xidmətlər tarixin səhifələrinə qızıl hərflərlə həkk olundu. Bundan sonra müstəqil
Azərbaycan Respublikasında həm siyasi, həm də iqtisadi durum yüksələn xətt üzrə inkişaf etməyə başladı. Bu,
dərhal özünü ölkə səhiyyəsinin, tibb elmi və tibb təhsili sistemi sahələrinin tərəqqisində də büruzə verdi.
Tezliklə Azərbaycan Tibb Universitetinin beynəlxalq əlaqələri genişləndi və ölkəmizin bu ali tibb ocağı 1996-cı
ildə regionda ilk ali məktəb kimi Londonda çapdan çıxan dünya təhsil birliyinin beynəlxalq reyestrinə daxil
edildi. Onu da qeyd etmək lazımdır ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan Tibb Universitetinin
tədris bazalarının çatışmaması tibb təhsilinin gedişinə mənfi təsir göstərirdi. Bundan xəbər tutan ulu öndər
bünövrəsi hələ SSRİ dövründə, onun tərəfindən qoyulmuş tədris binasının tikintisinin sona çatdırılması üçün
vəsait ayırdı və onu öz nəzarətində saxladı. 1998-ci ilin sentyabr ayının 28-də ATU-nun yeni tədris binasının
açılışında şəxsən iştirak edən ulu öndər Azərbaycanın tibb işçilərinə, tibb alimlərinə, universitetin tələbələrinə
sanki qol-qanad verdi. Əksər nəzəri kafedralar, ATU-nun kitabxanası, informatika mərkəzi, hərbi kafedra,
internet mərkəzi yeni tədris binasında yerləşdirildi. Bu, müəllimlərə, həkimlərə, tələbələrə verilən ən böyük
hədiyyə idi. Ulu öndər 2000-ci ildə yenidən Azərbaycan Tibb Universitetinə gəldi və burada 500 yerlik unikal
akt zalının açılışında, eləcə də ATU-nun yaradılmasının 70 illik yubileyinə həsr edilmiş təntənəli mərasimdə
iştirak etdi. Yenicə istifadəyə verilmiş akt zalının tribunasından birinci olaraq ulu öndər Heydər Əliyevin tarixi
nitqi səsləndi. Ümummilli liderin nitqi bizim üçün proqram sənədinə çevrildi və gələcək planlarımızı dahi
Heydər Əliyev ideyalarının müddəaları əsasında qurduq. Azərbaycan Tibb Universitetinin professor-müəllim
heyətinin nümayəndələri elmi və pedaqoji fəaliyyətlərində əldə etdikləri nailiyyətlərə görə bir sıra beynəlxalq
qurumlara üzv seçildilər.
Ulu öndərin göstərişi ilə 2000-ci ildə ATU-nun nəzdində strateji əhəmiyyət kəsb edən hərbi tibb fakültəsi
yaradıldı. Dahi rəhbərin ATU-ya göstərdiyi dövlət qayğısı sayəsində Azərbaycan Tibb Universiteti Qara Dəniz
Hövzəsi Ətrafı Ölkələrin Ali Məktəblər Birliyinin, Beynəlxalq Ali Məktəblər Assosiasiyasının, Avropa
Universitetlər Assosiasiyasının tamhüquqlu üzvü seçildi. Ümummilli lider Heydər Əliyevin qayğısı sayəsində
2002-ci ildə Azərbaycan Tibb Universiteti nəzdində ilk dəfə olaraq Stomatoloji Klinika təşkil edildi və bununla
da ATU-nun öz klinikalarının yaradılmasının möhkəm bünövrəsi qoyuldu.
