Ofisin kampaniyada əsas maliyyə dəstəkçiləri Erməni Milli Komitəsi və Amerika Erməniləri Assambleyasıdır
ABŞ hakimiyyəti dövlət katibi Con Kerrinin Konqresdəki ofisi tərəfindən Azərbaycana qarşı hazırlanmış kampaniyanın qarşı tərəfin səylərilə üzə çıxarılmasından narahat olub. Azərbaycan mediasında sərt şəkildə tənqid olunan Ağ Ev rəhbərliyi vəziyyətin gərginləşməsini nəzərə alaraq, hərəkətə keçib. Bu məqsədlə Kerri demokratiya və insan hüquqları məsələləri üzrə köməkçisi Tom Malinovskini Bakıya göndərir.
	Kerrinin erməni diasporu ilə əlaqələri Amerikada keçirilən Parlament və
 prezident seçkilərini izləyən əsas tərəf bu ölkədəki erməni diaspor 
təşkilatları – Erməni Milli Komitəsi (EMK) və Amerika Erməniləri 
Assambleyasıdır (AEA). Diasporun başlıca məqsədi qondarma erməni 
soyqırımı və Dağlıq Qarabağla bağlı iddialarını dəstəkləyəcək şəxsin 
hakimiyyət orqanlarında təmsil olunmasıdır. EMK və AEA hər seçkilərdə 
Respublikaçılar və Demokratlar Partiyalarına eyni məzmunda məktub 
göndərirlər. Hər məktubda isə, qondarma erməni soyqırımı, Azərbaycana 
qarşı tətbiq olunmuş 907-ci düzəlişin sərtləşdirilməsi və Dağlıq 
Qarabağdakı separatçı rejimi tanımaq haqqında istəklər yer alır. Təbii 
ki, namizədlərin əksəriyyəti siyasi məqsədləri üçün ermənilərin bu 
istəklərini yerinə yetirərək, yuxarıda qeyd olunan məsələlərə dəstək 
sözü verirlər. Hələ 2004-cü il prezident seçkisində namizəd kimi iştirak
 edən Con Kerriyə erməni diasporunun göndərdiyi məktub Türkiyə 
mediasında ifşa olundu. Diaspor erməni iddialarını tanımaq qarşılığında 
Kerriyə onu seçkilərdə dəstəkləyəcəyi sözünü verdilər. Kerri isə 
prezident olacağı təqdirdə qondarma erməni soyqırımını rəsmi şəkildə 
tanıyan qətnamə qəbul etməliydi. 2004-cü ilin avqustunda erməni diaspor 
nümayəndələri ilə görüşündə Kerri belə dedi: "Soyqırımın tanınması 
yönündə mübarizəmi davam etdirəcəm. 2005-ci ilin aprel ayında mənim 
rəhbərliyimlə soyqırım rəsmi şəkildə tanınacaq”. Lakin Kerri seçkilərdə 
məğlub oldu. Növbəti dəfə o, dövlət katibliyi seçkilərinə qatıldı və bu 
dəfə də, erməni diasporundan lazım olan dəstəyi aldı. Eyni sözü verdi. 
Amma Kerri də digər amerikalı diplomat və prezidentlər kimi sözünə əməl 
etmədi. 2013-cü ildə dövlət katibi kimi fəaliyyətə başlayan Con Kerrinin
 "soyqırım” əvəzinə "faciə” sözünü işlətməsi Ermənistanın və dünya 
erməni diasporunu məyus etdi. Senator olduğu dövrdə erməni lobbisi və 
diasporuna yaxınlığı ilə seçilən Kerri yeni vəzifəyə başlayan kimi 
mövqeyində yumşalımış kimi göründü. Erməni lobbisinin satın aldığı 
senatorlar Barbara Boxer və Robert Menendezin Kerrinin dövlət 
katibliyinə namizədliyinin təsdiqlənməsi üçün keçirdikləri sorğuda 
qondarma erməni soyqırımı ilə bağlı suallar da verildi. Kerri 1915-ci 
ildə Osmanlıda baş verən hadisələrlə bağlı mövqeyini açıqlamaq üçün 
suallara belə cavab verdi: ABŞ 1.5 milyon erməninin Osmanlı 
İmperiyasının son günlərində köç və müharibə şəraitində öldüyünü qəbul 
edir. Amerika prezidentləri hər ilin aprelin 24-də bunu xatırlayırlar”. 
Amerika Erməniləri Milli Komitəsi idarə heyətinin üzvü Seto Boyadyan 
Kerrinin senator olduqları dövrdə "soyqırım”ı tanıyacaqları sözü verən 
Barak Obama, Hillari Klinton və Co Biden kimi fikir dəyişdirdiyini dedi.
 Qurumun İdarə Heyətinin sədri Aram Amparyan dövlət katibininin bu 
hərəkətinin ermənilərdə təəssüf hisslərinin doğurduğunu bildirdi.
Malinovski Bakıya niyə gəlir?
Kerrinin Azərbaycanda keçiriləcək I Avropa Oyunlarını pozmaq cəhdləri məhz qondarma erməni soyqırımı məsələsində erməni diasporuna verdiyi sözdən qaynaqlanır. Belə ki, nə senator, nə də dövlət katibi kimi fəaliyyəti dövründə Con Kerri bir dəfə də olsun, "soyqırım” sözünü işlətmədi. Təbii ki, bu məsələdə o, Obama administrasiyasının mövqeyindən çıxış edərək, bölgədə Türkiyə kimi müttəfiqini itirməmək üçün ermənilərin istəklərini yerinə yetirmir. Kerri qondarma soyqırımın 100 illiyi ərəfəsində də "soyqırım” sözünü işlətmədi. Bunun əvəzində isə, o çox güman ki, erməni diasporuna Bakıda keçiriləcək Avropa Oyunlarını pozmaq sözünü verib. Nəticədə Konqresdəki ofisi tərəfindən məlum kampaniyanı başladıb. Ofisin kampaniyada əsas maliyyə dəstəkçiləri Erməni Milli Komitəsi, Amerika Erməniləri Assambleyası kimi diaspor təşkilatlarıdır. Təbii ki, bu gün bu kimi faktların üzə çıxarılması və ifşa olunması Ağ Evi narahat edir. Həmçinin bu narahatlıq, Amerikanın Cənubi Qafqazda Azərbaycan kimi strateji tərəfdaşını itirmək qorxusudur. Bunun üçün də, Kerri Malinovskini Bakıya göndərir.
	
	
	
	Mənsur