İltimas Məmmədov: "Nəticə çıxarmaq vacibdir"
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) nizam-intizamın möhkəmləndirilməsi, iş fəaliyyətinin səmərəli təşkilinə həsr olunmuş müşavirə keçirilib. Nazirlikdənverilən məlumata görə, müşavirədə Respublika Rabitə İşçiləri Veteranlar Şurası və Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrləri də iştirak edib.
RYTN-in birlik və müəssisələrinin video-bağlantı ilə qoşulduğu müşavirədə rabitə və yüksək texnologiyalar naziri vəzifəsini müvəqqəti icra edən, nazirin birinci müavini İltimas Məmmədov prezident İlham Əliyevin 12 noyabr 2015-ci il tarixli Sərəncamı ilə Əli Abbasovun nazir vəzifəsindən azad edilməsini diqqətə çatdırıb.
O qeyd edib ki, rabitə və yüksək texnologiyalar sahəsi ölkə iqtisadiyyatında və cəmiyyətin həyatında mühüm əhəmiyyətə malikdir, eyni zamanda ölkəmizin davamlı inkişafı üçün prioritet sahələrdəndir.
İ.Məmmədov bildirib ki, cəmiyyətin müasir rabitə və informasiya texnologiyalarına olan tələbatını yüksək səviyyədə təmin etmək üçün dünya təcrübəsi əsaslı şəkildə öyrənilir, sahə üzrə ən müasir yeniliklərin ölkədə tətbiqi imkanları dərindən araşdırılır. Bununla belə, rabitə sahəsində qurulmuş və inkişaf edən düzgün texniki siyasətə baxmayaraq, RYTN-in strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların ayrı-ayrı məsul şəxsləri tərəfindən ciddi qanun pozuntuları üzrə Respublika Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparıldığı, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda mənimsəmə və vəzifə saxtakarlığı faktları ilə əlaqədar ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirinin seçildiyi bildirilib. Baş vermiş hadisələrdən nəticə çıxarmağın, əmək ahənginin normal saxlanılmasının və daha yüksək məsuliyyətlə fəaliyyətin təşkilinin vacibliyi qeyd olunub.
Müzakirələr zamanı Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov, Rabitə İşçiləri Veteranlar Şurasının sədri İsfəndiyar İbrahimli və Bərdədən ağsaqqal rabitəçi Vahid Şərifov çıxış ediblər.
Müşavirənin sonunda İ.Məmmədov əmək fəaliyyətində köklü və müsbət dəyişikliklər edilməsi, əmək və maliyyə nizam-intizam qaydalarına ciddi əməl olunması, rabitə obyektlərinin qış mövsümünə tam hazırlıq vəziyyətinin, eləcə də rabitə sahəsində bütün istiqamətlər üzrə profilaktik tədbirlərin daim diqqətdə saxlanılması, vətəndaş müraciətlərinin baxılmasının operativliyinin təmin olunması və s. məsələlərlə bağlı aidiyyəti rabitə birlik və müəssisələrinə müvafiq tapşırıqlar verib. Eyni zamanda qarşıdan 6 dekabr - rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin peşə bayramı, 2-5 dekabr - 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı "Bakutel2015” kimi əlamətdar günlərin yaxınlaşdığı bildirilib və 20 noyabr - 20 dekabr tarixlərində "Yüksək xidmət aylığı”nın keçiriləcəyi və bütün rabitə birlik və müəssisələrində xüsusi iş rejimində çalışacaqları nəzərə çatdırılıb.