Sarkozinin prezidentliyə namizəd olmaq şansı azalır

Fransanın keçmiş naziri Alen Jyuppe sağçı Respublikaçılar Partiyasından prezidentliyə namizədliyin irəli sürülməsi uğrunda yarışda sabiq dövlət başçısı Nikolya Sarkozini inamla üstələyir. sabahinfo.az xarici mediaya istinadən xəbər verir ki, bunu Hams İnteractive şirkətinin keçirdiyi sorğunun nəticəsi də sübut edir.

 

Rəyi soruşulanların 40 faizi bəyan edib ki, səsvermənin birinci turunda Jyuppeyə, 31 faizi Sarkoziyə səs verməyə hazır olduqlarını bildiriblər.

 

Respondentlərin 14 faizi Fransanın keçmiş baş naziri Fransua Fiyona, 10 faizi isə keçmiş nazir Bryuno Le Meraya səs verməyə hazırdır.

 

Bundan əlavə, sorğunun nəticəsinə görə, ikinci turda Jyuppe 58, sarkozi yalnız 48 faiz səs toplaya bilər.

 

Sorğu oktyabrın 24-26-da keçirilib və 7 mindən çox adam iştirak edib.

Respublikaçılar Partiyasında ilkin seçkilər noyabrın 20-si və 27-də nəzərdə tutulub. Bu seçkidə təkcə partiya üzvləri yox, Fransanın bütün vətəndaşları iştirak edə bilərlər.

Fransada keçirilən sorğu göstərir ki, respublikaçıların namizədi 2017-ci ilin yazında keçiriləcək seçkilərdə qələbəyə əsas iddiaçı olacaq.