Kim Çen In Ayı hədəf aldı

Şimali Koreya lideri Kim Çen In 2020-ci il üçün Aya raket buraxılışı planını təsdiqləyib.

sabahinfo.az Newsweek-ə istinadən xəbər verir ki, bu barədə Şimali Koreyanın Kosmik Agentliyinin nümayəndəsi Hen Kvan İl bəyan edib.

Beynəlxalq sanksiyalara baxmayaraq, Phenyanın proqramı çərçivəsində Yer orbitinə yeni peyklərin çıxarılması planlaşdırılır.  

Şimali Koreya Milli Aerokosmik İdarəsinin elmi-tədqiqat şöbəsinin direktorunun sözlərinə görə, ABŞ və onun müttəfiqləri Şimali Koreyanın kosmik məkanları fəth etməsinin qarşısını ala bilməzlər. 

Respublika Yer kürəsini müşahidə peyk şəbəkəsini inkişaf etdirməyə, həm də geostasionar peyklərin yardımı ilə telekommunikasiya problemlərini həll etməyə hazırlaşır. On il ərzində ölkə Aya göyərtəsində dövlət bayrağı olan pilotsuz raket göndərəcək.

2016-cı ilin iyulunda Şimali Koreya üç ballistik raket buraxılışını həyata keçirib. Raketlər Yapon dənizi istiqamətində bir neçə yüz km məsafə qət ediblər. Vaşinqton və Seul bildiriblər ki, Şimali Koreya tərəfində təhdidə qarşı Koreya yarımadasında RƏM sistemi quraşdırılacaq. Belə ki, Phenyan "qətiyyətli fiziki kontr tədbirlər” görəcəyini elan edib. 

İlin əvvəlində Şimali Koreya rəsmi olaraq nüvə bombasının uğurlu sınağını bəyan edib. Nəticədə BMT-nin Təhlükəsizlik Şurası Phenyana dair yeni sanksiyalar tətbiq edib.