Ölkənin iqtisadi təhlükəsizliyi və daxili bazarının qorunmasında, onun beynəlxalq iqtisadi və
ticarət əlaqələrinin genişləndirilməsində müstəsna rol oynayan Azərbaycanın gömrük sistemi xalqımızın
ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilən siyasətə uyğun olaraq formalaşmış və inkişaf
edərək dövlət müstəqilliyinin əsas atributlarından biri olan çoxfunksiyalı kompleksə çevrilmişdir.
XX əsrin sonlarında Azərbaycanın öz müstəqilliyini bərpa etməsi, cəmiyyətin bütün sahələrində
aparılan demokratik, hüquqi və iqtisadi islahatlar respublikamızın inkişafına təkan verdi, beynəlxalq aləmdə
nüfuzunun artmasına səbəb oldu. İqtisadi inkişaf və tərəqqi baxımından çox böyük nailiyyətlər əldə edən
Azərbaycan dünya birliyində öz layiqli yerini tutdu. Bununla belə, Azərbaycanda dövlət quruculuğu prosesi sıra
obyektiv və subyektiv səbəblərdən çox çətin və mürəkkəb yol keçdi. 1991-1993-cü illərdə ölkənin ictimai-siyasi
həyatında hökm sürən qeyri-sabit vəziyyətə ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə
qayıdışı ilə son qoyuldu. Məhz onun rəhbərliyi altında dövlət quruculuğunun bütün sahələrində iqtisadi inkişafa
və sosial-siyasi gərginliyin aradan qaldırılmasına xidmət edən genişmiqyaslı islahatlar həyata keçirildi.
Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət quruculuğu sahəsində təxirəsalınmaz vəzifələrdən
biri də ölkənin iqtisadi maraqlarının qorunması, səmərəli xarici-iqtisadi fəaliyyət və idxal-ixrac əməliyyatlarına
dövlət nəzarət sisteminin yaradılması, sərhədlərin iqtisadi təhlükəsizliyinin təmin edilməsi idi. Qısa zaman
kəsiyində milli gömrük xidmətinin yaradılması və formalaşdırılması bütün kəskinliyi ilə qarşıda dururdu.
Azərbaycanın dövlət suverenliyinin mühüm atributlarından biri olan Dövlət Gömrük Komitəsi 1992-ci il
yanvarın 30-da yaradıldı. Lakin o zaman mürəkkəb ictimai-siyasi vəziyyət gömrük orqanlarının formalaşmasına
imkan vermədi. Həmin tarixi şəraitdə Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevin 24 fevral 1992-ci il
tarixli qərarı ilə Naxçıvan MR Dövlət Gömrük Komitəsinin yaradılması və əsl milli gömrük xidmətinin
formalaşdırılması sahəsində görülən tədbirlər isə nəinki Naxçıvanı düşdüyü blokada vəziyyətindən çıxarmaq və
yerli iqtisadiyyatı möhkəmlətmək üçün şərait yaratdı, həm də bütün Azərbaycanda siyasi münasibətlərə
əhəmiyyətli təsir göstərmiş oldu.
Məlum olduğu kimi, 1991-1992-ci illərdə və 1993-cü ilin birinci yarısında Azərbaycanda hökm sürmüş
şəraitdə zəruri hüquqi-normativ bazaya malik normal gömrük sisteminin formalaşdırılması mümkün ola
bilməzdi. Həmin dövrdə gömrük orqanları qarşısında duran vəzifələr, demək olar ki, icra olunmur, neqativ
hallar baş alıb gedirdi. Gömrük sistemindəki bu vəziyyət beynəlxalq aləmdə kövrək addımlarını atan müstəqil
Azərbaycan dövlətinin siyasi nüfuzuna da xələl gətirirdi. Belə ki, iqtisadiyyatın idarə edilməsinin inzibatiamirlik
metodlarına və keçmiş İttifaq bazarının vahidliyinə əsaslanan gömrük və onun bazar iqtisadiyyatına
keçid şəraitinə uyğunlaşdırılmayan hüquqi-normativ bazası günün tələblərinə cavab vermirdi. Azərbaycan
Respublikası Milli Məclisinin qərarı ilə keçmiş SSRİ-nin Gömrük Məcəlləsi və Gömrük Tarifi haqqında
qanunları respublika ərazisində qüvvəsini saxlayırdı.
