Şura üzvü Əliməmməd Nuriyev görüşün təşkilinə görə Şura Katibliyinin əməkdaşlarına təşəkkürünü bildirib. Ə. Nuriyev Şuranın hər il "narkomaniyaya, korrupsiyaya, insan alverinə və terrorizmə qarşı mübarizə” istiqaməti üzrə onlara QHT-nin layihəsini maliyyələşdirdiyini qeyd edib. Şura üzvü ötən müddət ərzində layihələrin icrası zamanı qazanılan təcrübə və qarşıya çıxan problemlərin həlli mexanizmlərinin ciddi müzakirəsinə ehtiyac olduğunu deyib: "QHT-lərin həyata keçirdiyi layihələr benefisiarlar üçün cəlbedici olmalıdır. Layihələrdə kiçik həcmli maliyyə ilə reallaşdırılması çətin olan çoxsaylı fəaliyyətlərin əvəzinə asan icra edilə biləcək bir neçə fəaliyyət hədəf götürülərsə daha effektiv nəticə əldə etmək mümkündür. Şura hər il müsabiqə mövzularını müəyyən etmək üçün tədbirlər təşkil edir. Bu tədbirlərin məqsədi QHT-lərin ictimaiyyəti düşündürən mövzular üzrə fikirlərini dinləmək, innovativ ideya və təkliflərini toplamaqdır. QHT-lərin problemin təsvirini hazırlayarkən layihəni həyata keçirməyi planlaşdırdığı regionda müvafiq mövzu ilə bağlı vəziyyəti ciddi təhlil etməsi, öyrənməsi lazımdır. Şablon və ümumi izahatlarla kifayətlənmək doğru deyil”.
QHT rəhbərləri Mahirə Əmirhüseynova, Əhməd Abasbəyli, Taleh Əliyev, Nəsrulla Nəsrullayev, Məlahət Abbasova, Cəsarət Hüseynzadə, Zemfira Mustafayeva, Mehriban Abdullayeva, Ceyhun Abbasov, Vüqar Hacıyev və digər şəxslər çıxış edərək layihələrinin icra prosesi zamanı qarşılaşdıqları məsələlər haqqında danışaraq rəy və təkliflərini bildiriblər.