Bu gün ölkəmizin başçısı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət respublikamızın artan nüfuzunu gündən-günə daha da yüksəklərə qaldırır. Belə ki, ölkəmizin nüfuzunun yalnız region ölkələri arasında deyil, uzaq Avropa ölkələrində də olduqca yüksək olduğu Prezident İlham Əliyevin sentyabr ayının 30-da Bolqarıstana etdiyi səfər zamanı gözlər önünə sərildi. Hazırda Azərbaycan üçün Avropa İttifaqına daxil olan ölkələrlə əməkdaşlıq əlaqələrinin inkişafı böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, Avropa ölkələri üçün də etibarlı qaz təchizatçısı olan Azərbaycanla dayanıqlı əməkdaşlıq əlaqələrinin qurulması yüksək önəm daşıyır.
Bu baxımdan qarşılıqlı maraqlar üzərində qurulmuş strateji tərəfdaşlıq hər iki ölkə üçün böyük əhəmiyyət kəsb edir. Bu gün Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər. 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə bu əməkdaşlığın davamlılığını təmin edir. Sözügedən Bəyannamə əlaqələrimizi yüksək səviyyəyə qaldırıb və təsbit edilmiş bütün məsələlər həyatda öz əksini tapmışdır. Hətta hazırda Bolqarıstana ixrac olunan Azərbaycan qazının həcminin artırılması məsələsi gündəmdədir. Rumıniya, Macarıstan və Slovakiyanın Bolqarıstana müraciət edərək əlavə qaz həcmini almaq və nəql etmək istəyinə görə Azərbaycan əlindən gələni edir ki, qaz hasilatını artıraraq öz tərəfdaşlarını təbii qazla təmin etsin.
Bolqarıstanın paytaxtı Sofiya şəhərində oktyabrın 1-də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində Prezident İlham Əliyev bu interkonnektorun həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcəyini, həm də Avropa qitəsində enerji təhlükəsizliyinə çox böyük faydası olacağı üçün böyük tarixi əhəmiyyət daşıdığını bildirmişdir.
Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması üçün apardığı 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında əldə olunmuş Şanlı Zəfər sayəsində regionda yaranmış yeni geosiyasi vəziyyəti nəzərə alaraq Azərbaycanın öz ərazisində tikdiyi dəmir yolları, avtomobil yolları, yeni Beynəlxalq Dəniz Ticarət Limanı kimi çox müasir nəqliyyat infrastrukturunun təhlükəsizliyinin təmin olunması önəmli məsələdir.
Qeyd edək ki, Bolqarıstanla Azərbaycan 1998-ci ildən Avrasiya nəqliyyat dəhlizi layihəsində də iştirak edirlər. İki strateji tərəfdaş arasında bütün bu infrastruktur obyektləri bir məqsədə xidmət edir ki, Azərbaycan üzərindən daşınan tranzit yükdaşımanın həcmi artsın. Cari ildə tranzit yüklərin həcmi təqribən 50 faizə yaxın artıb. Gələcəkdə bu rəqəmin daha da yüksək olacağı gözlənilir. Ona görə də Bolqarıstan və Azərbaycan tərəfi bir araya gələrək uzunmüddətli və genişmiqyaslı gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparacaq, yeni əməkdaşlıq imkanlarını araşdıracaqlar. İqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün mövcud olan imkanlardan Bolqarıstan şirkətlərinin Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət olunmasını, işğaldan azad olunmuş ərazilərdə yeni əməkdaşlıq imkanları yaradılacağını və bununla da əməkdaşlığımızın davamlılığının təmin ediləcəyini qeyd etmək yerinə düşər.
Ramiz Hüseynov
YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri