PUBlarımız, İctimaiyyət evi, yoxsa «публичный дом»? … 18+ (tənqidi yazı)

Pub sözü ingilis dilindən gələn Public House sözünün qısaldılmış variantıdır. Yəni "İctimaiyyət evi”… Əslində publar istirahət etmək, spirtli içki içib, xoş mühit və musiqi sədaları altında dincəlmək, dostlarla ünsiyyətdə olmaq üçündür. Azərbaycandakı pubların çoxusu rusların dilində olan«публичный дом» u xatırladır. Yəni ki, fahişəliklə çoxdan məşğul olan və ya məşğul olmağa başlayan qızların saxlandığı məkandır.

Belə baxanda, bizdə nə düzdür ki, bu da düz olsun. Bizdə nə təyinatı üzrə istifadə edilir ki, bura da təyinatı üzrə olsun. Biz əylənməyi, dincəlməyi bacarmırıq. Azadlığı isə başqa orqanımız ilə qəbul edirik. Anlamaq üçün baş və başda beyin lazımdır. O da ki, olmayandan sonra kimi və niyə, necə qınayım?

Puba çox zaman özünü müasir, komplekssiz, yaradıcı, azad yaşamağı seçən və əyləncəni sevən gənc insanlar gəlir.

Əslində, publar pubı yaradan İngiltərə kimi ölkələrdə sosial mədəniyyətin tərkib hissəsidir. Yəni ingilis mədəniyyəti və mühafizəkarlığı barədə ən azı məlumatlısınız. Pub spirtli içkilərin satıldığı və dostların, tanışların yığılıb əyləndiyi məkandır. Mədəni məkandır. Kiminsə kiminləsə işi yoxdur, içir, əylənir, gedir hara istəyir.

İçməyə pis baxmıram, özüm də içirəm. Əyləncəyə də pis baxmıram. Özüm də əylənirəm. Siqaret çəkməyə də normal yanaşıram. Daha həddini aşmamaq və səhhətə ziyan vurmamaq, cana qəsd etməmək şərtilə…

Şəxsən mənimbizdə puba gedənləri və pub mühitini öyrənmək üçün bir neçə dəfə fərqli publarda olmağıma ehtiyac vardı.

Səviyyəli, özünə hörmət edən pub mədəni insanları özünə cəlb edir.

Digər publar isə görüntü yaradır ki, mədəni, intellektual və müasir gəncləri yığır. Əslində isə…

İçə bilməyən içməsin. İçə bilməyəni içirtməyin. Çəkə bilməyən, çəkməsin, çəkə bilməyənə çəkməyə nəsə verməyin, nə siqaret, nə qəlyan…

Pub mühiti bizdə belədir:

Bir tərəfdə pivə və ya digər spirtli içki içən gənclər dostlarla yığışıb sakit musiqi və ya əyləncəli musiqi sədası altında ünsiyyətdə olur, dincəlir, ya da sakitcə və mədəni şəkildə rəqs edir.

Digər tərəfdə içməyi bacarmayıb içənlər özlərini sırımağa adam axtarır, oğlanlar baxışları ilə qız tutmağa çalışır, qızları marıtlayır, qızlar isə içib açarını itirəndən sonra az qala hər oğlanın önündə erotik rəqs edir və ya az qala striptiz göstərir.

Bizdə pub deyəndə siqaret tüstüsü və iyindən boğulmaq, özlərini əlləşdirməyə kişi axtaran qızlar, içib açarını itirənlər yada düşür. Hər pub belə deyildir.

Onu da qeyd edim ki, mən belə yerlərə tək getmirəm. Həmişə yanımda bir yaradıcı dostum olub və olub bitənləri birlikdə müşahidə edirik.

Maraqlı burasındadır ki, bir çox puba gedən kişilərimiz ora gedən qızlarımıza pis və əxlaqsız kimi yanaşsa da, qadın cinsindən olan dost və tanışlarını ora aparırlar. Yəni belə çıxır ki, belə qızlara pis baxdıqları halda, onlarla dostluq edir və onlarla puba gedirlər. Bu isə ikiüzlülükdür. Ora kimisə aparırsa, deməli şüuraltı ona seks və ya potensial fahişə kimi yanaşır.

Dostlarımla puba getdiyim zaman məni tanıyanlar kənarda təəccüblə baxırdılar ki, Günel hara, pub hara?! Məni gerçəkdən və yaxından, yaxşı tanısaydılar və yaradıcılığımla tanış olsaydılar, bilərdilər ki, mən nəyisə yazmamışdan öncə, mövzunu seçir və o mövzunun mühitinə düşürəm. Yəni, bir yazıçı və tənqidçinin pubda olması normal yanaşılmalıdır.

Şəxsən pubda ən azı 8 dəfə olmuşam və hər dəfə fərqli publarda olmuşam. Ən çox bəyəndiyim iki pub var, birinin adı Liondur, sahil parkı tərəfdə yerləşir. Orada işıq var, göz yorulmur, musiqi sakitdir, ağız deyəni qulaq eşidir, işçiləri normal və etik insanlardır. O puba gələnlər normal, xarici və ya yerli işgüzar adamlardır, kiminləsə işləri yoxdur. Bu puba bir dəfə 3 illik dostum Eminlə getmişəm, bir dəfə də rəfiqələrimlə oturmuşam. Çox bəyənmişəm. Kimsə kimisə marıtlamır, kimsə kimisə güdmür, kimsə kiməsə girişmir. Əsl ictimai mədəni məkandır. İçirsən, yemək istəyəndə yeyirsən, ünsiyyətdə olub, gülür, zarafatlaşırsan, istəyəndə, musiqiyə uyğun rəqs edirsən (daha fahişələr kimi erotik rəqs edib müştəri tutmursan) və sonra çıxıb gedirsən. Əsl istirahətdir, mədəni istirahət.

