2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 98 saylı Bərdə-Tərtər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Xanlar Nuru oğlu Fətiyevin Bərdə rayonunun Bəcirəvan və Böyük Göyüşlü kəndlərində seçicilərlə görüşü keçirilib.
Görüşdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Görüşü giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya YAP-ın bu seçkilərə yüksək səviyyədə hazırlaşdığını bildirib. O, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu, zəngin siyasi və dövlətçilik təcrübəsinə söykənən Yeni Azərbaycan Partiyasının Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olduğunu deyib. Daha sonra deputatlığa namizəd Xanlar Fətiyev haqqında seçicilərə məlumat verilib.
Xanlar Fətiyev qeyd edib ki, yarandığı ağır dövrdə xalq-iqtidar birliyinə nail olmağı bacaran, xalqın rifahı naminə böyük zəfərlər, qələbələr əldə edən YAP bu gün sözün əsl mənasında xalqın partiyasına çevrilmişdir. Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanır.
X.Fətiyev çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. Çıxışının sonunda o, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı doğruldacağını söyləyib.
Tədbirdə şəhid anaları İsbət Hətəmova, Mehparə Qəribova çıxış edərək torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin bərpasının Yeni Azərbaycan Partiyasının uğurlu siyasi fəaliyyətinin əsas nəticəsi olduğunu deyiblər.
Seçicilər çıxışlarında “Biz inkişafa, sabitliyə və güclü dövlətə səs verəcəyik” deyiblər.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd Xanlar Fətiyev rayonun Bəcirəvan kəndində şəhid Şövqü Raqub oğlu İsmayılzadə, şəhid Şahin Şahmalı oğlu Abdullayevin və şəhid Bəxtiyar Əhməd oğlu Əhmədovun ailələrini də ziyarət edib.