Qaçaqaçda olan Eldar Namazov və Rüstəm İbrahimbəyov

İradə və intiqam alovunu meydanlarda alışdırmaq istəyi yuxularını da ərşə çəkib. Hardansa sehrbaz bir qüvvənin peyda olacağına ümid də var. Nə yazıq ki, bu düşüncənin içində "mitinq həzrətləri”nin liderliyə əminlik sevdası çox güclüdür.

 

Həftənin hesabatını təqdim edirəm.

 

Təbiətin Milli Şuraya "hədiyyəsi”

 

Deyirlər ki,  hərə bir tərəfdə öz gününə ağlayır. Meydanlarda insanları mitinqlərə çağıranların dərdi isə  nə çəkiləsidir, nə də deyiləsi. Aranla, Turanla işim yoxdur ha!. Milli Şuranı deyirəm. Sentyabrın 11-də "Məhsul” stadionunda keçirdikləri mitinqin "duzu” bir balaca çox olub deyə hamısının susuzluqdan ciyəri yanıb. Hətta, o dərəcədə suya ehtiyac yaranıb ki, növbəti mitinqdə ana təbiətlə ulu Tanrı əl-ələ verib meydanı okeana çevirdilər.

 

Görəsən, ilahi ədalətsizliyə qarşı hansısa məhkəməyə müraciət olunacaqmı?!

 

Zarafat bir yana. Milli Şuranın ikinci mitinqi onu göstərdi ki, ümumilikdə müxalifət cameəsinin  at nalına, göz muncuğuna, ya da dəvə tükünə ehtiyacı var. Görünür, o boyda bəy əfəndilər birinci mitinq zamanı meydanın başında referendumqabağı elə odlu-alovlu nitq söylədilər ki, digər müxalifət partiyalarının nəzərinə tuş gəldilər.

 

Deyirəm, heç olmasa, 11 sentyabr mitinqində rəsmi açıqlamaya görə 2500 nəfəri çətirlərinin altına toplaya bilmişdilər.  Onların verdiyi stimul Milli Şuranı elə həvəsləndirdi ki, ikinci dəfə mitinq keçirmək qərarına gəldilər.  

 

Di gəl ki, təbiət yağış məsələsində Milli Şuraya qarşı nə qədər  "səxavətli” davransa da,  çətir məsələsində bir o qədər də "xəsislik” etdi.

 

Maraqlısı odur ki, bütöv müxalifətin bir istəyi var. O da öz dediklərinə görə xalqa, topluma qahmar çıxmaqdır. Di gəl ki, özləri bir araya gəlib bütöv qərarlar verə bilmirlər. Müxalifət bomba düşmüş binanı xatırladır. Hərə bir tərəfdə "Ambulans” axtarır. Bir müxalifət partiyasının sözü o birisinin boğazından keçmir. Məsələn, referendumqabağı keçirilən mitinqlər bir daha  müxalifət dairəsində vəziyyətin  bərbad olduğunu göstərdi.

 

Ümumi şüarlar altında hərəkət etsələr də, hər ocaqda ayrıca bir "qazan qaynayır”. Yəni Milli Şura və Müsavat eyni şüarlar altında ayrıca mitinq keçirir. Öz aramızdı, maraq olmasa, heç kəs özünə bu formada əl qatmaz. Demək ki, maraqlar ümummilli dəyərləri kölgədə qoymağa hesablanıb. ADP sədri Sərdar Cəlaloğlu demişkən, mitinq təşkil edənlərin əlavə divident qazanmaq istəkləri var.

 

Eldar Namazov və Rüstəm İbrahimbəyov nə düşünür?!

 

Milli Şuranın siyasi "bəzəklərindən” olan Eldar Namazov həmişə qaçaqaçdadır. Həm də Eldar Namazovun siyasi taktikası çox güclüdür.

 

Kənar müşahidələrini ehtiyatla analiz edən Namazov, dəstək üçün həmkarlarına göndərdiyi "islanmış məktublar”a görə  güman ki, çox "üzülüb”.

 

Ümumiyyətlə, Eldar Namazov atdığı hər addımda çalışır ki, nə şiş yansın, nə də kabab.

 

Gah Moskvada, gah da Amerikada qərar tuta bilməyən İbrahimbəyov isə susqunluq nümayiş etdirir. Milli Şuranın fəxri sədri olsa da, Milli Şura üçün yox, Bakı üçün çox darıxdığını deyir. Bir vaxtlar burnunun ucu göynədiyi Bakıda aman-zaman bir qardaşı vardı. Sağlığında qardaş kimi bir araya da gələ bilmədilər. Nə isə. Reallıq odur ki,  İbrahimbəyovun həyatının ən gözəl vaxtları geridə qalıb.

 

"Necəsiniz” sualının qarşılığında hisslərinin kövrək olduğu anında duyulur. Belə görünür ki, siyasəti analiz etməyə daha İbrahimbəyovun fiziki gücü qalmayıb.  Milli Şura ilə bağlılığına gəlincə, yalnız bir reallığı söyləmək olar.

 

Rüstəm İbrahimbəyov Milli Şuranın "adı var, özü yox” silsiləsində yer alır.

 

Nə isə. Müxalifət ötən həftəni mitinqlər bölməsi ilə "bəzəməyə” çalışdı. Yenə də ciddi heç nə baş vermədi. YAP rəsmisi Siyavuş Novruzov isə Milli Şuranın mitinqinin biabırçı səviyyədə olduğunu söylədi. Nə deyək. Siyavuş müəllimdən onsuz da başqa açıqlama gözləmək sadəlövhlük olardı...