İlham Əliyev ABŞ dövlət nümayəndələrini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Bridcet Brinkin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bridcet Brink ABŞ və Azərbaycan prezidentlərinin ikitərəfli münasibətlərimizlə bağlı apardıqları müzakirələrdən sonra Prezident İlham Əliyevlə görüşmək imkanı əldə etmələrini yüksək dəyərləndirib. Əvvəllər də Azərbaycana səfər etdiyini bildirən xanım Bridcet Brink paytaxtımızda gedən müsbət dəyişikliklərin onlarda dərin təəssürat yaratdığını deyib.


Dövlət başçısı G20-nin Antalya toplantısında ABŞ Prezidenti Barak Obama ilə ikitərəfli əlaqələrimizin inkişafı ilə bağlı fikir mübadiləsi apardıqları zaman ABŞ Prezidentinin 10 il bundan əvvəl senator kimi Azərbaycana səfərini xatırladığını məmnunluqla qeyd edib. Ölkələrimizin müxtəlif sahələrdə uzun illərdir ki, uğurla əməkdaşlıq etdiyini deyən Prezident İlham Əliyev enerji və regional təhlükəsizlik, iqtisadi inkişaf və digər sahələrdə əlaqələrimizin əhəmiyyətini xüsusi vurğulayıb.


Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, Azərbaycanla ABŞ arasında əlaqələrin enerji, iqtisadi şaxələndirmə, ticarət, təhsil, kənd təsərrüfatı, birgə layihələr, terrorizmə qarşı mübarizə, insan haqları və demokratiya və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.