“Referendum zamanı yaşlı qadının dedikləri hələ də qulaqlarımdadır”

Prezident İlham Əliyev 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq hüquqi aktların layihələrinin hazırlanması barədə sərəncam imzalayıb.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Eldar İbrahimov Modern.az-a açıqlamasında sərəncamı şərh edib.

"Referendum Aktının təsdiq olunması onu deməyə əsas verir ki, orada əks olunmuş məsələlərin icrası insanların rifahına çox müsbət təsir edəcək. Təbii ki, prezident üsul-idarəsinin yeni tərtibatı, prezidentin özünə vitse-prezidentlər götürməsi hakimiyyətin daha da möhkəmlənməsi deməkdir. Seçimlərlə bağlı 18 yaş həddinin aradan götürülməsi çox yaxşı haldır. Əgər gənc insan kiməsə səs verə bilirsə, özü niyə seçilməsin?! Referendum Aktında çox yaxşı fikirlər əks olunub. Bir məqamı qeyd etmək istəyirəm. "Yeni Azərbaycan” təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi kimi, seçkilər zamanı yaşlı qadının dedikləri hələ də qulaqlarımdadır. Soruşdum ki, "burada nələr yazıldığını oxumusanmı?”. Cavab verdi ki, "oxumağa ehtiyac yoxdur. Prezidentimin qurduğu sistemə səs verirəm. O, hər birimizin prezidentidir. O, nə deyirsə, düz deyir”. Referendumun uğurlu keçməsi onun nəticəsi idi ki, insanlar prezidentinə inanır”.


Eldar İbrahimov, yeniliklərdən də söz açıb.

"Referendumda əks olunan məsələlər qanunlarda öz əksini tapacaq. Yeni qanunlar qəbul olunacaq. Referendumun keçirilməsi zamanın tələbi idi. Zaman yetişdi və keçirilməsi tələb olundu. Eyni zamanda, Referendum Aktında əks olunan məsələlər bir çox sahələrdə olan süründürməçiliyə son qoyacaq. Yeni mexanimzlər yaradılacaq. O baxımdan ki, insanlar müxtəlif sahələrdə süründürməçiliyə rast gəlməsinlər. Rahat işlərini həyata keçirə bilsinlər. Bunlar da cəmiyyətimizə verilən ən böyük töhfədir”.