“Bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar”

Tarixən Azərbaycan – Gürcüstan münasibətləri regionda seçilmişdir. Hər iki ölkənin xalqları bir-biri ilə əsasən mehriban qonşu və etibarlı dost kimi yaşamışlar. Dünyanın hər bir regionunda olduğu kimi, burada da müəyyən mərhələlərdə anlaşılmazlıq da olmuşdur. Ancaq əsas odur ki, ən çətin və riskli mərhələlərdə belə Azərbaycanla Gürcüstan dövlət, cəmiyyət və xalq olaraq əməkdaşlığa, dostluğa və qarşılıqlı yardıma üstünlük vermişlər. Bu davranış bütövlükdə Qafqazda digərlərinə bir nümunə olaraq qalmaqdadır.

Ulu Öndər Heydər Əliyev

 

Region ölkələrinin bir-biri ilə əlaqələri sabitliyin təmin olunması və Cənubi Qafqazın gələcəyi baxımından çox önəmlidir. Bu mənada, Azərbaycan – Gürcüstan əlaqələrinin xarakteri bölgənin inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Son illərdə hər iki ölkənin kommunikasiya və enerji təşəbbüslərində, eləcə də kommersiya fəaliyyətlərində çoxşaxəli strateji əməkdaşlıq yaratması regionun sabit inkişafına müsbət təsir göstərir. Bu müsbət dinamikanın saxlanması, Bakı və Tbilisi arasındakı strateji əlaqələrin səviyyəsilə birbaşa bağlıdır.

Azərbaycan və Gürcüstanın oxşar geosiyasi proseslərdən keçməsi hamıya məlumdur. Hər iki xalq 1918-ci ildə müstəqil dövlətlərini elan etmiş, lakin bolşeviklərin bölgədə dominant mövqe tutması ilə tezliklə müstəqilliklərini itirmişdilər. SSRİ-nin dağılmasından sonra bu respublikalar yenidən müstəqilliklərini bərpa etmək imkanı qazandılar və yeni dövrün başlanması ilə hər iki dövlət münasibətlərdə yeni mərhələyə qədəm qoydu. Məhz bu mərhələdə hər iki xalqın ictimai-siyasi həyatında, eləcə də sosial-iqtisadi inkişafında böyük rol oynamış enerji-kommunikasiya layihələri uğurla həyta keçirilmişdi. Sovet İttifaqının süqutundan sonra Qafqaz regionundan Avropaya ilk dəfə neft və qaz boru kəmərlərinin çəkilməsi Azərbaycan və Gürcüstan dövlətlərinin böyük strateji qələbəsi olmaqla yanaşı, həm də iki ölkə arasında uğurlu ikitərəfli münasibətlərin yaranmasının təsdiqi olmuşdu.

Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra Baş nazir İrakli Kobaxidzenin 2025-ci il yanvarın 17-də Azərbaycana etdiyi səfər bir çox yönləri ilə önəmli mahiyyət daşıyır. İlk növbədə, bu, Gürcüstan-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olmasının, ölkəmizin maraqlarının onlar üçün də əhəmiyyətli olmasının növbəti göstəricisi kimi simvolik əhəmiyyət kəsb edir. İrakli Kobaxidze ilə görüşdə Prezident cənab İlham Əliyev də xüsusi vurğuladı: “Parlament seçkilərindən sonra ilk səfərinizi Azərbaycana həyata keçirməyiniz, təbii ki, Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir”. Qədim tarixi köklərə malik Azərbaycan-Gürcüstan münasibətləri uğurlu inkişaf yolu keçərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Hər iki dövlət bir-birləri ilə olan ikitərəfli əlaqələrə xüsusi əhəmiyyət verir və ikitərəfli əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirmək və genişləndirməkdə lazım olan bütün addımları gerçəkləşdirirlər. Elə bu ali niyyətin, fəal siyasi dialoqun nəticəsidir ki, bu gün Azərbaycan-Gürcüstan arasında ikitərəfli əməkdaşlığın bütün parametrlərlə uğurlu həllinə imza atılıb. Bütün istiqamətlərdə - müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrdə əldə olunmuş ciddi nailiyyətlər var. Cənab Prezident həmçinin digər mühüm məsələyə də toxunaraq bildirdi ki, “Bu gün, Orta Dəhliz layihəsini müzakirə etdik. Bizim ölkələrimiz burada da yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Bizim müvafiq qurumlarımızın koordinasiya şəklindəki fəaliyyəti bu layihəni də əminəm ki, uğurla başa çatdıracaq. Burada, əlbəttə ki, biz bir çox qonşularla təmasda olmalıyıq və bu təmaslar var. Bu da böyük coğrafiyanı əhatə edən layihədir və yenə də Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır. Bilirəm ki, Gürcüstanda nəqliyyat infrastrukturunun genişləndirilməsi layihəsi icra edilir. Azərbaycanda da bu layihələr icra olunur, o cümlədən nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılması layihəsi. Yəni, biz bu işləri paralel apararaq təbii ki, həm ölkələrimiz və xalqlarımız, həm də qonşularımız üçün çox əvəzolunmaz xidmətlər göstəririk.”

