Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Söz” ədəbi layihəsi çərçivəsində poeziya gecəsi keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, gənc şairə Leyla Əliyeva iştirak edib.
Gecədəki poeziyasevərlər, gənc şairlər müxtəlif mövzularda sevilən şeirləri səsləndiriblər.
Tədbirdə, həmçinin Rusiya, Fransa və Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri şeirlər, o cümlədən Bakı haqqında şeir söyləyiblər. Eyni zamanda, Leyla Əliyeva öz şeirlərini tamaşaçılar üçün təqdim edib.
Tədbir ədəbiyyata, poeziyaya marağın və diqqətin artırılması ilə yanaşı, ölkəmizin mədəniyyətinin təbliği, klassik və müasir ədəbiyyatımızın dünyada tanıdılması, yeni istedadlı yazarların aşkar olunması, müxtəlif ölkələrin mədəniyyətlərinin öyrənilməsi və bununla, həm də multikultural ənənələrin yaşadılması baxımından əhəmiyyətlidir.
İştirakçılar Leyli Ələkbərovanın Milli İncəsənət Muzeyində təqdim edilən "Qadın portretləri” fotolayihəsi ilə də tanış olublar.