Bakılı veteran İsmayıl Qasımov Böyük Vətən müharibəsi ilə bağlı xatirələrini danışıb.
ANS-in
 məlumatına görə, İsmayıl Qasımov Azərbaycandan Moskvaya Qələbənin 
70-illiyi ilə bayram tədbirlərinə dəvət edilən üç veterandan biridir.
Qasımov
 şərəfli döyüş yolu keçib. O, kömürlə Reyxstaqın pillələrində öz adını 
yazmasından və Berlinə qədər öz uzun döyüş yolundan danışıb.
İndiyə qədər cəbhədə keçirdiyi hər dəqiqəni belə xatırlayan veteran ağır günləri yada salıb:
"Ağır
 və şərəfli günlər keçirmişik. Vətən torpağının hər qarışı uğrunda 
vuruşurduq. 1941-ci ilin sentyabrında Kirovabad (indiki Gəncə şəhəri) 
29-cu dəmir yolu məktəbinin 10 sinifində oxuyurdum. Sinfə komsomolun, 
raykomunun katibi və hərbi komissarlıqdan olan kapitanla birlikdə məktəb
 direktoru girdi. Kapitan dedi ki, cəbhələrdə ağır vəziyyət yaranıb, 
Sovet qoşunları müvəqqəti geri çəkilir və yeni güclər lazımdır. Sinifdə 
cəmi dörd oğlan idi. Bizimlə birgə iki qız ayağa qalxdı. O vaxtdan 
Berlinə qədər hər şey yadımdadır. Kömürlə Reyxstaqın pillələrində öz 
adımı yazdığımı həyatım boyu unutmaram. Həmin gün həyatımın ən gözəl 
günü idi”
Qeyd edək ki, bakılı veteranın 43 mükafatı var.