1993-cü ilin ikinci yarısından başlayaraq Azərbaycanın ictimai-siyasi həyatında müsbət dəyişikliklər
baş verdi, siyasi və iqtisadi sahələrdə ardıcıl şəkildə islahatlar aparıldı, dövlətin bütün ölkələrlə bərabərhüquqlu
və qarşılıqlı iqtisadi əməkdaşlığını nəzərdə tutan vahid iqtisadi strategiya formalaşdırıldı. Azərbaycan
müstəqillik əldə etdikdən sonra qazandığı ən böyük nailiyyətlərdən biri də Heydər Əliyevin təşəbbüsü ilə 1994-
cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi” oldu. "Azəri”, "Çıraq” və "Günəşli” yataqlarının birgə
işlənməsi və neft hasilatının pay bölgüsü haqqında sazişin imzalanması, beynəlxalq neft müqaviləsi çərçivəsində
görülən işlər ölkəyə yeni, mütərəqqi texnologiyaların gətirilməsinə və bütün bunlarla yanaşı, nəqliyyat və
xidmət sahələrinin inkişafına, peşəkar milli kadrların hazırlanmasına və minlərlə iş yerinin açılmasına şərait
yaratdı. Eyni zamanda, həyata keçirilən fəal xarici siyasət beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun
yüksəlməsinə, bir çox dövlətlərlə yüksək səviyyədə əlaqələrin qurulmasına, ölkənin siyasi imicinin dəyişməsinə,
onun xarici-iqtisadi əlaqələrinin genişlənməsinə və ölkəyə güclü investisiya axınına səbəb olmuşdur. Avropa
dövlətləri və ABŞ-la bərabərhüquqlu və qarşılıqlı faydalı, hərtərəfli münasibətlərinin yaradılması sahəsində
uğurları isə xüsusi qeyd edilməlidir.
Beləliklə, yeni tarixi şərait ölkəyə investisiya təyinatlı malların idxalının artımı, xarici-iqtisadi fəaliyyəti
tənzimləyə biləcək çevik gömrük siyasətinin həyata keçirilməsi, eləcə də bazar iqtisadiyyatına keçid şəraitində
sahibkarlığa sağlam rəqabət şəraiti yaradılmasını tələb edirdi. Azərbaycan gömrük təşkilatının işinin yenidən
427
qurulması üçün keçmiş SSRİ-dən miras qalmış hüquqi-normativ bazanın, texniki resursların və kadr
potensialının yeniləşdirilməsi tələb olunurdu.
1995-ci il yanvarın 9-da Azərbaycan Prezidentinin yanında gömrük işinin təşkilinə həsr olunmuş
müşavirə respublikada gömrük xidmətinin yenidən qurulmasının, inkişafının əsas istiqamətləri və prinsiplərini
müəyyən etdi. Heydər Əliyev həmin müşavirədə Dövlət Gömrük Komitəsinin fəaliyyətini təhlil edərkən
demişdir: "Gömrük orqanları Azərbaycan öz müstəqilliyini əldə edəndən sonra yaranmışdır. Onlar fəaliyyət
göstərir, ancaq mən ümumən deyə bilərəm ki, müstəqillik dövründə əldə etdiyimiz nailiyyətlərlə yanaşı, böyük
nöqsanlarımız, çatışmazlıqlar da var. Bunların başlıcası iqtisadiyyatın belə vəziyyətə düşməsi, xarici ölkələrlə
iqtisadi əlaqələrin sağlam, düzgün əsasda qurulmamasıdır. Bu çatışmazlıqların mövcud olmasının əsas
səbəblərindən biri gömrük orqanlarının işindəki nöqsanlardır”. Gömrük sisteminin qurulmasında, kadr
siyasətində, dövlət büdcəsi qarşısında öhdəliklərin yerinə yetirilməsində ciddi nöqsanlara yol vermiş və strateji
əhəmiyyətli malların qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılmasına şərait yaratmış Gömrük Komitəsi rəhbərliyini
tutduğu vəzifədən uzaqlaşdırmaqda dövlət başçısı Heydər Əliyevin əsas məqsədi gömrük orqanlarının işinin
kökündən dəyişdirilməsi, sağlam əsaslar üzərində qurulması idi.
