Böyük qayıdışın nübarı

Böyük qayıdışımızın ilk məntəqələrindən biri olan Zəngilan rayonunun Ağalı kəndinə sakinlərin köçürülməsinə start verilib. “Ağıllı kənd”ə 4 mərhələdə 41 ailənin köçürülməsi plan­laşdırılır. Azərbaycanda həyata keçirilən ilk “ağıllı kənd” konsepsiyasının uğurlu nəticələrinin perspektivlərindən danışan əslən zəngilanlı, I Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan polkovnik-leyte­nant Bayram Məmmədov bildirib ki, yaxın gələcəkdə bu layihələr işğaldan azad olun­muş digər bölgələrdə də icra ediləcək.

– Bu, bizim üçün inandığımız, lakin nə vaxt gerçəkləşəcəyini bilmədiyimiz xəyal idi. Təsəvvür edin, uzun illər həsrətlə gözlədiyimiz gün yetişdi, düşmən tapdağı altında olmuş torpaqlarımızda yenidən azərbaycanlı ailələr yaşayacaq, burada gələcək nəsillərimiz doğulacaq, böyüyəcək, təhsil alacaq, işləyəcək və ölkə iqtisadiyyatına töhfə verəcəklər. Bu qədər ağrılı, həsrətli işğal dövrünün ardından başqa heç bir şey oradan qaçmaq məcburiyyətində qalan, qovulan insanların yarasına məlhəm ola bilməzdi. Hamımız yaxşı xatırlayırıq, Prezident İlham Əliyev müjdəli xəbərləri xalqa çatdıranda, işğaldan azad edilən kəndlərin adlarını açıqlayanda həmin kəndlərdən, yaşayış məntəqələrindən olan insanlar sevincdən ağlayır, göz yaşlarını axıda-axıda oradan çıxdıqları günləri xatırlayırdılar. İndi isə həm xalq, həm də dövlət üçün yeni bir mərhələ başlanmışdır.

Bildiyiniz kimi, Ağalı kəndi Azərbaycanda “ağıllı kənd” konsepsiyasının tətbiq edildiyi ilk kənddir. Burada sakinlərin yaşaması üçün müasir standartlarla ayaqlaşan, hər cür şəraitlə təmin edilən 200 ekoloji ev, ikimərtəbəli 4 qeyri-yaşayış binası, 360 şagirdin təhsil alması üçün nəzərdə tutulan məktəb, 60 yerlik uşaq bağçası hazır vəziyyətdədir. Bu məktəblərdə şagirdlərin distant təhsil almaları üçün hər cür şərait yaradılıb. Burada müasir şəhərsalma standartları tətbiq olunub. Kənd meydanında sakinlər üçün Dövlət Xidmətləri Mərkəzi yaradılıb. Burada “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” mərkəzi, DOST mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi fəaliyyət göstərəcək. Əlbəttə, əsas hədəf köçürülən kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışının təmin edilməsidir. Sakinlərin bu xidmətlərdən istifadə etməsi üçün rayon mərkəzinə getmələrinə də ehtiyac yoxdur. Bir sözlə, sakinlərin rahat şəraitdə yaşaması və hər cür ehtiyacını ödəməsi üçün bütün lazimi tədbirlər görülüb.

Eyni zamanda, burada kənd təsərrüfatının qurulması və inkişaf etdirilməsi üçün də işlər görülüb. “Ağıllı kənd təsərrüfatı” sahəsində ən müasir suvarma sistemlərindən, texnikadan istifadə ediləcək. Ümumi əkin planı da artıq hazırdır. Peşəkar mütəxəssislər tərəfindən planda nəzərdə tutulan torpaq sahələrinin istifadəyə yararlılığı test edilib və əkin üçün zəruri hazırlıq görülüb.

Sonda bir daha xatırladım ki, Ağalı kəndinə iyulun 19-da 10 ailə təntənəli şəkildə yola salınıb. Sakinlər Daxili İşlər Nazirliyi əməkdaşlarının müşayiəti ilə Abşeron rayonunun Masazır kəndində məcburi köçkünlər üçün salınmış yaşayış komplekslərindən ata yurdlarına yola düşüblər. Onlar yola düşməzdən əvvəl burada yerləşən “Zəngilan şəhərciyi”ndə böyük qayıdışın ilk addımlarına həsr edilən tədbir keçirilib.

Hazırladı: İmran ƏLİYEV,

“Xalq qəzeti”