Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qusar rayonu ərazisindəki "Şahdağ” Turizm Mərkəzində olub.
Nazirlikdən daxil olan məlumata görə, Ə.Qarayev turizm kompleksində aparılan tikinti-quraşdırma işlərinin gedişi ilə maraqlanıb.
Kompleksin baş layihəçisi və baş podratçı təşkilatların rəhbərləri ilə işlərin gedişini ətraflı müzakirə edən nazir müəyyən çatışmazlıqların aradan qaldırılması üçün tövsiyə və tapşırıqlarını verib.
Nazir həmçinin "Şahdağ” Turizm Mərkəzinin müdiriyyəti və burada fəaliyyət göstərən otellərin idarəçiliyini həyata keçirən şirkətin təmsilçiləri ilə görüşüb.
Görüşdə Prezident İlham Əliyevin 10 sentyabr 2015-ci il tarixdə imzaladığı "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində "Şahdağ” Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” sərəncamın əhəmiyyəti vurğulanıb, sərəncamın icrası ilə bağlı bütün tədbirlərin yüksək səviyyədə həyata keçirilməsinin vacibliyi qeyd olunub.
Kompleksdə qış turizm mövsümünə hazırlıq işlərinin vəziyyəti barədə nazirə məlumat verilib. Yeni il münasibətilə hazırlanan mədəni-əyləncəli proqramlara dair təqdimat keçirilib. Əbülfəs Qarayev turizm mərkəzində mövsümə hazırlıqla bağlı müvafiq tapşırıqlar verib.