Gömrük xidmətinin ölkə iqtisadiyyatının inkişafında rolunu yüksək qiymətləndirən Heydər Əliyev bu
orqanın fəaliyyətini daim diqqətdə saxlayırdı. 1995-ci ilin əvvəllərindən etibarən Dövlət Gömrük Komitəsi yeni
rəhbərliyinin az müddətdə kadr potensialını yeniləşdirməsi, gömrük nəzarətinin səmərəsinin və xidməti
intizamın gücləndirilməsi, struktur dəyişikliklərinin keçirilməsi, gömrük buraxılış məntəqələrinin texniki
resurslarının möhkəmləndirilməsi və yeni gömrük postlarının yaradılması, avtomatlaşdırılmış idarəetmə
sisteminə keçid, tarif-tənzimləmə sisteminin təkmilləşdirilməsi və digər tədbirlər nəticəsində ölkədə gömrük
işinin yenidən qurulmasına başlanıldı.
Ümummilli lider Heydər Əliyev iqtisadi məsələlərə həsr edilmiş müşavirə və yığıncaqlarda, xüsusilə,
1997-ci il yanvarın 30-da Dövlət Gömrük Komitəsinin yaradılmasının 5-ci ildönümünə və gömrük
əməkdaşlarının peşə bayramı gününə həsr edilmiş təntənəli yığıncaqdakı nitqində gömrük orqanlarının
fəaliyyətini son dərəcə dəqiqliklə təhlil edərək, bu sistemdə yaranmış problemlərin həlli yolunun tələbkarlıq və
nizam-intizam, peşəkarlıq mühitinin formalaşdırılması, kadrlarla işin yenidən qurulması, hər bir gömrük
işçisinin öz dövlətinə sadiqlik prinsipinin əsas meyara çevrilməsi sayəsində mümkünlüyünü göstərmişdir.
"Hesab edirəm ki, sizin qarşınızda, Azərbaycan gömrük təşkilatının, Gömrük Komitəsinin qarşısında duran
vəzifələr çox böyükdür və siz bu vəzifələri layiqincə yerinə yetirməyə özünüzü səfərbər etməlisiniz. Gömrük
xidmətinin vəzifəsi təkcə iqtisadi xarakter daşımır, yəni, gömrük xidməti Azərbaycanın dövlət müstəqilliyinin
qorunması üçün lazım olan bir təşkilat kimi, eyni zamanda, başqa funksiyalar da daşıyır. Bu funksiyaların
hamısını siz layiqincə yerinə yetirməlisiniz” -deyən Heydər Əliyev Azərbaycan dövlətçiliyinin
möhkəmləndirilməsi vəzifəsinin yerinə yetirilməsində, dünya birliyində respublikamızın demokratik, hüquqi
dövlət olaraq tanınmasında gömrük xidmətini də mühüm dövlət orqanı kimi ön cərgədə görmək istədiyini
bildirirdi.
Azərbaycan Respublikasının dövlət büdcəsinin formalaşmasında Dövlət Gömrük Komitəsinin rolu xeyli
artırıldı, gömrük işinin iqtisadi göstəriciləri və maddi-texniki resursları, informasiya təminatı yaxşılaşdırıldı,
gömrük qanunvericiliyinin formalaşdırılması, hüquqi-normativ sənədlərin və gömrük işinə dair ilk milli
dərsliklərin yaradılması, tədris-metodiki vəsaitlərin hazırlanması həyata keçirildi, ölkə gömrüyünün beynəlxalq
təşkilatlarla əlaqəsinin daha da möhkəmləndirilməsi və təcrübə mübadiləsi aparılması sahəsində səylər geniş
xarakter aldı.
