Pakistanın nüfuzlu DNA xəbər agentliyi və "Centreline” jurnalında "ATƏT müşahidəçiləri Ermənistan hərbçiləri tərəfindən atəşə tutulmuşdur” başlıqlı məqalə dərc edilib.
Bu barədə Trend-ə Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumatda bildirilir.
Məqalədə əvvəldən əldə olunmuş razılıq əsasında ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və onun sahə işçiləri təmas xəttində atəşkəs rejimini yoxlamaq məqsədilə monitorinq apardığı zaman, Ermənistan hərbçiləri tərəfindən Azərbaycan mövqelərinə, eyni zamanda ATƏT nümayəndələri istiqamətində mütəmadi və aramsız atəş açıldığı, nəticədə ATƏT müşahidəçilərinin Azərbaycan ordusunun mövqelərinə sığınmağa məcbur qaldığı bildirilir.
Qeyd olunur ki, hadisənin şahidi olan Azərbaycan Müdafiə Nazirliyinin əməkdaşlarının sözlərinə əsasən, ATƏT nümayəndələrinin atəşin dayandırılması məqsədilə qarşı tərəflə əlaqə saxlamış və atəşin dayandırılmasını tələb edib. Atəşin açıldığı mənbənin və istiqamətin açıq aydın məlum olmasına baxmayaraq, ATƏT tərəfindən 29 oktyabr 2015-ci il tarixində dərc olunmuş bəyanatda sözügedən hadisənin qeyd olunmaması və atəşkəs rejimini pozan tərəfin adlandırılmaması təəssüf hissi doğurub. Lakin ATƏT-in bu addımı Ermənistan tərəfini sözügedən hadisə və bir çox digər təxribatlara görə məsuliyyətdən azad etmir.
Azərbaycan dəfələrlə Ermənistan hərbçilərinin atəşkəsi mütəmadi şəkildə pozduğunu və silahlı təxribatlar törətdiyini dünya ictimaiyyətinin diqqətinə çatdırıb. 2015-ci ilin yanvar ayından Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması və təxribatları daha da artmış, qadın və uşaqlar da daxil olmaqla bir çox mülki vətəndaşların ölüm və yaralanmasına səbəb olmuşdur. Cari ilin sentyabrında Nyu-Yorkda danışıqların növbəti mərhələsindən öncə, Ermənistan atəşkəs pozuntularını dəfələrlə artırmış, ağır silahlarla Azərbaycanın mülki əhalisinin məskunlaşdığı bölgələri hədəf almışdı.
Məlumatlarda qeyd olunur ki, 27 oktyabr 2014-cü ildə Fransa prezidenti tərəfindən təşkil olunan Azərbaycan və Ermənistan prezidentləri arasındakı növbəti danışıqlardan dərhal sonra, Ermənistan ordusu Azərbaycanın işğal olunmuş ərazilərində irimiqyaslı təlimlərə başlamış, ona məxsus iki helikopter Azərbaycanın hava məkanını pozmuş, Azərbaycan ordusunun mövqelərinə yaxınlaşaraq hücum manevri etmiş, cavabında onlardan biri vurularaq yerə salınmışdır.
Məlumatları aşağıdakı linklərdən oxumaq olar:
http://www.dnanews.com.pk/osce-conducts-ceasefire-monitoring-exercise-at-occupied-territories-of-azerbaijan/
http://www.centreline.com.pk/osce-conducts-ceasefire-monitoring-exercise-at-occupied-territories-of-azerbaijan/