Millət vəkili “Rembo” ilə görüşdü

Bu gün Mərkəzi Hərbi Hospitalda aprel döyüşlərində ağır yaralanaraq müalicə olunan Mingəçevir sakini Rahim Tağıyevi ziyarət etdim.

 

sabahinfo.az xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə yazıb. Deputat döyüşlərdə qəhrəmanlıqla vuruşan, aprelin 4-də başından ağır yaralanan Rahim Tağıyevlə yanaşı, bir neçə hərbiçimizə də baş çəkib:

 

"Cərrahiyyə əməliyyatlarından sonra reanimasiyada olub. Hazırda ona böyük diqqət göstərilir, Rahimi əməliyyat edən və gündəlik nəzarət edən həkim dəfələrlə xaricdə təcrübə keçən, professional həkimlərimizdəndir. Palatada qəhrəmanımızla birgə yatan başqa bir gizir və əsgərlə də söhbət etdim. Əhval-ruhiyyələri yüksəkdir, valideynləri ilə görüşlərinə daim şərait yaradılır. Həmçinin qonşu palatada müalicə olunan "Rembo” ləqəbli hərbiçimizlə də görüşdüm, onun da müalicəsi yaxşı gedir.

 

Palatada mənimlə birgə olan baş həkim polkovnik-leytenant Tofiq Tağıyev və tibbi personalın öz işlərinə məsuliyyətlə yanaşdıqları hiss edilirdi. Hətta bir tibb bacısı aprel günlərində öz təşəbbüsü və təkidi ilə düz 27 gün palatalarda ağır yaralıların yanında qalıb, onlara qulluq edib, ev yeməyi belə bişirib.

 

Sonradan Rahimin ailəsinə zəng edərək onlarla bu barədə danışdım və yaralının müalicəsinin ciddi nəzarətdə olduğunu söylədim”.