Gözlənildiyinin əksi olaraq yekun sənəd qəbul olunmadı. Avropa İttifaqı tərəfindən Ermənistana 270 mln avro, ABŞ tərəfindən 65 mln dollar maliyyə ayrıldı. Vəsait 4 il müddətində çatdırılacaq. Bu məbləğ, Ermənistanın ənənəvi himayədarı Rusiyadan qopmasının Qərb tərəfindən müəyyənləşdirildiyi qiymətdir. Özünə hörmət edən istənilən dövlət üçün utandırıcı olsa da, Ermənistan o ölkələrdən deyil.
Kimsə hesab edirsə ki, 350 mln-la Rusiyanın təsirindən Ermənistanı çıxarmaq mümkündür, yanılır. Əgər, Qərb bu ölkəni Avropada görmək istəsəydi, heç olmasa, 10-15 mlrd maliyyə ayırmalı idi.
Ola bilsin, əvvəldən, təhlükəsizlik və hərbi yardımlarla bağlı geniş plan olub. Dövlət katibi Blinkenin və Avropa komissiyasının prezidenti Ursula fon der Lyaenin Prezident İlham Əliyevlə telefon danışıqlarından sonra, müəyyən dəyişikliklər edilib.
Müsbət məqamlardan biri odur ki, Qarabağ ermənilərinin Ermənistan cəmiyyətinə uzunmüddətli inteqrasiyası üçün yardımlar nəzərdə tutulur. Bu da o deməkdir ki, görüşün hər üç iştirakçısı, rəsmi İrəvan daxil, Qarabağ ermənilərinin gələcək taleyini Ermənistanla bağlayırlar.
Yalnız, Makron Fransası sakitləşmək istəmir. Təkrar-təkrar Qarabağ ermənilərinin problemlərini beynəlxalq səviyyədə qaldıracağını bildirir. Üstəlik, ikitərəfli əməkdaşlıq çərçivəsində Ermənistanı silahlandıracağını vəd edir.
Burada, hər kəsin səbirsizliklə gözlədiyi, Ermənistanın oriyentasiyasını dəyişdirməsini milli təhlükəsizliklərini özləri üçün “qırmızı xətt” hesab edən, əsas regional aktorların mövqeyi maraq doğurur.
İranın susqunluğu, həmişə olduğu kimi Fransanın diqtəsi ilə hərəkət etdiyini göstərir. Bu ölkənin xarici siyasət kursunun ana xətti türk düşmənçiliyi üzərində qurulub və onun icrasında şeytanla da əməkdaşlığa hazırdı.
Rusiya hələlik səbirlə yanaşır. Ya özünə çox arxayındı, ya da ki, Qərblə pərdəarxası razılaşmalar əldə olunub. Ola bilər ki, Ukrayna və yaxud Suriya məsələlərində hansısa kompromis üçün Ermənistandan ,,alver predmeti,, olaraq istifadə etsin. Əks halda, təkcə qazın qiymətini qaldırsa, Qərbin verdiyi qəpik-quruşdan çox olar. Bazarını erməni mallarına bağlasa, ümumiyyətlə Ermənistanı iflası qaçılmazdır. Gözləyək, Rusiya əməli tədbirlərə keçməsə, deməli arxa planda razılaşma mövcuddur.
Ən çox gözlənilən və beynəlxalq əhəmiyyətə malik, qardaş Türkiyənin bəyanatı oldu. Bir daha, Qərb dairələrini başa saldı ki, Türkiyə və Azərbaycanla münasibət normallaşmadan, Ermənistanın Avropaya inteqrasiyası xülyadır.
Brüssel görüşünün yekunlarını ümumiləşdirdikdə, bir məsələ tam aydındır. Görüş Cənubi Qafqaza sülh yox, gərginlik gətirəcək. Cənubi Qafqaza yönəlik selektiv yanaşma, qeyri-effektivdir. Regionun iqisadi, siyasi, hərbi gücünə malik, Azərbaycan olmadan bölgədə əmin-amanlığın, dayanıqlı sülhün yaranması qeyri-mümkündür. Qərb isə, hansısa süni xəttlə Azərbaycanı digər iki dövlətdən ayırmaq istəyir. Belə davranış iflasa məhkumdur və bölgəni daim gərginlikdə saxlamaq məqsədi daşıyır.
Brüssel görüşü nəticə etibarilə, gələcəkdə geosiyasi çəkişmələr üçün hər an istifadə oluna biləcək mina qoymuş oldu. Ermənistan, tarixi missiyasını, qlobal güclərin əlində ,,maşa,, rolunu oynamaqda davam edir. Ələlxüsus, bu format sistemli xarakter alarsa, yəni hər il təşkil olunarsa, daha da böyük sürprizləri gözləməli və buna hazır olmalıyıq.
Nəsib Məhəməliyev
Milli Məclisin deputatı