Prezident İlham 
Əliyev İndoneziya Respublikasının energetika və mineral ehtiyatlar 
naziri Sudirman Saidin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Sabahinfo.az-ın
 AzərTAc-a istinadən xəbərinə görə, Azərbaycan ilə İndoneziya arasında 
ikitərəfli münasibətlərin siyasi sahədə yüksək səviyyədə olduğunu 
vurğulayan dövlət başçısı ölkələrimizin beynəlxalq təşkilatlarda 
bir-birini daim dəstəkləmələrinin önəmini qeyd etdi. Neft sektorunda 
əməkdaşlığı və eləcə də ölkələrimiz arasında böyük ticarət dövriyyəsinin
 mövcudluğunu münasibətlərimizin yaxşı göstəricisi kimi dəyərləndirən 
Prezident İlham Əliyev ikitərəfli əlaqələrin iqtisadi, enerji, ticarət 
və digər sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların 
olduğunu deyib.
Nazir Sudirman Said İndoneziya Respublikasının prezidenti Coko Vidodonun salamlarını dövlət başçısına çatdırıb.
Görüşdə
 İndoneziyanın energetika və mineral ehtiyatlar naziri Sudirman Saidin 
başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin iqtisadi, enerji,
 neft-qaz və digər sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı məsələlərin
 müzakirəsi üçün yaxşı fürsət yaratdığı bildirilib, ikitərəfli 
əlaqələrin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin 
rolu xüsusi qeyd olunub.