Mayın 6-da 56-cı 
"Venesiya Biennalesi” - Beynəlxalq İncəsənət Sərgisi çərçivəsində Heydər
 Əliyev Fondunun və IDEA-nın (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq
 Dialoq) dəstəyi ilə Azərbaycan pavilyonunda iki sərginin açılışı olub.
Sabahinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib.
"Venesiya
 Biennalesi” bütün incəsənət xadimləri və həvəskarları üçün 
səbirsizliklə gözlənilən hadisədir. Çünki bu, dünyanın çağdaş 
incəsənətində ən nüfuzlu və mötəbər sərgi-aksiya hesab olunur. Noyabrın 
22-dək davam edəcək sərgidə onlarla ölkə öz pavilyonunu təqdim edir. 
Azərbaycan pavilyonu da şəhərin ən izdihamlı məkanlarından birində - 
"Kampo Santo Stefano”dakı XIV əsrə aid "Lezze” Sarayında yerləşir. 
Azərbaycan pavilyonunda təşkil olunan sərgi "Hüdudları aşaraq” adlanır. 
Bura gələn qonaqlara Azərbaycan milli musiqisinin müşayiəti ilə rəqs 
nömrələri təqdim olunub.
Sərginin
 açılışında çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla 
Əliyeva qonaqları salamlayaraq 56-cı "Venesiya Biennalesi”ndə iştirak 
etməkdən məmnun olduğunu bildirib və Azərbaycan rəssamlarının təmsil 
olunduğu "Hüdudları aşaraq” sərgisinin əhəmiyyətinə toxunub:
-
 Pavilyondakı əsərlərdə XX əsrin ortalarında sovet rejiminin kölgəsində 
qalmış rəssamların ruhu əks olunur. Pavilyon bizi Azərbaycan tarixinin 
vacib məqamına gətirib çıxarır və həmin ərəfədə susdurulmuş və ya məhəl 
qoyulmamış rəssamlara sanki səs verir. 1918-ci ildə biz ilk 
müstəqilliyimizi qazandıq və həmin dövrdə qadınlara səsvermə hüququ 
verildi və onlar parlamentə seçildilər. Həmçinin müsəlman Şərqində ilk 
opera və balet Azərbaycanda səhnəyə qoyuldu. Bundan sonra isə artıq 
mürəkkəb və füsunkar mədəni quruluşumuza yeni təbəqə əlavə etmiş sovet 
dövrü başladı. Bu gün ilk dəfə biz həmin ərəfədə işlənilmiş bəzi 
möhtəşəm incəsənət işlərinin nümayiş olunduğunu görə bilərik. Mən zamana
 bağlı olmayan bir incəsənətin yaradılmasının bugünkü meyillərlə 
ayaqlaşmadığına, səmimiyyət və dərin düşüncə ilə incəsənət əsərlərinin 
yaradılması ilə əlaqəli olduğuna həqiqətən də inanıram. Azərbaycan 
rəssamları, hətta ətrafındakılar onları dayandırmağa çalışsalar belə 
bunu uzun illər boyunca ediblər. Ümid edirəm ki, bu sərgini dolaşanda 
siz bu rəssamların səslərini eşidəcəksiniz və razılaşacaqsınız ki, 
onların incəsənəti zamanın sınağından keçib.
Venesiyada
 təşkil olunan "Vita Vitale” sərgisinin ideyasının təbiətin mühafizəsi 
ilə sıx bağlı olduğunu deyən Heydər Əliyev Fondunun vitse-prezidenti 
qarşılaşdığımız ekoloji problemlərin incəsənətin dili ilə 
çatdırılmasının əhəmiyyətindən danışıb, bu sərginin İDEA laboratoriyası 
tərəfindən təşkil edilməsindən şad olduğunu bildirib. Rəhbərlik etdiyi 
İDEA-nın fəaliyyəti və həyata keçirdiyi layihələri barədə məlumat verən 
Leyla Əliyeva ölkəmizdə ekoloji tarazlığın qorunması ilə bağlı görülən 
tədbirlərdən də danışıb.
Sərginin
 kuratoru Simon de Püri bu yeni layihə üzərində Heydər Əliyev Fondu ilə 
birgə işləməkdən şərəf duyduğunu bildirib. O, ötən illərdə Fondun 
təşəbbüsü ilə müxtəlif ölkələrdə təşkil olunmuş "Bakıya uçuş” 
sərgilərində iştirak edən Azərbaycan rəssamlarının əsərlərinin artıq 
dünya miqyasında tanındığını diqqətə çatdırıb. Vurğulayıb ki, "Hüdudları
 aşaraq” sərgisi ötən əsrin 60-cı, 70-ci və 80-ci illərində Azərbaycanda
 yaşamış və fəaliyyət göstərmiş, lakin unudulmuş rəssamların yenidən 
kəşf olunmasına böyük təkan verir.
