2 tanker yola düşüb, daha 2-si yüklənir
Azərbaycanlı oliqarx Mübariz Mənsimovun dünyanın ən qəddar terror təşkilatı olan "İslam Dövləti” (İŞİD) ilə razılaşdırılmış neft biznesinə dair yeni məlumatlar yayılıb.
Sabahinfo.az-ın virtualaz.org-a istinadən xəbərinə görə,İspaniya mənbələri İraq Kürdüstanından hazırda İŞİD-in nəzarətində olan Kərkük-Ceyhan neft kəməri vasitəsilə Türkiyənin Ceyhan limanına Bağdad hökumətinin razılığı olmadan nəql edilən neftin Mənsimovun tankerləri ilə daşındığını bildirir.
"El Economista” qəzetində yer alan məlumatda deyilir ki, neft qaçaqmalçılığı İŞİD-in əsas gəlir qaynaqlarından biridir. Bu terror təşkilatının nəzarətində olan ərazilərdən nə qədər neft hasil olunduğuna dair müxtəlif rəqəmlər var.
Lakin təxmini hesablamalara görə hazırda İŞİD İraq və Suriya ərazisindəki yataqlardan gündə 1,5-2 milyon barrelə qədər neft hasil edə bilər. Müqayisə üçün qeyd edək ki, bu, Azərbaycanın BTC ilə ixrac etdiyi neftin həcmindən az qala iki dəfə çoxdur.
İŞİD-in bu neft hasilatından əldə etdiyi gəlir isə OPEC-ə üzv olan bəzi ölkələrin neft gəlirləri ilə müqayisə oluna bilər.
İŞİD nefti bazar qiymətindən az qala iki dəfə ucuz satır. Treyderlərin yanacaqdaşıyan maşınları İŞİD-dən neft almaq üçün həftələrlə növbədə dayanırlar. Onlar İŞİD-dən nefti 25-30 dollara alır, daha sonra neftayırma zavodlarına, yaxud vasitəçilər üzərindən dünya bazarı qiymətlərinə satır. Bu səbəbdən İŞİD-lə neft alveri olduqca sərfəli biznesdir.
Bundan əvvəl Qərb mənbələrində Mənsimovun şirkətinə aid tankerlərin İŞİD neftini daşıdığı haqda xəbərlər yayılıb.
"El Economista” qəzetində yer alan məlumatda isə deyilir ki, İraq kürdləri Bağdadın icazəsi olmadan Kərkük-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan limanına neft nəql edir. Və bu neft nəqli üçün İŞİD-dən icazə almaq lazımdır. Çünki kəmər İŞİD-in nəzarətindədir.
Bu günlərdə "Palmali Shipping & Agency” şirkəti tərəfindən kirayələnmiş iki tanker Ceyhan limanından Kürdüstan nefti ilə doldurularaq yola salınıb.
Daha iki tanker isə İŞİD-in icazəsi ilə hazırda yüklənməkdədir. ABŞ-ın və İraq hökumətinin xəbərdarlığından sonra aparıcı şirkətlərdən heç kim bu nefti almır. Ancaq tankerlərin yüklənməsi və yola salınması göstərir ki, İraq Kürdüstanı və İŞİD qaçaq neftə alıcı tapa bilirlər.