Hüquq dünyası yeni layihə həyata keçirir

"Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə icra etdiyi "Yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikası” layihəsinin icrasını uğurla davam etdirir. Məlumat üçün bildiririk ki, layihə çərçivəsində Bakı şəhərinin 10 orta məktəbində uşaqların, müəllimlərin və valideynlərin məlumatlılığının artırılması üçün maarifləndirici seminarlar keçirilmişdir. Seminarlarda sosial ehtiyaclı uşaqlara göstərilən xidmət, onların hüquqları və həyata keçirilən layihə ilə bağlı geniş məlumat verilmişdir. Seminarlarda Uşaq Hüquqları Konvensiyası, "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları izah edilmiş, habelə insan alverinin mahiyyəti, doğurduğu təhlükələr, insan alveri cinayətlərinin profilaktikası, habelə erkən nikah problemi və onun fəsadları barədə iştirakçılara məlumat verilmişdir. Uşaqlara onların hüquqları, vəzifələri, hüquqazidd əməllərə qarşı aparılan mübarizə,eyni zamanda uşaq hüquqlarını müdafiə edən Ombudsman təsisatı ilə yanaşı, digər dövlət qurumlarının səlahiyyətləri barədə də ətraflı məlumat verilmişdir. Eyni zamanda seminarlarda "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın və "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Qanunun müddəalarından danışılıb.

Layihənin icrası müddətində 18 yaşadək sosial təhlükəli vəziyyətdə olan, baxımsız uşaqlar üçün reabilitasiya xidmətləri göstərilir, uşaq alveri və məcburi əməyi aradan qaldırılmasına dəstək verilir, ölkədə insan alveri və məcburi əməyin potensial və ehtimal olunan uşaq qurbanlarına hüquqi, sosial, tibbi, psixoloji yardım edilir. Layihə müddətində xidmətlərdən 150-yə yaxın uşaq bəhrələnib.

Layihənin icrası müddətində Sosial Xidmət müəssisələrini tərk edən eyni zamanda sosial təhlekəli vəziyyətdə olan uşaqlara hüquqi məsləhətlər verilir, hüquqları dövlət orqanlarında, məhkəmələrdə və digər qurumlarda müdafiə edilir və hüquqi sənədləri hazırlanır (İddia ərizəsi, şikayət ərizələri, sorğular). Uşaqların sosial problemlərinin həll olunması məqsədilə müxtəlif dövlət orqanlarına və biznes qurumlarına müraciətlər edilir. Uşaqların Peşə kurslarına cəlb olunması işi həyata keçirilməklə yanaşı, uşaqlar üçün turizm və foto-video çəkiliş sahəsində xidmətlərin göstərilməsi sahəsində kurslar təşkil olunmuşdur. Sosial ehtiyaclı uşaqlar müxtəlif fənn və xarici dil kurslarına yönləndirilib.

Uşaqların asudə vaxtının səmərəli təşkil olunması üçün müxtəlif tədbirlər həyata keçirilmiş, əlamətdar günlərdə uşaqlar üçün əyləncəli tədbirlər təşkil edilib.

Psixoloq tərəfindən uşaqlar və ailələrlə psixoloji iş aparılmış, psixoloji mövzularda qrup işləri və təlimlər təşkil edilib.

İcra olunan layihənin əsas məqsədini sosial təhlükəli vəziyyətdə olan, baxımsız uşaqlar üçün sosial reabilitasiya xidmətlərinin göstərilməsi və baxımsız uşaqlara hüquqi, sosial, tibbi, psixoloji yardımın göstərilməsi təşkil edir.

Layihənin vəzifələri sırasına aşağıdakılar daxildir:

· Sosial xidmət müəssisələrini tərk edən və baxımsız olan uşaqların sosial adaptasiyası işinin təşkilinə yardım göstərmək və onların hüquqlarının müdafiə olunması işini həyata keçirmək;

· Sosial xidmət müəssisələrini tərk edən və baxımsız olan uşaqlara sosial müavinət, ünvanlı sosial yardım və şəxsiyyət vəsiqəsi alınması işinə yardım göstərmək;

· Sosial xidmət müəssisələrini tərk edən və baxımsız olan uşaqlara hüquqi, sosial və psixoloji yardımın göstərilməsini təşkil etmək;

· Sosial xidmət müəssisələrini tərk edən və baxımsız olan uşaqların tibbi ehtiyaclarını müəyyən etmək və sosial müşayət işini həyata keçirmək;

· Hər bir yetkinlik yaşına çatmayan baxımsız uşaq üçün şəxsi qiymətləndirmə və fərdi qayğı planı tərtib etmək;

· Sənədsiz uşaqların müvafiq dövlət strukturlarında qeydiyyatdan keçməsinə köməklik göstərmək;

· Yetkinlik yaşına çatmayan baxımsız uşaqlar zəruri sosial, psixoloji, tibbi, hüquqi yardımla təmin etmək;

· İnsan alveri və məcburi əməyin aradan qaldırılmasında sosial təsir və uşaq qurbanları haqqında ictimai və rəsmi məlumatlandırmanı artırmaq üçün bir sıra tədbirlər və ictimai görüşlər təşkil etmək.

· Müəssisələri tərk edən və baxımsız uşaqlar üçün peşə kurslarının təşkili və kursu bitirənlərin məşğulluğunun təmin olunmasına yardım göstərmək.

Qeyd edək ki, layihə 01 aprel-30 dekabr 2015-ci il müddətində həyata keçirilir.