Artıq
 beşinci dəfə "Venesiya Biennalesi” - Beynəlxalq İncəsənət Sərgisinə 
qatılan Azərbaycanın pavilyonundakı "Hüdudları aşaraq” sərgisində 7 
rəssamın - Əşrəf Muradın, Cavad Mircavadovun, Tofiq Cavadovun, Rasim 
Babayevin, Fazil Nəcəfovun, Hüseyn Haqverdinin və Şamil Nəcəfzadənin 
əsərləri təqdim olunur. "Venesiya Biennalesi” vasitəsilə geniş tamaşaçı 
auditoriyasına açıq olan bu əsərlər XX əsrin repressiv sovet rejiminin 
kölgəsində qalan rəssamların və onların əsərlərinin ruhunu, azadlıq 
eşqini işıqlandırır. O vaxtlar sovet rejimində kommunist ideologiyasına 
qarşı çıxan, "üsyankar” mövqelərini bildirmək istəyən rəssamların 
sərgiləri təşkil edilmirdi, rəssamlar hətta ölkədən kənara da çıxa 
bilmirdilər. "Hüdudları aşaraq” sərgisi isə indiyədək qaranlıqda qalan 
rəssamların sarsılmayan ruhlarını, onların sənət dünyasını nümayiş 
etdirir.
Qeyd
 edək ki, "Venesiya Biennalesi” müasir incəsənət sahəsində dünyanın 
nüfuzlu sərgisi hesab olunur. Bu tədbir müasir incəsənət əsərlərini 
görmək, öz yaradıcılığını təqdim etmək, incəsənət xadimləri ilə görüşmək
 və müasir meyillərin müzakirəsi üçün geniş imkan yaradır. Heydər Əliyev
 Fondu 2004-cü ildən müasir incəsənətin və gənc rəssamların 
yaradıcılığının inkişafına dəstək verən layihələr həyata keçirir. 
Bunlardan biri də ölkəmizin "Venesiya Biennalesi”ndə iştirakı 
layihəsidir.
Daha sonra "Venesiya Biennalesi” çərçivəsində "Vita Vitale” beynəlxalq sərgisinin də açılışı olub.
Heydər
 Əliyev Fondunun və İDEA-nın birgə təqdim etdikləri bu sərgi planetin 
taleyindən narahatlıqlarını əks etdirən müxtəlif ölkələrin rəssamlarını 
bir araya gətirir. Ekspozisiyaya Azərbaycan, ABŞ, Avstriya, Böyük 
Britaniya, Kanada, Fransa, İtaliya, Niderland, Pakistan, İsveçrə və 
Özbəkistan rəssamlarının əsərləri daxildir. Belə ki, "Vita Vitale”də 
Edvard Burtinski, Mirça Kantor, Loris Çekkini, Toni Kreqq, Laura Ford, 
Leyla Əliyeva, Aida Mahmudova, Endi Vorhol və digər məşhur rəssamların 
əl işləri yer alıb. Bu sərgi ekoloji problemlərlə mübarizə aparan 
rəssamların nəzər nöqtələrini ortaya qoyur. Burada təkcə Azərbaycanın 
deyil, bütün planetin keçmişini, bu gününü və gələcəyini təyin edən 
sosial və ətraf mühit məsələləri ilə bağlı rəssamların düşüncələri 
işıqlandırılıb. "Vita Vitale” sərgisinin ideyalarına tam cavab verən 
İDEA laboratoriyası bizim təbiətlə gələcək əlaqələrimizi formalaşdırmağa
 yönəlmiş iddialı və uzun müddətli layihələrin təkmilləşdirilməsi üçün 
bir məkan rolunu oynayır. Davam etməkdə olan tədqiqatları 
stimullaşdırmaqla bu məkan bir sıra önəmli təşəbbüslərə töhfə verir.
Xatırladaq
 ki, bundan əvvəl 55-ci "Venesiya Biennalesi”ndəki "Ornamentlər” adlı 
Azərbaycan pavilyonunda ölkəmiz 6 rəssamla təmsil olunurdu. Builki 
tədbirə isə 89 ölkə öz milli pavilyonları və 44 sərgi ilə qatılıb.