Aprelin 22-də Azərbaycan Dillər Universitetində Fransa tarixçisi və 
hüquqşünası Jorj dö Malevilin Azərbaycan dilinə tərcümə edilmiş 
kitabının təqdimat mərasimi keçirilib. "1915-ci il erməni faciəsi” adlı 
kitabı Azərbaycan dilinə millət vəkili, Mətbuat Şurası Beynəlxalq 
Əlaqələr Komissiyasının sədri, Cavanşir Feyziyev tərcümə edib. 
Təqdimatda yazıçı Çingiz Abdullayev, yazıçı-publisist Yunus Oğuz, 
Mətbuat Şurasının sədri Əflatun Amaşov, şair Elçin Mirzəbəyli, millət 
vəkilləri Musa Qasımlı, Fuad Muradov, ADU-nun prorektpru Vazeh Əsgərov, 
Türkiyənin Azərbaycandakı səfirinin müşaviri Seyid Əhməd Arslan, 
Fransanın Azərbaycandakı səfiri Paskal Mönye, yazıçılar, tarixçilər, KİV
 rəhbərləri, tələbələr və müəllimlər iştirak ediblər. Yazıçı Çingiz 
Abdullayev çıxışında ermənilərin zaman-zaman Türkiyə və Azərbaycan 
türklərinə qarşı törətdiyi vəhşiliklərdən danışıb və qondarma erməni 
soyqırımının 100 illi ərəfəsində belə bir kitabın Azərbaycan dilinə 
tərcümə olunmasının əhəmiyyətini diqqətə çatdırıb. Ç.Abdullayev qeyd 
edib ki, kitab Azərbaycan dili ilə yanaşı ingilis, rus və digər xarici 
dillərə də tərcümə edilməlidir. Yazıçı həmçinin ermənilərin uydurma 
iddialarının təbliğatına qarşı rəsmi olmaqla yanaşı, həm də digər 
vasitələrlə hücum etməyin vacibliyini qabağa çəkib. Millət vəkili Musa 
Qasımlı isə çıxışında qeyd edib ki, ermənilər özlərini dünyaya "məzlum 
millət” kimi təqdim etməyə çalışır. Ermənistan və bir sıra ölkələrin 
Türkiyənin arxivlərin açılması təklifinə yaxın gəlmədiklərini deyən Musa
 Qasımlı vurğulayıb ki, arxivlərin açılması ermənilərin 100 illik 
yalanlarının ifşa olunması demək olacaq. O, həmçinin arxivlərdə erməni 
iddialarını ifşa edəcək kifayət qədər dəlillərin olduğunu da diqqətə 
çatdırıb. Qeyd edib ki, ermənilərin qondarma soyqırım təbliğatının 
qarşısının alınmasında Türkiyənin üzərinə böyük yük düşür. Millət vəkili
 bu işdə Azərbaycanın həmişə qardaş ölkəyə yardım etdiyini və bu 
yardımın bundan sonra da davam edəcəyini deyib. Millət vəkili Fuad 
Muradov isə bildirib ki, 1915-ci il hadisələrinin obyektiv 
qiymətləndirilməsi üçün müxtəlif nəşrlər və kitabların sayı 
artırılmalıdır. F.Muradov gəncləri bu işdə sosial şəbəkələrdə və digər 
fəaliyyət sahələrində aktiv olmağa çağırıb. Türkiyə səfirliyinin rəsmisi
 Seyid Əhməd Arslan çıxışında XX əsrin əvvəllərində ermənilərin 
milyonlarla müsəlman və türkü qətlə yetirdiklərini bildirib. O, qeyd 
edib ki, milyonlarla günahsız insanların qətllərində erməni vəhşiliyinin
 izləri var. Ə.Arslan qondarma erməni soyqırımı barədə iddiaların 
əsassız və 1915-ci ildə baş verənlərin soyqırım olmadığını sözlərinə 
əlavə edib. Müşavir Azərbaycanın bu yöndə Türkiyəyə verdiyi dəstəyə 
görə, öz təşəkkürünü bildirib. Fransa səfiri Paskal Mönye çıxışında 
vurğulayıb ki, müharibə şəraitində müəyyən itkilərin olması təbii 
hadisədir. O, Fransa və Almaniya arasında müxtəlif dövrlərdə baş verən 
müharibələrdə milyonlarla insananın həlak olduğunu deyib. Səfir həmçinin
 bildirib ki, 90-cı illərin əvvəllərində Ermənistanın Azərbaycan 
ərazilərinə hücumu nəticəsində çoxlu sayda azərbaycanlı öldürülüb. O, 
Xocalıda bir gecənin içində 613 nəfər azərbaycanlının ermənilər 
tərəfindən qətlə yetirldiyini də diqqətə çatdırıb. Paskal Mönye 
suverenliyinin qorunmas üçün Fransanın həmişə Azərbaycanın yanında 
olacağını vurğulayıb.
Qeyd edək ki, "1915-ci il Erməni faciəsi” kitabında Jorj dö Malevil 1915-ci ildə Osmanlı İmperiyasında baş verən hadisələrdə ermənilərin soyqırıma məruz qalmadıqlarını bildirir.
	
                    Qeyd edək ki, "1915-ci il Erməni faciəsi” kitabında Jorj dö Malevil 1915-ci ildə Osmanlı İmperiyasında baş verən hadisələrdə ermənilərin soyqırıma məruz qalmadıqlarını bildirir.