Şam alovu qədər ömür

Nepalda baş vermiş zəlzələdə həyatını itirmiş 5 yaşlı qızcığaz üçün


Narahat idi. İslanmış ağ donu lil bağlamışdı. Üşüyürdü. Balaca əllərində sıxdığı ayıcığa möhkəmcə sarılmışdı. Bu yay çox sərt olacaqdı. Ayaqları ağırlaşmışdı, yerindən tərpənə bilmirdi. Soyuq, dar otağın Günəş işığı düşəcək ən kiçik dəliyi belə yoxdu, nə də titrəyən bədənini isidəcək ən kiçik hənirti. Tək idi. 5 yaşlı ürəyi də, bundan sonra bu nəm otaqda tək qalacağını bilirdi. Hər kəsin gedişi o qədər ani oldu ki, ağlamağa belə vaxt tapmamışdı. İndi hər günü eyni olacaqdı. Nə görəcəyi röyaları, nə də oyanacaq sabahları qalmamışdı. Bitmişdi hər şey, ondan heç nə qalmamışdı. Bir şam alovunun yanmasına sərf edilən zamanda nə boyda ola bilərdi ki? Bir ovucluq torpaq boyda...

Yola çıxarkən, adamın gördüyü ilk iş xəyal qurmaq olur. Lakin onun başladığı bu yolda arzular ovuc-ovuc torpağa çevrilirdi. Haqqında bir dəfə də olsun, başlamasını düşünmədiyi bu yol sevmədiyi birinin qonaq gəlməsinə bənzəyirdi. Qarşılamaq üçün yerindən qalxmamış başının üzərini kəsdirmişdi. Sükut içindəki bu gəlişlər diksindirir. Dincliyini pozur. Rahatsızlıq olsa belə, nələrisə alır səndən. Adamlar sevmirlər dəvətsiz misafirləri, əsas da o heç sevilməyən olanda.  

 Nepal, Katmandu şəhəri. Səhər saat 06:45.

 Anasına baxıb geri çevrilməyi bir oldu. Çökən tavan üzərinə yorğan kimi örtüldü.

 - Niyə mənə elə baxırsan?

- Mən ölmüşəm.

- Nəəə?

- Mən ölmüşəm.

- Necə yəni?

- Mən ölmüşəm?

- Adın nədi, niyə narahatsan, danış mənə?

- Mən ölmüşəm.

- Axı danışırsan.

- Sən dəli olmusan, mən danışmıram.

- Bəs mən kimlə danışıram?

- Öz-özünlə.

- Cavab verirsən axı.

- Sən dəli olmusan, mən isə ölmüşəm.

- Bu ola bilməz.

- Mən ölmüşəm.

- Axıı....

- Ölmüşəm.

- Yaxşı, səni anladım. Heç olmasa mənə kömək et. Verdiyim suallara özümün cavab verməyimə kömək et. Sən kimsən?

- O ölkədən gəlmişəm.

- Hansı ölkədən?

- Ordan.

- Yaxşı anladım. Neçə yaşın var?

- 5 yaşım vardı.

- Vardı?

- Hə, mən ölmüşəm.

- Yaxşı, yaxşı anladım.

- Yox, anlamadın. Çünki mən ölmüşəm.

- Aha elə olsun. Gəl sənlə, başqa şeylərdən danışaq. Məsələn, böyüyəndə kim olacaqsan?

- Mən böyüməyəcəm.

 

 Mənsur Rəğbətoğlu