Prezident qızından yeni film - Hitler neft döyüşünü necə uduzdu? - Video

Heydər Əliyev Fondunun dəstəyi ilə faşizm üzərində qələbəyə həsr olunan "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filmi istehsal edilib.

Sənədli filmin təqdimatı mayın 4-də keçiriləcək. İlk nümayiş Heydər Əliyev Mərkəzində təşkil olunacaq.

Sabahinfo.az xəbər verir ki, bu haqda məlumat Heydər Əliyev Mərkəzindən AZƏRTAC-a bildirilib.

Məlumata görə, faşizm üzərində Qələbənin 70 illik yubileyinə həsr olunan filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Lui Vodevil (Louis Vaudeville), rejissoru Robert Maqnerotdur (Robert Mugnerot).

Filmin süjet xətti Azərbaycan xalqının faşizm üzərində qələbədəki rolundan, eləcə də Azərbaycan neftinin müharibə illərində strateji əhəmiyyətindən bəhs edir.

1941-1945-ci illər Böyük Vətən müharibəsi zamanında Azərbaycandan 700 min adam cəbhəyə yollanıb, onların 400 mindən çoxu döyüşlərdə canından keçib. Azərbaycan bu müharibədə təkcə insan resursları ilə iştirak etməyib. Həmin illərdə Azərbaycan nefti qələbənin əldə edilməsində müstəsna rol oynayıb. Böyük Vətən müharibəsi illərində SSRİ-də hasil olunan neftin 72 faizini Bakı verib. Bu isə o deməkdir ki, döyüşə gedən hər 10 tankın, hər 10 təyyarənin 7-si Bakı nefti ilə işləyirdi.

"2015-ci il mayın 9-da faşizm üzərində qələbənin 70 illik yubileyi qeyd edilir. Bu Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynamışdır”, - deyə filmin baş prodüseri Arzu Əliyeva izləyicilərə müraciətində qeyd edir.

Arzu Əliyevanın sözlərinə görə, "Hədəf Bakıdır” sənədli filminin yaradılmasında əsas məqsəd Azərbaycanın qəhrəmanlıq tarixini yaşatmaq, onu böyüməkdə olan gənc nəslə və dünya ictimaiyyətinə çatdırmaqdır."Bu film, eyni zamanda, müharibənin ağrı-acısını yaşayan bütün insanların – ön cəbhədə döyüşənlərin, eləcə də arxa cəbhədə gərgin əməyi ilə böyük qələbəni yaxınlaşdıran insanların xatirəsinə dərin hörmət və ehtiramımızın təzahürüdür”,- deyə filmin baş prodüseri bildirib.

Qeyd edək ki, filmin çəkilişləri Bakı Media Mərkəzi və Fransanın sənədli film istehsalı sahəsində tanınmış "Clarke Costelle&Co” (CC&C) prodakşn şirkəti tərəfindən aparılıb.

"Clarke Costelle&Co” şirkətinin İkinci Dünya müharibəsindən bəhs edən digər filmini – "Apokalipsis: II Dünya müharibəsi” adlı ekran əsərini 171 ölkədə 1 milyarddan çox tamaşaçı izləyib.

İstehsalı 14 ay davam edən "Hədəf Bakıdır” sənədli filmi çərçivəsində Azərbaycan, Almaniya, ABŞ, Böyük Britaniya, Fransa, Rusiyada tədqiqatlar aparılıb, bu ölkələrin arxivlərindən 200 saatdan çox videomaterial, foto və digər sənədlər araşdırılıb.

Filmdə İkinci Dünya müharibəsinin tarixinə tamamilə yeni baxış bucağından – neft uğrunda savaş prizmasından baxılır. Tamaşaçilar, həmçinin İkinci Dünya müharibəsinin ayrı-ayrı döyüş səhnələrinə dair bu günə kimi nümayiş etdirilməyən videokadrları yeni təqdimatda – bərpa olunmuş rəngli formatda seyr edəcəklər.

Bu sənədli ekran əsəri Azərbaycan dili ilə yanaşı, rus, ingilis, fransız, alman, italyan və digər dillərə də tərcümə olunub.

Heydər Əliyev Mərkəzindəki təqdimat mərasimindən sonra filmin mayın 8, 9-u və 10-da "National Geographic” kanalı vasitəsi ilə 26 ölkə üzrə nümayişi keçiriləcək.