Görüşdə müzakirə olunan “Orta Dəhliz layihəsi” hər iki ölkənin mənafeyinə uyğun məsələlərdən biri kimi təqdir olunmalıdır. Çünki bu layihədə hər iki ölkə yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Təbii ki, qonşu dövlətlərin də burada iştirakı olacağı şübhəsizdir. Çünki layihənin coğrafiyası böyükdür. Əsas məqam budur ki, bu layihədə Gürcüstanla Azərbaycan Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayacaqdır.

Bu gün münasibətlərimiz yüksələn xətt üzrə inkişaf edir. Hazırda ölkələrimizin əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində də mühüm rol oynayır. Əsrlər boyu Qərblə Şərqi birləşdirən Azərbaycan və Gürcüstan ərazisindən keçən qədim İpək Yolu Bakı–Tbilisi–Qars (BTQ) layihəsinin reallaşması nəticəsində “Dəmir İpək Yolu”na çevrilir. Ümumiyyətlə, BTQ-nin istismara verilməsi Azərbaycan və Gürcüstan üçün böyük əhəmiyyət kəsb edir. Bu beynəlxalq layihənin həyata keçirilməsi Trans-avropa və Trans-asiya dəmir yolu şəbəkəsinin birləşdirilməsini, yük və sərnişinlərin birbaşa Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etməklə yanaşı, həmin ölkələrin tranzit imkanlarınının artmasını, Avrasiya materikində vacib nəqliyyat sistemlərinin inteqrasiya proseslərinin və ölkələrarası ticarətin sürətlənməsini təmin edir. Eləcə də xalqlar arasında ünsiyyətin intensivləşməsinə səbəb olan BTQ-nin istifadəyə verilməsinə Azərbaycanın və Gürcüstanın dünya bazarlarına daha çox və münasib qiymətlərlə məhsul çıxarmasına şərait yaradır.

Təbii ki, xalqlarımızın firavanlığı, eləcə də regionda sabitlik bu strateji enerji-kommunikasiya layihələrinin uğurla fəaliyyət göstərməsindən asılıdır. Bu layihələr həm Azərbaycanın və Gürcüstanın iqtisadi inkişafında, həm də hər iki ölkənin siyasi müstəqilliyinin möhkəmlənməsində həlledici amil hesab olunur. Ona görə də, müşahidə edilən qarşılıqlı faydalı əməkdaşlıq Azərbaycan və Gürcüstan arasında mövcud münasibətləri daha da aktivləşdirməyə, iqtisadi əlaqələri daha da sürətlə inkişaf etdirməyə imkan yaradır. Qarşılıqlı hörmət və etimad əsasında qurulan Azərbaycan–Gürcüstan əlaqələri dinamik inkişaf edir, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə faydalı əməkdaşlıq əlaqələri qurulur.

Gürcüstan Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eləcə də Şərqdən Qərbə yüklərin daşınmasında mühüm tranzit rolunu oynayır. Gürcüstan və Azərbaycan arasında mövcud strateji tərəfdaşlıq özünməxsus xarakter daşıyır və getdikcə yeni müsbət aspektlər əldə edir ki, bu da ölkələrimizin və bütövlükdə regionun rifahı üçün əhəmiyyətlidir. Cənab prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “Təbii ki, energetika sahəsindəki iki ölkə arasındakı əməkdaşlıq həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır. Birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Təkcə onu demək kifayətdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır.”

İradə  Rizazadə, “Tərəqqi” medalı təltifçisi, "Vətəndaşların Sosial Rifahı Naminə" İB-nin sədri