Müstəqil Azərbaycan Respublikasında gömrük işinin təşkili və inkişafı tarixini tədqiq edənlər bu dövrü
üç mərhələyə bölürlər: 1992-1994-cü, 1995-2000-ci illər və 2001-ci ildən başlayan daha yüksək inkişaf dövrü.
Birinci mərhələdə, məlum olduğu kimi, gömrük orqanları yaradılsa da, milli maraqlara xidmət edən
dövlət strukturu olaraq öz funksiyasını, demək olar ki, həyata keçirə bilmədi. İkinci mərhələdə gömrük işinin
yenidən qurulması, maddi-texniki və hüquqi-normativ bazanın möhkəmləndirilməsi, büdcə gəlirlərinin
artırılması, gömrüyün kadr potensialının gücləndirilməsi, xidmət mədəniyyətinin yüksəldilməsi, beynəlxalq
təşkilatlarla əlaqələrin qurulması işi vüsət aldı. Gömrük Məcəlləsi və Gömrük Tarifi haqqında qanun əsasında
qurulan gömrük fəaliyyəti bu mərhələnin əsas xüsusiyyəti idi. Azərbaycan gömrüyünün inkişafında üçüncü
mərhələ 2001-ci ildə yeni tarif sisteminin qəbul edilməsi ilə gömrük orqanlarının fəaliyyətində yeni bir dövrün
başlanğıcını qoydu. Bu dövr dünya təcrübəsinin mənimsənilməsi, inkişaf etmiş ölkələrin gömrük xidmətlərilə
sıx əlaqələrin qurulması, ölkəmizdə gömrük işinin köklü surətdə yaxşılaşdırılması ilə müşayiət olunan
keyfiyyətcə yeni bir mərhələdir.
Gömrük işi sahəsində həyata keçirilən islahatlar – gömrük hüquqpozmalarının qarşısının alınmasını,
gömrük nəzarətində mütərəqqi texnologiyaların tətbiqini, gömrük ödənişlərinin büdcəyə daxil olmasına 428
nəzarətin və valyuta nəzarətinin gücləndirilməsini, gömrük sənədlərinin beynəlxalq tələblərə
uyğunlaşdırılmasını, bütövlükdə gömrük xidmətinin və onun struktur bölmələrinin işinin səmərəliyinin
müntəzəm olaraq təhlil edilməsini və digər məsələləri nəzərdə tuturdu.
Gömrük işinin formalaşmasında onun qanunvericilik və hüquqi-normativ bazasının yaradılması əsas yer
tutur. Gömrük işinin hüquqi əsaslarının yaradılması sahəsində mühüm rol oynayan və Azərbaycan
Respublikasının 10 iyun 1997-ci il tarixli qanunu ilə təsdiq edilmiş Gömrük Məcəlləsində dövlətin daxili və
xarici siyasətinin tərkib hissəsi olan vahid gömrük siyasətinin məqsədləri ifadə olunmuşdur.
Azərbaycan Respublikasında xarici ticarətin tənzimlənməsinə dair imzalanmış Prezident fərmanları,
Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamları, həmçinin digər hüquqi-normativ sənədlər idxal-ixrac
əməliyyatlarına gömrük nəzarətinin təkmilləşdirilməsi sahəsində mühüm rol oynasa da, Gömrük Məcəlləsinin
təsdiq olunması, hələ 20 iyun 1995-ci ildə imzalanmış "Gömrük tarifi haqqında” qanunun qüvvəyə minməsi
gömrük işinin hüquqi bazasını daha da möhkəmləndirdi. Bu qanuna əsasən, Nazirlər Kabinetinin 12 yanvar
1998-ci il tarixli qərarı ilə "Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan
malların gömrük qiymətləndirilməsi sisteminin tətbiqi Qaydaları” təsdiq edildi. Gömrük tarifi və valyuta
tənzimlənməsi haqqında Azərbaycan Respublikasının qanunları gömrük orqanlarına valyuta nəzarətini həyata
keçirmək hüququ verdi və gömrük rüsumlarının dəqiq hesablanaraq vaxtında dövlət büdcəsinə köçürülməsi
tələbini qoydu.
