“Qeyri-rəsmi pul yığma halları qanunsuzdur"

"Yuxarı siniflərdə təmayülləşmə bütün məktəblərdə eyni vaxtda tətbiq edilməyəcək".Təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib ki, təmayülləşmə seçilmiş və birbaşa nazirliyin tabeliyində olan məktəblərdə tətbiq olunacaq: "Məqsəd şagirdlərin akademik göstəricilərinə və maraqlarına uyğun onların əhəmiyyətli hesab etdiyi fənlər üzrə təmayülləşə bilməsidir”.

Orta məktəblərdə Avropa Oyunları adı altında pul yığılması barədə sualı cavablandıran nazir qeyd edib ki, istənilən qeyri-rəsmi pul yığma halları qanunsuzdur: "Təhsil Nazirliyi tərəfindən istənilən müraciət diqqətlə araşdırılır. Bəzi hallarda belə məlumatlar yoxlanılmadan yayılır. Nazirliyin "qaynar xətt”inə pul yığılması halları ilə bağlı müraciət daxil olmayıb. Mətbuatda yazılana görə, son zamanlar belə hal Xaçmazın kəndlərindən birində qeydə alınıb. Bununla əlaqədar müvafiq araşdırma aparılıb”.

Nazir həmçinin iyulda Bakıda keçiriləcək Beynəlxalq Kimya Olimpiadasında Ermənistan nümayəndə heyətinin iştirakı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Nazir deyib ki, ermənilərin olimpiadada iştirak edib-etməməsinə dair Beynəlxalq Olimpiada Təşkilat Komitəsi tərəfindən müraciət daxil olmayıb.