Olan hadisələr:

  1. Bir dəfə dostumla puba getmişdim. Bu pub da şəhərin mərkəzində yerləşir. Bir qız rəfiqəsi ilə puba gəldi. Qızın ad günü idi. Rəfiqəsilə qeyd edirdi. Qız başladı içməyə. İçəndən sonra paltarını soyundu. Başladı bərkdən danışıb-gülməyə, seksual rəqs etməyə. Kənarda sakit oturan hər kəsin diqqətini cəlb etdikcə, sanki həzz alırdı. Sonra kimsənin əməli bir tədbir görmədiyini görüb, şəxsən bir-bir masalara yaxınlaşıb, rəqs etməyə başladı. Sanki rəqqasədir və göbək rəqsi edir və ya striptiz şou göstərdi. Pub əhlinin çoxusu xarici və qərb cəmiyyətinin adamları olduğundan soyuq idilər. Münasibət bildirmirdilər. O qızın yerinə mən utandım və azərbaycanca danışmamağa başladım ki, azərbaycanlı olduğum bilinməsin. O hadisədən sonra o puba getmədim. Çünki hər dəfə o pubın önündən keçəndə eyni simaları görürəm və o hadisə yadıma düşür. Sonda hesabı verib, oradan getdik.
  2. Bir dostumla şəhərin mərkəzində yerləşən bir puba getmişdim. Bu puba müasir, mütaliəli, yaradıcı insanlar yığışır. Adəti üzrə sakit yerdir, canlı musiqi olur, kiminsə kiminləsə işi yoxdur. O pubda olarkən, dostum pivə və mənə içki, yemək sifariş etməyə gedəndə, bir mənzərə ilə qarşılaşdım. Yanımızdakı stolda iki oğlan bir qız oturmuşdu. Qız türk dilində danışırdı. Oğlanlarla ağıllı, məntiqli söhbət edirdilər. Çox bəyəndim ki, nə yaxşı tolerant, ağıllı gənclərdir. O ki, qız getdi, bir dost o birisinə "mənlik deyil, istəyirsən sənin olsun, pub qızıdır da, ağlın nə kəsir” dedi. İstədim əlimdə olan çantanı onun başına keçirdim. Qızın yanında özünü ağıllı və müasir, tolerant, savadlı aparırsınız, amma düşüncəniz Azıx mağarasında sümükləri qalmış əcdadlarınızın səviyyəsindədir. Elə səviyyəsiz bilirsənsə, nə işin var o qızla pubda, ya elə əxlaqsız, yüngül yanaşırsansa, özünü niyə ağıllı, savadlı göstərirsən? Əxlaq və mədəniyyət, cəsarət və doğruluqdan uzaq adamları adam hesab etmirəm. Belələri kişi deyil.
  3. Bu yaxınlarda başqa bir puba getdik. Burada müasir, azad düşüncəli gənclər var idi. Çoxusu içkili idi. Bir qismi öz hayında idi. Hamı sanki bir-birini tanıyırdı. Qızlar nəyi isə qeyd edirdi. Bir qız çox içdiyindən dəfələrlə tualetə getdi, çünki ürəyi bulanırdı. Bu qədər içməyə və içirdilməyə ehtiyac varmı? Digər qızlar 2 nəfər onları gözləri ilə süzən, yeyən oğlanla oturmuşdu. Sonra həmin qızlar başqa oğlan və qızlara yanaşmağa başladılar. Qızlar hələ çox gənc idi, uşaq sifət idilər. Di gəl, içəndən sonra o yaşda siqaret çəkən, o soyuqda yüngül geyinən, çox içib seksual rəqs edən qızlarımız öz sağlamlıqlarının qədrini niyə bu yaşdan bilməməyə başlayıblar. Bu qızlar hətta elə bil sevgi, əlləşdirilmək, sevişmək və sevilmək üçün bir kişi axtarırdılar. Biz orada olanadək iki polis də gəldi, yarımsaat oturub, müşahidə edib getdi. Biz çıxıb gedənədək həmin qızlar ən azı 4 oğlana girişdilər. Oğlanlar bir az əl atıb əzizləyəndən sonra qızları sadəcə baxışları ilə süzürdülər. Kim necə istəyir geyinsin, içsin, əylənsin, bir şərtlə ki, bunu bacarsın və başqalarına mane olmasın. Bir qız hətta necə ritmə düşmüşdüsə, az qala üst paltarını soyunub striptiz oynayacaqdı.

Bütün bunları müşahidə edəndən sonra bir daha əmin oluram ki, bizim gənclərimiz nə içməyi, nə əylənməyi bacarır. Onlar üçün əyləncə bir partnyor tapıb sevişməkdir. Azadlıq əxlaqsızlıq deyildir.

Bir çox publar mənə Public House yox,«публичный дом»u xatırlatdı. Tüstüylə dolmuş siqaret və spirtli içki qoxusu dolmuş, alçaq tavanlı, qaranlıq bir məkandır. Sanki Şeytan məkanıdır.