Erməni lobbisinin İspaniya parlamentində 1915-ci il hadisələri ilə bağlı cəhdləri nəticə verməyib.
1915-ci il hadisələri ilə bağlı erməni iddialarının yer aldığı bəyannamənin parlament iclasında oxunması və deputatların "soyqırım qurbanları”nı bir dəqiqəlik sükutla yad etməsi mümkün olmayıb.
İspaniya parlamentindəki Katalon və Bask milliyyətçi qrupların rəhbərlik etdiyi kiçik partiyalar 1915-ci il hadisələri ilə bağlı erməni iddialarını dəstəkləyib. Amma kiçik partiyaların parlamentin gündəliyinə salınmadan bəyannaməni gündəmə gətirməsinin qarşısı Türkiyənin İspaniyadakı səfiri və ölkənin iki böyük siyasi partiyası olan iqtidardakı Xalq Partiyası (PP) ilə ana müxalifətdəki Sosialist İşçi Partiyası (PSOE) tərəfindən alınıb.
Erməni diasporunun cəhdlərinin nəticəsiz qalmasından sonra mövzu parlamentin xarici əlaqələr komissiyasında qaldırılıb. Amma bəyannamənin mətni qısaldılıb və "soyqırım” ifadəsi mətndən çıxarılıb. Sənəd yalnız bundan sonra komissiyanın iclas zalında oxunub.
Mətndə həmçinin bir dəqiqəlik sükutun yalnız ermənilər üçün deyil "o dövrdə ermənilər də daxil olmaqla həyatını itirən bütün insanlar” üçün ediləcəyi vurğulanıb.
Türkiyənin İspaniyadakı səfiri Ömər Önhon da açıqlamasında erməni diasporunun "soyqırım” iddialarının İspaniya parlamentində rədd edildiyini bildirib.