"Bizim Sahil Babayevə suallarımız var" - Deputat naziri parlamentə çağırdı

"Bölgələrdə vakant iş yerləri hərraca çıxarılır. Amma bu vakant yerlərdə maksimum maaş 300 manatdır”.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

“Bizdə məlumat var ki, nazirliklərin qurumlarında yüksək maaşlı vakant yerlər var, amma hərraca çıxarılmır. Sahibə xanım, bizim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə kifayət qədər suallarımız var. Biz istəyirik ki, bir neçə deputat əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə görüşək, bəzi məsələləri aydınlaşdıraq ki, mətbuata daşımayaq. İki ay ərzində 48 məktub almışam ki, hamısı bu nazirliklə bağlıdır. Pensiya, ünvanlı sosial yardım, şəhid ailələri, qazilərlə bağlı problemlər var”

“Sizin komitələr dinləmələr keçirib. Sahil Babayev də bu dinləmələrdə iştirak edib. Nazirliyin özü müxtəlif məsələlərlə bağlı dinləmədə iştirak ediblər, fəal olublar”, - deyə spiker Sahibə Qafarova bildirib.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə bildirib: "Vahid müəllim dedi ki, nazirlə görüşək. İki komitənin birgə iclasında nazir 1 saata yaxın çıxış edib, suallara cavb verib. Sizin qaldırdığınız məsələni hansı mətbuat orqanı üçün deyirsizsə, hansı populyarlıq üçün bildirirsizsə, ona da ehtiyacınız yoxdur. Siz ölkədə kifayət qədər populyar adamsız"./unikal