Dahi Heydər Əliyevin qurduğu bünövrəyə söykənərək ATU öz müzəffər yürüşünü hazırda da
müvəffəqiyyətlə davam etdirir. Çünki Azərbaycana rəhbərlik edən cənab İlham Əliyev ulu öndərin yolunun
uğurlu davamına yeni çalarlar gətirərək onu gündən-günə genişləndirir, bütün zamanların dayağına, istinad
nöqtəsinə çevirir. Təkcə onu demək kifayətdir ki, 2006-cı ildə Azərbaycan Prezidentinin qayğısı sayəsində
ATU-nun Onkoloji Klinikasının təşkilinə başlanıldı və bu proses 2007-ci ilin iyun ayında başa çatdırıldı. 2007-
ci ilin avqust ayında isə biz cənab İlham Əliyevə müraciət edərək terapevtik kafedraların qarşısında yaranan
problemin həlli üçün kömək istədik. Ulu öndər Heydər Əliyevin ideyalarına sadiq qalan cənab Prezident bizim
xahişimizi bir an belə ləngitmədən ona adekvat cavab verdi, qısa bir müddətdə - həmin ilin sentyabr ayının 11-
də ATU-nun terapevtik klinikasının yaradılması və tikintisinə başlanılması haqqında sərəncam imzaladı. 2007-
ci ilin sentyabr ayının 18-də tikintinin təməlqoyma mərasimində cənab İlham Əliyevlə birlikdə Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli
Məclisin deputatı Mehriban xanım Əliyeva da iştirak edirdi. 2010-cu il oktyabrın 1-də isə cənab Prezident İlham
Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə Tədris-Terapevtik Klinikanın açılış mərasimi keçirildi.
Hazırda ulu öndər Heydər Əliyevin tikdirdiyi 11 mərtəbəli tədris binası ilə cənab İlham Əliyevin təşəbbüsü və
qayğısı sayəsində inşa edilən 14 mərtəbəli Tədris-Terapevtik Klinika yanaşı dayanır. 2008-ci il mart ayının 13-
də cənab Prezident daha bir sərəncam imzalamışdır. Bu sərəncamla cərrahiyyə klinikasının tikintisinə
başlanılmışdır. Artıq klinikanın tikintisi başa çatdırılıb və yaxın vaxtlarda istifadəyə veriləcəkdir.825
Fərəhli haldır ki, dahi Heydər Əliyev ideyalarından güc alan müasir Azərbaycan diplomatiyası cənab İlham
Əliyevin apardığı daxili və xarici siyasətin nəticələri sayəsində misli görünməmiş uğur qazanmışdır. Belə ki,
Azərbaycan Respublikası 2011-ci il oktyabrın 24-də 155 ölkənin dəstəyini qazanaraq Birləşmiş Millətlər
Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Bu möhtəşəm tarixi nailiyyət ümummilli
lider Heydər Əliyevin ideyaları altında birləşən vahid dünya azərbaycanlıları ailəsinin bir üzvü kimi
Azərbaycanın səhiyyə işçilərini, o cümlədən ölkəmizin bütün tibb alimlərini və tibb təhsili əməkdaşlarını
ürəkdən sevindirir.
Azərbaycan səhiyyəsinin, tibb elmi və tibb təhsili sisteminin bütün ağırlığını öz çiyinləri üzərinə götürərək
onu inkişaf etdirən və gələcək perspektivlərini müəyyənləşdirən dahi Heydər Əliyev dəst-xətti, qüdrəti öz
möhtəşəmliyi ilə daim seçilir və bənzərsizliyi ilə fərqlənir. Ona görə də müasir Azərbaycan Respublikasının
memarı olan Heydər Əliyevin ideyaları ölkənin tibb elmi və tibb təhsili sisteminin, Azərbaycan səhiyyəsinin də
sarsılmaz dayağı, ilhamverici qüvvəsidir. Ulu öndərin dünyəvi ideyalarına söykənən siyasət əbədidir,
həmişəyaşardır. Ümummilli liderin Azərbaycan səhiyyəsinin, eləcə də tibb elmi və tibb təhsili sisteminin
dayanıqlı və sabit inkişafının təminatına işıq salan ideyaları daim yaşayacaqdır.
Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yaradılmasını nəzərə alaraq Tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən hər il17 iyun Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Bu münasibətlə Azərbaycandakı bütün səhiyyə işçilərini təbrik edir, onlara uzun ömür, can sağlığı və işlərində uğurlar arzulayırıq.
Ağayev Mübariz Ənvər oğlu
Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi
Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yaradılmasını nəzərə alaraq Tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən hər il17 iyun Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Bu münasibətlə Azərbaycandakı bütün səhiyyə işçilərini təbrik edir, onlara uzun ömür, can sağlığı və işlərində uğurlar arzulayırıq.
Ağayev Mübariz Ənvər oğlu
Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi