"Azerant” milli avtomobil modelinin müəllifi gənc Ramil Nəcəfov Azərbaycan Silahlı Qüvvələri üçün yeni hərbi təyinatlı avtomobilin layihəsini hazırlayıb.
Sabahinfo.az milli.az-a istinadən məlumat verir ki, 24 yaşlı gəncin yeni modeli "Azerant İstiqlal" (Azerant L 2.800) adlanır: "Ordumuzun son uğurlu əməliyyatı məni Vətənimizə xidmət etmək üçün bir az da ruhlandırdı. Mən torpaqlarımızı işğal edən düşmənlərimizə nifrət edirəm! Və tezliklə həmin ərazilərin geri qaytarılmasını istəyirəm. Mən də öz sahəmdə ölkəmizə xeyir vermək istəyirəm. Bu məqsədlə Azərbaycan Ordusu üçün yeni cip modeli hazırlamışam. Bu maşının layihəsini müdafiə naziri Zakir Həsənova da göndərəcəm. Ölkəmizin yeni hərbi pikap-cipi olacaq və inşallah, düşmənlərimizə dağ çəkəcək".
R.Nəcəfovun sözlərinə görə, pikap-cip formasında olan "Azerant İstiqlal" ərazidə mina axtarışı və onların zərərsizləşdirilməsi üçün nəzərdə tutulub: "Bu avtomobilin taktiki-texniki imkanları və təchizatı ona 3-3,5 metrə qədər dərinlikdə minaların və hərbi sursatların axtarılıb tapılmasına geniş imkan verəcək. Avtomobildə olanlar partlayış təhlükəsi olan ərazidə mina və hərbi sursatın axtarışı, onların zərərsizləşdirilməsi məqsədilə istifadə olunan "A 1", "A 2" və "A 3" qoruyucu geyimlərlə təchiz edilə bilər. "Azerant İstiqlal" müxtəlif təyinatlı mina növlərini tapa, şuplama əməliyyatı apara və əməliyyatları həyata keçirə bilər. Avtomibilin üzərində lazer nişangahlı pulemyotun yerləşdirilməsi mümkün olacaq".
Müəllif "Azerant İstiqlal"ın oxşar layihələrdən bəzi fərqlı və üstün cəhətlərini də açıqlayıb: "Avtomobilin yan tərəflərindəki xüsusi havaçəkənləri 90 santimetr dərinliyi olan bataqlıqlardan, suda batmadan rahatlıqla kecə bilmək imkanı verəcək. Təhlükəsizlik məqsədilə orta dayaqlar və qapılar zirehli poladdan tökülə bilər".
Azərbaycan Silahlı Qüvvələrində istifadə və hərbi sənayemizdə istehsal edilməsi üçün nəzərdə tutulmuş bir sıra layihələri olduğunu deyən gənc dizayner onları Müdafiə və Müdafiə Sənayesi Nazirliklərinə təqdim etmək niyyətindədir.
Qeyd edək ki, R.Nəcəfovun yaratdığı "Azerant" milli avtomobil layihəsi Formula 1 yarışları çərçivəsində keçiriləcək sərgidə nümayiş olunacaq. Bundan əlavə, o, əlillər üçün də yeni avtomobil modelinin dizaynını hazırlayıb.