"Son zamanlar bəzi beynəlxalq qurumların bəlli çevrələrin diktəsi altında Azərbaycana qarşı sifarişlər yerinə yetirdiklərini, Azərbaycanın imicinə xələl gətirən hərəkətlərə yol verdiklərini dəfələrlə görmüşük. Elə bu ərəfələrdə prezident İlham Əliyevin ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Azərbaycanla dostluq qrupu təmsilçiləri ilə görüşündə söylədikləri və elə bu səfərin özü açıq şəkildə göstərdi ki, o qurumlar ki bəlli çevrələrin təsiri altında olur, gec-tez öz səhvlərini anlayır və daha sonra özləri Azərbaycanın ayağına gəlirlər".
Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev Avropa Şurası Venesiya Komissiyasının sentyabrın 26-da Azərbaycanda keçiriləcək referendumla bağlı qərəzli rəyinə münasibət bildirərkən deyib.
Millət vəkili qeyd edib ki, Azərbaycanın Konstitusiyaya dəyişikliklərlə bağlı Avropa Şurası Venesiya Komissiyasının mütləq rəyinə ehtiyacı yoxdur: "Çünki əgər söhbət Venesiya Komissiyasından gedirsə, Komissiyanın nizamnaməsinə görə, Azərbaycan onun rəyini öyrənə də, öyrənməyə də bilər. Rəsmi Bakı isə Komissiyaya bununla bağlı müraciət etməyib. Müraciət Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosu tərəfindən olunub. Bu zaman Venesiya Komissiyası təkcə müraciət edən tərəfin deyil, həm də haqqında müraciət edilən tərəfin də fikrini öyrənməli idi. Yalnız ondan sonra öz ilkin rəyini bildirməli idi. Amma görürük ki, prosedur qaydaları kobud şəkildə pozulub. Ümumiyyətlə, Venesiya Komissiyasının məhz birtərəfli, qərəzli və bəzən də diktə altında işləməsinin nəticəsidir ki, Azərbaycan heç bu Komissiyaya müraciət etməyə ehtiyac duymayıb. Bu referendumu Azərbaycan xalqı, dövləti keçirir və məhz Azərbaycan xalqı da bu referendumun onun xeyrinə, yoxsa zərərinə olduğunu müəyyənləşdirəcək, ona uyğun da səsini verəcək".
S.Alıyevin fikrincə, Venesiya Komissiyasının verdiyi rəy sifarişlə yazılıb və bu, ölkəmizə təzyiq məqsədilə edilib: "Prezident Administrasiyasının şöbə müdiri Şahin Əliyev də vurğuladı ki, o, ziddiyyətlərlə doludur. Onun qərəzliliyi elə ilk baxışdanca nəzərə çarpır. Azərbaycan konstitusiyasının 158 maddədən ibarət olduğunu hamımız bilirik. Venesiya Komissiyası isə 159-cu maddəyə istinad edərək referendum haqqında öz mənfi rəyini bildirir. Bundan da açıq şəkildə görünür ki, bu rəy tələm-tələsik, qərəzli şəkildə hazırlanıb və bir sifarişdir.
Mənə belə gəlir ki, ümumiyyətlə, o Konstitusiyaya edilən dəyişikliklərin hamısı keçəcək. Çünki bir dəyişiklik ki, dövlətin gücləndirilməsinə, idarəçiliyin təkmilləşdirilməsinə, insan haqlarının daha da genişləndirilməsinə xidmət edir, yetkin, savadlı xalq ona "hə" deyəcək".