Gömrük qanunvericiliyinin inkişafında Azərbaycan Prezidentinin 27 oktyabr 1998-ci il tarixli fərmanı
ilə təsdiq edilmiş Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə də mühüm yer tutur. Bu sənəddə ölkədə
gömrük siyasətinin strateji məsələlərinin müəyyənləşdirilməsi və həlli mərhələsində DGK-nın funksiyaları öz
əksini tapmışdır.
Ölkəmizin gömrük təşkilatının işini dünya standartlarına yaxınlaşdıran mühüm sənədlərdən biri də
Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli qanunu ilə təsdiq olunmuş "Gömrük orqanlarında
xidmət haqqında Əsasnamə” oldu. Gömrük orqanlarına hüquq-mühafizə səlahiyyətinin verilməsi ona
qaçaqmalçılığın və gömrük işi sahəsində digər cinayətlərin qarşısının alınmasında məqsədyönlü tədbirləri
həyata keçirməyə imkan verdi.
Sözügedən dövrdə Dövlət Gömrük Komitəsinin beynəlxalq əlaqələri də genişlənmiş, Azərbaycanın
beynəlxalq iqtisadi inteqrasiyanın inkişaf etdirilməsində və möhkəmləndirilməsində rolu artmışdır. Azərbaycan
17 iyun 1992-ci ildən Ümumdünya Gömrük Təşkilatının (ÜGT) üzvü olsa da, gömrük sisteminin yüksələn xətlə
inkişafı, beynəlxalq standartlara uyğun olaraq gömrük işinin təkmilləşdirilməsi beynəlxalq təşkilatlarda daha
geniş və səmərəli təmsil olunmasına şərait yaratdı. O dövrlər ÜGT-nin baş katibi vəzifəsində çalışmış Mişel
Danenin 1999-cu ilin sentyabrında postsovet məkanında ilk dəfə Azərbaycana səfəri və ulu öndər Heydər
Əliyevlə danışıqları ölkəmizlə bu təşkilat arasında ikitərəfli əlaqələrin yaradılmasında mühüm rol oynadı.
Həmçinin Dövlət Gömrük Komitəsinin 24 iyun 1999-cu ildə ÜGT Maliyyə Komitəsinin üzvü seçilməsi, 6 iyul
2000-ci ildə isə ÜGT-nin əsas qurumlarından biri olan siyasi komissiyada təmsil olunması Azərbaycan
gömrükçülərinə dünya təcrübəsindən maksimum bəhrələnməyə şərait yaratdı.
Ümumdünya Gömrük Təşkilatına üzv olan ölkələrin gömrük xidmətləri ilə yaradılan işgüzar əlaqələr
müsbət nəticələr verdi. Məhz belə şəraitdə – 2003-cü il sentyabrın 30-da Bakıda ÜGT-nin Regional Tədris
Mərkəzi açıldı. Dövlət Gömrük Komitəsi digər beynəlxalq təşkilatlarla, o cümlədən BMT İnkişaf Proqramı,
MDB Gömrük Xidməti Rəhbərləri Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı, Gömrük Əməkdaşlıq Komitəsi və s.
müvafiq qurumlarla da əlaqələrini genişləndirdi.
Neft strategiyasının reallaşmasında da gömrük xidmətinin yeri və vəzifələri dəqiq müəyyənləşdirildi.
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinə (ABƏŞ) daxil olan malların gömrük rəsmiləşdirilməsini
sürətləndirmək və gömrük nəzarətini sadələşdirmək üçün "Sahil” (1997-ci il), "Dübəndi” və "Liman” (1998-ci
il), daha sonra isə "Yeni sahil” (2002-ci il) gömrük postları istifadəyə verildi. Habelə, TASİS və TRASEKA
proqramları çərçivəsində beynəlxalq təşkilatlarla birgə həyata keçirilən tədbirlər nəticəsində sərhəd buraxılış
məntəqələrində gömrük prosedurlarının harmonikləşdirilməsi və sadələşdirilməsi istiqamətində mühüm
addımlar atıldı.
Məlum olduğu kimi, gömrük xidmətinin fəaliyyətinin vacib istiqamətlərindən birini narkotik vasitələrin
və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə təşkil edir. Ölkə ərazisindən narkotiklərin tranzit
daşınmalarının qarşısına sədd çəkmək məqsədilə xüsusi tədbirlər görülür, o cümlədən ixtisaslaşdırılmış
kadrların hazırlanmasına diqqət artırılır, müasir avadanlıqlar quraşdırılır, xüsusi kinoloji xidmətin
imkanlarından istifadə olunur və s. 1997-ci ildən başlayaraq Azərbaycan ərazisindən narkotiklərin qaçaqmalçılıq
yolu ilə daşınmasının qarşısının alınmasında BMT və Avropa İttifaqının yardım proqramları, 29 iyun 2001-ci
ildən həmin təşkilatların Azərbaycan hökuməti ilə imzaladıqları sazişə əsasən, "Cənubi Qafqazda Narkotiklərə
429
Nəzarət Regional Yardım Proqramı”nın həyata keçirilməsində digər aidiyyəti hüquq-mühafizə orqanları ilə
yanaşı, DGK strukturları da fəal iştirak edir.
Müasir dövrdə Azərbaycan gömrük xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura
malik olmaqla ölkənin quru, hava və dəniz yollarında respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini
qoruyur, qaçaqmalçılığa qarşı uğurla mübarizə aparır. Bir sözlə, ölkəmizdə dünyanın ən təkmil gömrük
sistemlərindən biri fəaliyyət göstərir. Bu müasir gömrük sistemini müstəqil Azərbaycan dövlətinin qurucusu,
xalqımızın ümummilli lideri Heydər Əliyev yaratmışdır.
Heydər Əliyev yolunun layiqli davamçısı, respublika Prezidenti İlham Əliyev Azərbaycan gömrüyünün
öz ənənələrini qoruyub saxlaması və daha da təkmilləşdirilməsi işini daim diqqət mərkəzində saxlayır. Prezident
İlham Əliyevin 2004-cü ilin mayında Belçikaya səfəri zamanı Brüsseldə onun iştirakı ilə Ümumdünya Gömrük
Təşkilatı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi arasında niyyət protokolunun imzalanması,
2005-ci ilin mayında isə Bakıda ilk dəfə Ümumdünya Gömrük Sərgisi və forumunun, həmçinin "Heydər Əliyev
və Azərbaycan gömrüyünün inkişafı” mövzusunda beynəlxalq simpoziumun, eləcə də 2006-cı ilin fevralında
ÜGT Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin beynəlxalq konfransının keçirilməsi ölkə rəhbərliyinin bu
sahəyə diqqət və qayğısının əyani nümayişi idi.
