"Bundan sonra layihəsi keçməyən QHT-lərin təqdim etdikləri layihələri istəsələr, mediada dərc etməyə hazırıq”. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Fərasət Qurbanov qurumun 2016-cı il üçün elan etdiyi qrant müsabiqəsi ilə bağlı keçirdiyi məlumatlandırma sessiyasında söyləyib. O, həmçinin, qeyd edib ki, layihələri qiymətləndirən ekspertlərin də rəylərini dərc etməyə hazırdırlar: "Bundan sonra QHT-lər təqdim etdikləri layihənin nə qədər bal topladığını öyrənə biləcəklər. Biz ekspert rəylərini də dərc etməyə hazırıq. Görək, narazı qalan QHT-lər də buna razı olacaqlarmı? Biz, ötən 8 ildə QHT-lərin gücünü, layihə icra etmə səviyyələrini, ayrılmış maliyyə ilə davranmalarını yaxşı bilirik. Ona görə də, artıq heç kim layihəsinin keçməsinə dəstək olunması xahişi ilə gəlib Şuraya müraciət etməsin”.
Müsabiqələrə təqdim olunan layihələrin hazırlanmasından narazılığını dilə gətirən F.Qurbanov bəzi QHT-lərin icrası mümkünsüz olan layihələrlə müraciət etdiyini vurğulayıb: "Görürsən ki, ahıllarla bağlı layihə təqdim olunur. Kimsəsiz ahıllara təlim keçmək istəyirlər. Ancaq heç kim düşünmür ki, bəlkə, bu qocaları bir avtobusla Qubaya, Qəbələyə aparmaq olar... Övlad nəvazişindən məhrum olmuş bu insanları harayasa gəzməyə aparmaq, bilirsiniz nə qədər insani addımdır? Ancaq, heç kim bu cür sosial layihələrə qol qoymaq istəmir. Yalnız özlərinə sərf edən layihələri təqdim edirlər. Biz layihələrin qiymətləndirilməsi prosesində effektivlik və reallığı nəzərə alacağıq”.