"Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü istisnasız olaraq Azərbaycan diplomatiyasının və şəxsən İlham Əliyevin növbəti qələbəsi, hücum siyasəti doktrinasının isə təntənəsi hesab edilməlidir. Məsələnin mahiyyətini anlamaq üçün Şarl Mişelin görüşün yekunlarına dair bəyanatına mütləq konseptual yanaşmalıyıq".
Bu sözləri “Report”a açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, Ermənistan açıq şəkildə etiraf etməsə də əvvəlki 3 görüş üzrə razılaşmaların icrasında maraqlı olmayıb: "Bu mənada ötən gün yeni təmaslarda İrəvanın sülh müqaviləsinin mətni üzərində iş aparmaq üçün işçi qrupun formalaşdırılması barədə razılıq verməsi proseslərin gedişatında mühüm bir səddin keçilməsi anlamına gəlir. Beləliklə, davamlı olaraq sülh razılaşmasına dair qəti addımlardan yayınan Ermənistan nəhayət bu istiqamətdə ilkin razılığını ifadə etməyə məcbur olaraq yaxın bir ay ərzində xarici işlər nazirlərinin sülh razılaşmasının mətni üzərində iş aparılması barədə öhdəlik götürüb. Bu, o deməkdir ki, Prezident İlham Əliyev necəki Vətən müharibəsində, Fərrux və Qisas əməliyyatlarında hərbi məcburetmə tədbirləri ilə Ermənistanı məlum gedişata məcbur etdi, ötəngünkü görüşlə də Azərbaycan lideri diplomatik məcburetmə tədbiri ilə Ermənistanı sülh sazişi üzrə işçi qrupun yaradılması barədə öhdəlik götürməyə məcbur etdi".
B.Məhərrəmov deyib ki, dördüncü Brüssel görüşünün diqqət çəkən digər vacib məqamlarından biri Qarabağ mövzusunun gündəmə gəlməməsidir: "Xatırlayırsınızsa, avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində də İlham Əliyev qəti olaraq bildirmişdi ki, “Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur. Ermənistanın buna nə dəxli var? Bu, bizim daxili işimizdir”. Bu bəyanatdan sonra praktik təmaslarda görüş mövzusunun Azərbaycan Prezidentinin beynəlxalq hüquqa əsaslanan iradəsi əsasında davam etməsi, yəni Azərbaycanın ümumtanınmış ərazisi olan Qarabağın müzakirə mövzusu olmaması ədalətli yanaşma ehtiva etməklə bərabər özlüyündə Bakının mühüm qələbəsidir. Habelə, Brüssel görüşündə ümumiyyətlə ATƏT-in Minsk qrupu institunun adının çəkilməməsi, bununla da həmsədrlər instititutuna, hətta mümkün perspektivdə belə şans verilməməsi ömrünü başa vurmuş bu təsisatın dirçəldilməsi istiqamətində uğursuz səylərə də tutarlı və praktik cavab oldu".
"Brüssel prosesi ilə bağlı yekun qənaətimiz bunu deməyə əsas verir ki, proseslər Prezident İlham Əliyevin iradəsinə uyğun, Azərbaycanın irəli sürdüyü 5 prinsip daxilində, milli maraqlarımız tam şəkildə təmin olunmaqla inkişaf etməkdədir. Eyni zamanda Avropa İttifaqı və şəxsən Şarl Mişelin bu prosesdə rolu Azərbaycanın bütövlükdə bölgənin gələcəyinə təminat verən milli maraqlarına uyğundur və bu mənada Brüssel prosesinin davamında uğurlu yekun sülh sazişinə ümid etmək olar", - deputat vurğulayıb.