Respublikanın iqtisadi-ticarət əlaqələrinin coğrafiyasının ildən-ilə genişlənməsi, həcminin idxal-ixrac
əməliyyatlarının artması və Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasının güclənməsi gömrük
əməliyyatlarını tənzimləyən normativ-hüquqi aktların təkmilləşdirilməsini, inkişaf etmiş dövlətlərin gömrük işi
sahəsində qabaqcıl təcrübəsi və bu sahədə qəbul olunmuş beynəlxalq konvensiyaların müddəaları nəzərə
alınmaqla bütövlükdə ölkədə gömrük qanunvericiliyinin təkmilləşdirilməsini, o cümlədən bu sırada mühüm yer
tutan yeni Gömrük Məcəlləsinin qəbul edilməsini zəruri etmişdir. Artıq Azərbaycan Respublikasının gömrük
qanunvericiliyinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi, eləcə də gömrük işi sahəsində beynəlxalq
standartların öyrənilməsi və onların tətbiq edilməsi işinin davam etdirilməsi, Avropa İttifaqının "Yeni Qonşuluq
Siyasəti” çərçivəsində 2006-cı ildə qəbul edilmiş "Azərbaycan-Avropa İttifaqı Fəaliyyət Planı”nın "Azərbaycan
gömrük xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi” ilə bağlı müddəalarının yerinə yetirilməsi, həmçinin
"Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında” Beynəlxalq Konvensiyanın
müddəalarının (Kioto Konvensiyası) və Ümumdünya Gömrük Təşkilatının "Beynəlxalq Ticarətin
Asanlaşdırılması və Təhlükəsizliyi üzrə Çərçivə Standartları”nın milli gömrük qanunvericiliyində əks olunması
məqsədilə Dövlət Gömrük Komitəsində Avropa İttifaqı və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının
birgə həyata keçirdiyi "Azərbaycan Respublikasında Gömrük Xidmətinin Təkmilləşdirilməsi” layihəsi
çərçivəsində ölkəmizdə fəaliyyət göstərən beynəlxalq ekspertlər tərəfindən komitənin mütəxəssislərinin iştirakı
ilə Azərbaycan Respublikasının yeni Gömrük Məcəlləsinin layihəsi hazırlanmışdır. Hazırda layihə Azərbaycan
Respublikası Prezident Administrasiyasında hüquqi ekspertizadan keçirilir.
Ölkə Prezidentinin fevral 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikası gömrük
sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər və dövlət başçısının
11 noyabr 2008-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış
məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə” prinsipinin tətbiq
edilməsində də məqsəd məhz gömrük sisteminin inkişafını sürətləndirmək, gömrük orqanlarının fəaliyyətini daha
da təkmilləşdirməkdir. Prezidentin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq da müvafiq ərazilərdə
gömrük orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün aidiyyəti tədbirlər görülür.
Bu baxımdan Azərbaycan Prezidentinin 15 mart 2010-cu il tarixli sərəncamı ilə təsdiq olunmuş
"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Ümumdünya Gömrük Təşkilatı arasında Azərbaycan
Respublikasının Bakı şəhərində potensialın gücləndirilməsi üzrə Ümumdünya Gömrük Təşkilatının regional
ofisinin yaradılması ilə əlaqədar Anlaşma Memorandumu”nun həyata keçirilməsinə başlanılması xüsusi əhəmiyyət
kəsb edir. Belə ki, bu ofis Avropa regionunda potensialın gücləndirilməsi mərkəzi olaraq koordinasiya və
tədbirlərin həyata keçirilməsi, gömrük xidmətlərinə yardımın göstərilməsi və donor təşkilatlarla qarşılıqlı
əlaqələrin yaradılmasını təmin etməklə ÜGT-yə üzv dövlətlərlə səmərəli fəaliyyətin təşkilinə xidmət edəcək.
Bəli, qısa vaxt ərzində kifayət qədər təcrübə toplayıb dünyanın gömrük sistemində özünəməxsus yer
tutan Azərbaycanın gömrük orqanları ölkəmizin iqtisadi təhlükəsizliyinin keşiyində dayanmaqla üzərinə düşən
vəzifələrin yerinə yetirilməsində, müxtəlif ölkələrlə əlaqələrin genişləndirilməsində yaxından iştirak edir.
Azərbaycanda gömrük işinin təkamülü bir neçə vacib istiqamət üzərində qurulmuş və bu gün də inkişaf
etdirilməkdədir.
Vüsal Novruzov
Vüsal Novruzov
Azərbaycan Respublikası Dövlət Gömrük komitəsi
Bakı Baş Gömrük İdarəsinin rəisi